Saytımızı qiymətləndirin


 
 

22 mənzili vardı, indi 2 metrlik məzara sığıb…
Tarix: 29-01-2022 | Saat: 11:20
Bölmə:Karusel / Yazar | çapa göndər

22 mənzili vardı, indi 2 metrlik məzara sığıb…

10 aylıq məhbəs həyatından sonra ev dustaqlığına buraxılan, amma doğmalarının əhatəsində bir fincan çay içməyə macal tapmadan dünyasını dəyişən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib.

Bu xəbər media cameəsində şok effekti yaratdığı üçün tərəddüd etmədən hamı tirajladı. Demək istədiyim odur ki, mərhumun 30 milyonluq əmlakının müsadirə edilməsi təzə xəbər deyil, qəzet oxuyan, internetə çıxışı olan hər kəs dünəndən bu məsələdən xəbərdardır. 

Yaddaşı qısa olanlar üçün xatırladıram: Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Onun dövlətə vurduğu zərərin ödənilməsi üçün istintaq zamanı 30 milyonluq əmlakı üzərinə həbs qoyulub. Məhkəmə dünən həmin əmlakların müsadirə edilməsi barədə qərar çıxarıb.

“Kriminalqafqaz” V.Muradovun müsadirə edilən əmlaklarının siyahısını əldə edib. Dünən sizin kimi mən də həmin əmlakların siyahısı ilə tanış oldum. Desəm ki, gözlərim qaraldı, yalan olmaz. Nəslimə-nəcabətimə məxsus olan əmlakı üst-üstə yığsan, bunun yarısı eləməz. Təkcə Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Bəli, düz oxudunuz: 22 mənzil! Maraqlıdır ki, həmin binaların hər birində məhz 4 nömrəli mənzili alıb. Səbəbi şəxsən mənə məlum deyil. Hər halda 4 rəqəminin mərhuma düşmədiyi aydındır. Bəlkə də o 22 mənzildə üst-üstə 22 dəqiqə oturmaq Vidadi müəllimə qismət olmayıb.

Bu, Vidadi Muradovun əmlakının tam siyahısı deyil. Bakının Nərimanov və Xəzər rayonlarında torpaq sahələri, bağ evləri, Qubada torpaq sahəsi, villalar… 

Vidadi müəllim indi haqq dünyasındadır. Həyatda olanda onu tanımamışam, yaxından-uzaqdan heç bir əlaqəm olamyıb. Dövlətə 21,6 milyon manat zərər vuran adamı tanımamağım bəlkə də bir jurnalist kimi mənim zəifliyimdir. Bəlkə də bu cinayətin izinə vaxtında düşüb araşdırma aparsaydım, zamanında həqiqətləri üzə çıxarsaydım, dövlətimə az-çox xeyir verə bilərdim. Axı müharibədən sonra nəinki min manat, hətta bir manat da bizimçün böyük puldur. Doğma Qarabağ məhz həmin pulların hesabına dirçələcək, əvvəlki gözəlliyinə qovuşacaq…

Bu sətirləri yazmaqda bircə məqsədim var. Mən yazmasam da, siz çox yaxşı bilirsiniz ki, bu ölkədə rüşvət və korrupsiyanı həyat tərzinə çevirən çoxlu sayda məmur var. Onlara səslənirəm: Vidadi Muradovun təkcə Gəncə prospektində 22 mənzili vardı, amma bu gün 2 metrlik məzara sığıb. İbrət götürmək lazımdır.

Heç kim qazandığını kürəyinə şəlləyib özü ilə o biri dünyaya aparmır…

Seymur VERDİZADƏ

 



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər