Saytımızı qiymətləndirin


 
 

Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib
Tarix: 14-03-2019 | Saat: 11:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabaginfo.az//

Mədəniyyət Nazirliyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi ilə bağlı tədbirlər planını təsdiqləyib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirlər planı Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur.

Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir “Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqun “Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiya və geyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ədibin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq. Eyni zamanda BXA-nın tələbə və şagirdləri tərəfindən Opera və Balet Teatrında C.Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti səhnələşdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimai Televiziya ilə birgə dramaturqun “Solğun çiçəklər” pyesinin motivləri əsasında səkkiz seriyalı bədii filmin çəkilməsi və yayımı da tədbirlər planında yer alıb.

Rayon (şəhər) təhsil şöbələri (idarələri), uşaq-gənclər inkişaf mərkəzlərində C.Cabbarlının yaradıcılığına həsr olunmuş rəsm sərgiləri, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi kimi” mövzusunda inşa müsabiqəsi, həmçinin ədibin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müzakirələr, seminar və dəyirmi masalar təşkil olunacaq. Təhsil Nazirliyinin ali təhsil ocaqlarında müxtəlif mövzularda elmi konfransların keçirilməsi, yazarın həyat və yaradıcılığını əks etdirən fotosərgilər keçiriləcək.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans, ədibin Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı” mövzusunda elmi sessiya keçiləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Teatr muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktik konfrans, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə Respublika elmi konfransı, Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində “Cəfər Cabbarlının sənət idealları və müasir dövr”, Nəsimi adına Dilçilik İnstitutunda “Cəfər Cabbarlının əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda elmi sessiyalar, M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120“ mövzusunda kitab sərgisi, Folklor İnstitutu və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və Bakı folklor mühiti” mövzusunda Respublika konfransı nəzərdə tutulur.

Yubiley ili çərçivəsində böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri də planlaşdırılır. Ədəbiyyat İnstitutu ədibin indiyə qədər işıq üzü görməmiş “Kazım bəy” romanı və məktublarının transfoneliterasiya edilərək kitab halında nəşrini, Hüseyn Cavidin ev-muzeyi isə C.Cabbarlının Cavid haqqında yazdığı məqalələrdən ibarət toplunun çapını planlaşdırır.

Tədbirlər planına əsasən, AYB-nin Natəvan klubunda, birliyin bütün filiallarında və ədibin ev-muzeyində anım gecələri keçiriləcək. Birliyin mətbuat orqanlarında dramaturqun həyat və yaradıcılığı ilə bağlı silsilə yazıların dərc olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il dekabrn 17-də “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. 



Xəbəri paylaş

534 dəfə oxunub.

Digər xəbərlər