Saytımızı qiymətləndirin


 
 

Nazirlik "Düşünən oxucu" müsabiqəsi ilə bağlı tənqidlərə münasibət bildirib
Tarix: 21-01-2022 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlik "Düşünən oxucu" müsabiqəsi ilə bağlı tənqidlərə münasibət bildirib

Təhsil Nazirliyi "Düşünən oxucu" müsabiqəsinə daxil edilən əsərlərin siyahısının bəzi yazıçı və şairlərin tənqidinə səbəb olması məsələsinə münasibət bildirib.

Nazirlikdən Qarabaginfo.az-ın sorğusuna verilən cavaba görə, son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir. “Düşünən oxucu” müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən bir müsabiqədir.

Qeyd edilib ki, bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınıb:

“Azərbaycan ədəbiyyatı, bildiyiniz kimi, məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlər isə məktəb proqaramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr var” – deyə, açıqlamada deyilib.

Qeyd edək ki, bəzi yazıçı və şairlər müsabiqə üçün şagirdlərə təqdim olunan 35 əsərdən yalnız 5-nin Azərbaycana aid olmasını tənqid edib.

Xatırladaq ki, yanvarın 6-dan ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqəyə start verilib. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5 – 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar – 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8 – 21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.

Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”nda bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.

Sonda müsabiqə qaliblərinin diplom və hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub. (apa.az)



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər