Tarix: 17-01-2022 | Saat: 22:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili qaydaları təsdiq edilib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasetmə tədbirlərinin görülməsi üçün bu növ hadisələrə dair çevik reaksiyavermə və ümumi xilasetmə fəaliyyətinin təşkili prosedurlarını müəyyən edir.
YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın göstərilməsi hadisə haqqında məlumat daxil olduğu andan başlayır. YNH-də zərərçəkmiş şəxslərin, YNH-nin şahidlərinin, habelə “101”, “102”, “103”, “112” və “113” çağrı mərkəzlərinin növbətçi operatorunun YNH barədə verdiyi məlumatın təcili reaksiyavermə xidmətləri tərəfindən vaxtında və operativ qəbulu təmin edilir.
YNH zamanı çağrı mərkəzinə məlumat daxil olduqda, növbətçi operator məlumatı bu Qaydalara müvafiq olaraq “Yol-nəqliyyat hadisəsi zamanı təcili reaksiyavermə xidmətlərinin xəbərdarlıq sxemi”nə və növbətçi operatorun hərəkət alqoritminə uyğun xidməti ərazisində YNH baş verdiyi təcili reaksiyavermə xidmətlərinin ən yaxın bölməsinə ötürür.
YNH barədə ilk olaraq məlumat alan təcili reaksiyavermə xidməti çağrı mərkəzindən istifadə etməklə məlumatı aldığı andan dərhal digər təcili reaksiyavermə xidmətlərinə ötürür. Çağrı mərkəzinin növbətçi operatorunun məlumatı əsasında təcili reaksiyavermə xidməti dərhal YNH yerinə çıxır.
YNH zərərçəkmiş şəxslər və digər nəticələr barədə məlumat dəyişdikdə və ya ona əlavələr edildikdə, bu məlumatları ilk olaraq alan təcili reaksiyavermə xidməti dərhal çağrı mərkəzini məlumatlandırır.
YNH barədə bütün məlumatların qeydiyyatı bu Qaydalara uyğun olaraq təcili reaksiyavermə xidmətlərinin “Yol-nəqliyyat hadisələri barədə informasiyanın qeydiyyatı jurnalı”nda qeyd olunur.
Təcili reaksiyavermə xidmətlərindən hər hansı biri baş vermiş YNH-yə öz funksional təyinatına uyğun reaksiyavermə ehtiyacına dair məlumat aldıqdan sonra həmin xidmət tərəfindən hər hansı bir tədbirin görülməsi mümkün olmadıqda və ya bu tədbirləri görməyə ehtiyac olmadıqda, digər məsul xidmətlərə bununla bağlı qəbul edilmiş qərar barədə dərhal məlumat verir.
Məlumatın ötürülməsinin daha səmərəli təşkili məqsədilə təcili reaksiyavermə xidmətləri tərəfindən Sxem əsasında öz operator xidmətlərinin, mobil briqadalarının və onların məsul şəxslərinin telefon nömrələrinin göstərildiyi birgə xəbərdarlıq sxemləri işlənilib hazırlanır.
Qərar həmçinin, YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın göstərilməsi qaydasını da müəyyən edir.
YNH-də zərərçəkmiş şəxslərə vaxtında kompleks yardımın təşkilinin əsas tədbirləri aşağıdakılardır:
-zərərçəkmiş şəxslərin nəqliyyat vasitələrindən və ya digər obyektlərdən operativ şəkildə çıxarılmasının təmin edilməsi;
-YNH-də zərərçəkmiş şəxslərə təcili tibbi yardım göstərilməsi;
-YNH-nin nəticələrinin aradan qaldırılması.
YNH yerində şəxslərin həyat və sağlamlığının qorunması məqsədilə xilasetmə hərəkətlərinin növbəliliyi təcili reaksiyavermə xidmətləri tərəfindən öz funksional təyinatlarına uyğun olaraq müstəqil şəkildə müəyyən edilir və qarşılıqlı qaydada əlaqələndirilir. YNH yerinə ilk olaraq gəlmiş təcili reaksiyavermə xidmətinin nümayəndələri mövcud vəziyyətin qiymətləndirilməsini həyata keçirir və hadisə yerindəki vəziyyət barədə ilkin məlumatları YNH-yə dair siqnalı birinci qəbul etmiş xidmətin növbətçi operatoruna ötürürlər. YNH yerinə gəlmə vaxtı hadisə yerində digər xidmətlərin də iştirakı göstərilməklə növbətçi hissəyə həmin hadisə haqqında məlumatın ötürüldüyü vaxt hesab edilir.
Zərərçəkmiş şəxslərin nəqliyyat vasitələrindən və ya digər obyektlərdən operativ şəkildə çıxarılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə bölmələri tərəfindən təmin edilir.
YNH-də zərərçəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakıları əhatə edir:
- TTTYS briqadaları tərəfindən YNH yerində göstərilən ilk tibbi yardım;
-TTTYS briqadaları tərəfindən tibb müəssisəsinə aparılarkən yolda göstərilən tibbi yardım;
-tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi yardım.
Daxili İşlər Nazirliyinin dövlət yol polisi qurumları tərəfindən qəza-xilasetmə işləri yol-patrul xidməti çərçivəsində həyata keçirilir.
YNH-nin xarakterinə, zərərçəkmiş şəxslərin sayına, nəticələrin ağırlığına və insanların həyatı və sağlamlığı üçün təhlükə ilə əlaqəli olan digər şəraitə əsasən YNH yerinə ilk gələn təcili reaksiyavermə xidmətinin nümayəndəsi ehtiyac yarandıqda əlavə qüvvə və vasitələrin cəlb edilməsi barədə qərar qəbul edir. Qəbul edilmiş qərar barədə YNH haqqında informasiyanın ötürülməsinə məsul olan şəxs məlumatlandırılır və həmin şəxs əlavə qüvvə və vasitələrin cəlb edilməsi barədə qərar qəbul edildiyi andan 5 dəqiqədən gec olmayaraq bütün məsul xidmətləri məlumatlandırır.
Təcili reaksiyavermə xidmətinin əməkdaşlarının YNH yerindən çıxarılması və ya yönləndirilməsi barədə qərar hər bir təcili reaksiyavermə xidməti tərəfindən digər təcili reaksiyavermə xidmətlərinin növbətçi xidmətləri ilə razılaşdırılaraq qəbul edilir.
YNH yerində təcili reaksiyavermə xidmətləri arasında qarşılıqlı fəaliyyətin təşkili həmin təcili reaksiyavermə xidmətlərinin yuxarı vəzifəli şəxsləri tərəfindən birgə həyata keçirilir. YNH yerində aidiyyəti xidmətlərdən biri olmadıqda, həmin xidmətlə qarşılıqlı əlaqələr təcili reaksiyavermə xidmətlərinin növbətçi xidmətləri (hissələri) vasitəsilə həyata keçirilir. YNH yerində aidiyyəti xidmətlərdən birinin olmaması vəziyyətin ağırlaşmasına, zərərverici amillərin yaranmasına səbəb ola bildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə qərar YNH yerində olan xidmətlər tərəfindən iştirak etməyən xidmətin növbətçi hissəsi ilə birgə qəbul edilir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət yol polisinin naryadları YNH yerində təhlükəsizliyi və YNH yerinin yanından nəqliyyat vasitələrinin və hərəkətin digər iştirakçılarının ötüb keçməsini təmin edirlər. Naryadlar gələnə qədər ehtiyac yarandıqda, YNH yerinin yanından nəqliyyat vasitələrinin və hərəkətin digər iştirakçılarının ötüb keçməsi üçün YNH iştirakçıları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin IV hissəsinin 3-cü bəndinə uyğun olaraq zəruri tədbirlər görürlər.
Təcili reaksiyavermə xidmətləri gələnədək hadisə yerində olan “zərərçəkmiş şəxslərin ixtisaslaşdırılmamış nəqliyyat vasitələri ilə hadisə yerindən təxliyə edilməsi zərurəti yarandıqda) belə təxliyə YNH iştirakçısı tərəfindən “Yol hərəkəti haqqında” qanuna
uyğun olaraq səmt üzrə gedən nəqliyyat vasitəsi, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yerinə yetirilir.
Hadisə yerinə ərazi tibb müəssisələrinin əlavə qüvvə və vasitələrinin cəlb edilməsinə ümumi rəhbərliyi TTTYS-nin briqadasının rəhbəri öz üzərinə götürür.
TTTYS briqadası və qəza-xilasetmə bölmələri ilə tibb müəssisələri arasında fəaliyyət birbaşa və əks-əlaqə prinsipləri üzrə həyata keçirilir. YNH zamanı bütün hallarda təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi təmin edilir.
Digər xəbərlər