Saytımızı qiymətləndirin


 
 

“Biz başqa yer də seçə bilərik...”
Tarix: 17-01-2022 | Saat: 15:27
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşmasına dair ötən həftə Moskvada baş tutan ilk danışıqlar üçün məkan kimi məhz Rusiya paytaxtının niyə seçildiyini izah edib. Qriqoryan deyib ki, münasibətlərin normallaşmasına dair danışıqların aparılması üçün mümkün yer seçimi Türkiyə ilə də razılaşdırılmışdı.

“Yəni görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə olub. Biz başqa yerləri də müzakirə etmək imkanlarını axtarmağa açığıq. Növbəti görüş Yerevanda və ya Ankarada ola bilər, biz müzakirə etməli və anlamalıyıq. Və hesab edirəm ki, əgər ikitərəfli münasibətlərin normallaşmasında müsbət dinamika yaransa, təmaslar artsa biz münasibətləri normallaşdırmağın da yolunu tapa bilərik”,-Armen Qriqoryan bildirib.

 

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıc və Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyətləri  arasında ilk görüş yanvarın 14-də keçirilib.  Moskva danışıqları diplomatik qaynaqların bildirdiyinə görə, saat yarım çəkib. Türkiyə XİN-in bu görüşə dair yaydığı yazılı açıqlamada deyilirdi ki, tərəflər “konstruktiv atmosferdə” keçirdikləri dialoqda ilkin mövqelərini çatdırıblar. Müzakirələrin ilkin şərt irəli sürülmədən davam etdirilməsinə razılaşıblar və növbəti raundun yeri, vaxtı diplomatik kanallar üzərindən elan ediləcək.

Türkiyə bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir və münasibətlərin normallaşmasının şərtlərindən birinin Zəngəzur dəhlizinin açılması olduğunu daha əvvəl rəsmi Ankara dəfələrlə bildirib.

Lakin Qriqoryan bildirir ki, onlar “dəhliz məntiqi ilə” heç bir məsələni müzakirə etmirlər və etməyəcəklər. “Dəhliz məsələsi bizim üçün qırmızı xətdir və bu haqda hamı bilir”,-o deyib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin istənilən halda açılacağını dəfələrlə bəyan edib. Prezident ötən ilin dekabrında Brüsselə səfəri zamanı xəbərdarlıq etmişdi ki, əgər Ermənistan Zəngəzur dəhlizi üzərindən Naxçıvana daşınan yüklərə gömrük nəzarəti tətbiq etsə o zaman Azərbaycan da Laçın dəhlizi üzərində gömrük postu yerləşdirəcək.(virtualaz.org)



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər