Tarix: 15-01-2022 | Saat: 20:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın 44 günlük Qarabağ müharibəsindən iki il əvvəl Rusiyadan dörd Su-30SM qırıcısını niyə aldığı hələ də müəmma olaraq qalır. Çünki bu təyyarələr Azərbaycanın Hərbi Hava Qüvvələri ilə mübarizədə keyfiyyət və kəmiyyət üstünlüyünə nail olmağa imkan vermirdi.
Qarabaginfo.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Oryx" portalı yazır.
Nəşr yazır ki, Azərbaycanın öz ordusunu müasir silahlarla silahlandırdığı, müxtəlif tipli PUA-lar, uzaqvuran reaktiv sistemlər və digər silah sistemləri aldığı bir vaxtda Ermənistan Rusiyadan onlarla Su-30 qırıcısı alaraq regionda hərbi tarazlığı dəyişməyə çalışırdı. Azərbaycan isə Ermənistanın yolu ilə gedib Rusiyadan Su-30 və ya digər qırıcılar almaq əvəzinə özünün Su-25 hücum təyyarələrini Türkiyə ilə birlikdə modernizasiya etdi.
Modernizasiya sayəsində bu təyyarələr OFAB-250 lazer tuşlamalı bombaları, GPS-lə yönləndirilən HGK bombaları və SOM qanadlı raketləri daşımaq imkanı qazandı. Habelə bu təyyarələrdə Belarusun istehsal etdiyi “Talisman” radioelektron mübarizə sistemləri quraşdırıldı və hesab edilir ki, 44 günlük müharibə zamanı bu sistemlər ən azı bir neçə Su-25 qırıcısını Ermənistanın zenit-raket komplekslərindən qoruya bilib.
Bildirilir ki, Paşinyan hakimiyyətə gələndən az sonra Rusiya Su-30SM qırıcılarının ilk partiyasını Ermənistana çatdırmışdı. Paşinyan isə bunu silahlanmada son illərin ən mühüm hadisəsi adlandırmışdı. 2020-ci ilin martında isə Paşinyan özünün Feysbuk səhifəsində yazmışdı:
“Dünən bizim Su-30SM qırıcılarımız döyüş raketləri ilə ilk təlim uçuşlarını keçirdi, yüksək dəqiqlikli “hava-yer” raketləri ilə hədəflərə dəqiq zərbələr endirdi. Bütün hədəflər yüksək dəqiqliklə vuruldu”.
Həmin ilin iyulunda isə Paşinyan Su-30SM qırıcılarının Ermənistanın hava sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün döyüş növbətçiliyinə başladığını bildirmişdi.
Lakin çox keçmədən Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayanda Paşinyanın bu bəyanatlarını təftiş etməyə başladılar.
“Tezliklə aydın oldu ki, Paşinyan öz bəyanatlarında həddən artıq ambisiyalı olub, çünki Su-30 pilotları hələ tam hazırlıq keçməmişdi və bu təyyarələri müharibədə effektiv şəkildə istifadə edə bilmirdi. Daha sonra isə məlum oldu ki, bu təyyarələr üçün döyüş raketləri də alınmayıb.
Məlum olmuşdu ki, Paşinyanın bəhs etdiyi təlimlərdə qırıcılar əslində 80 millimetrlik “hava-yer” raketlərini istifadə ediblər, “hava-hava” raketləri isə hələ alınmayıb. Bunlarsız isə Ermənistanın Su-30 qırıcıları Qarabağ üzərində çox keçmədən Azərbaycan qırıcıları və ya zenit-raket kompleksləri tərəfindən vurulacaqdı. Lakin bunun ardınca qırıcılar üçün "hava-hava" raketlərinin təchizatının hər halda baş tutduğunu göstərən fotolar da yayılmışdı”, - nəşr yazır.
Bildirilir ki, 2020-ci ilin əvvəllərində Ermənistan Su-30SM qırıcılarını Gümrüdəki aviabazada yerləşdirmişdi. Gümrü isə Azərbaycanın ballistik raketlərinin və digər yüksək dəqiqlikli silahlarının əhatəsi altında idi. Nəşr qeyd edir ki, Azərbaycan LORA raketi və ya bir neçə idarəolunan raketlə həmin bazanı məhv edə bilərdi.
Nəşrin ekspertlər vurğulayırlar ki, istənilən halda Ermənistanın Su-30 qırıcıları Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyə pilotları ilə birlikdə təlim uçuşları keçirmiş peşəkar pilotları tərəfindən ifadə olunaj MiQ-29 qırıcıları ilə mübarizə aparmaq üçün yetərsiz olacaqdı.
“Ermənistan Rusiyadan 12 Su-30SM qırıcısını almağı planlaşdırmaqla, əslində, nə etmək istəyirdi, hələ də məlum deyil. Ermənistan ya bu dörd təyyarəni məhdud imkanlarla istismar etməyə davam etməlidir, hansı ki, bu halda növbəti illərdə təyyarələrə milyonlarla dollar investisiya lazım gələcək. Ya da yüz milyonlarla dollar xərcləyib böyük sayda təyyarələr almalıdır, bu zaman qırıcıları üçün silahların, ehtiyat hissələrinin alınmasına daha çox vəsait xərcləmək lazımdır.
Digər variant həmin təyyarələri Rusiyaya geri qaytarmaq və qənaət edilən pulları ordunun başqa ehtiyaclarına sərf etməkdir. Nə qədər ki, bu baş verməyəcək, Su-30SM qırıcılarını “İrəvanın ağ filləri” adlandırmaqda davam edəcəklər”, - nəşr yazır.
Digər xəbərlər