Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı cinayət işi açılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.