Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanı Orta Asiyada lider edən iqtisadi faktorlar nədir?
Tarix: 07-01-2022 | Saat: 17:16
Bölmə:Karusel / Region | çapa göndər

 

Qazaxıstanı Orta Asiyada lider edən iqtisadi faktorlar nədir?

Heç şübhəsiz ki, Qazaxıstan Orta Asiya regionun lider ölkəsidir. Onun ərazisi regionun digər ölkələrinin ərazisini iki dəfəyə yaxın üstələyir. Lakin bu ilk növbədə Qazaxıstanın iqtisadi potensialı ilə bağlıdır. O, post-sovet məkanının ikinci ən böyük, Orta Asiya regionunda isə ən iri iqtisadiyyata malikdir. 2020-ci ildə Orta Asiya regionunun məcmu ÜDM-si 290 milyard ABŞ dolları olubsa, onun 58,62 % məhz Qazaxıstanın payına düşüb. O, əhalinin hər nəfərinə düşən ÜDM-in (10 min 694 ABŞ dolları) həcminə görə MDB-də Rusiyadan sonra ikinci yerdə gəlir.

İqtisadiyyatın əsas sahələrini neft-qaz və digər faydalı qazıntıların hasilatı təşkil edir. Bu, onun zəngin təbii ehtiyatlara malik olması ilə əlaqədardır. Belə ki, Qazaxıstan neft ehtiyatlarına (4,4 milyard ton) görə dünya ölkələri arasında 11-ci yerdə, təbii qaz ehtiyatlarına (3,8 trilyon kubmetr) görə 22-ci yerdə qərarlaşıb. Qazaxıstan dünyanın ən iri uran istehsalçısıdır. 2020-ci ildə ölkə həmin radiaktiv metaldan 19,8 min ton hasil edib ki, bu da qlobal ehtiyatların 41 %-ə yaxınını təşkil edir. Bütövlükdə isə onun uran ehtiyatları 907 min ton (dünya ehtiyatlarının 15 %-i) həcmində qiymətləndirilir. Uran istehsalı müstəqillik dövrü ərzində 20 dəfədən çox artıb.

Qazaxıstanda iqtisadiyyatın modernizasiyası və kəmiyyət artımı əsas prioritetlərdən olub. Son 30 ildə neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 6,4 dəfə artıb. Müstəqillik dövrü ərzində ÜDM 17 dəfə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 13 dəfə artıb. Ticarət dövriyyəsi 1991-ci ildəki 1,5 milyard ABŞ dollarından 2020-ci ildə 86,5 milyard ABŞ dollarına, o cümlədən ixrac 47,5 milyard ABŞ dollarına çatıb. Son 20 ildə kiçik və orta sahibkarlıq subyektlərinin sayı 5,5 dəfə artıb. Gəlirləri yaşayış minimumundan aşağı olan qazaxstanlıların payı 1995-ci ildəki 34,6 %-dən 2020-ci ilin nəticələrinə görə 5,3 %-ə enib. İşsizlik səviyyəsi 4,9 % həddinə düşüb. Əhalin ömur uzunluğu 73,3 ilə çatıb.

Ötən dövr ərzində iqtisadi təhlükəsizliyin və bunun nəticəsi olaraq siyasi müstəqilliyin təmin olunması istiqamətində sistematik iş aparılıb. Təsadüfi deyil ki, Çin və Rusiya kimi iki super güclərlə qonşu olamsına baxmayaraq onun ixracının 50 %-dən çoxu Avropaq İttifaqı ölkələrinin və Böyük Britaniyanın payına düşür. Dünyanın 120-dən çox ölkəsindən bu günə kimi 365 milyard ABŞ dollarından çox birbaşa investisiya cəlb edilib. Ən iri (84 % toplam pay) xarici investor isə ABŞ, Aİ və Böyük Britaniyadır. Ölkədə xarici kapitallı 21 mindən çox şirkət işləyir.

Ölkənin beynəlxalq ehtiyatları 90,5 milyard ABŞ dolları həddindədir. Bu, ona böhranlı dövrlər üçün etibarlı təhlükəsizlik yastığı yaratmağa imkan verir. Belə ki, bütün dünyanı ahuşuna alan koronavirus pandemiyası dövründə onun təsirlərini minimuma endirmək üçün 10 milyard ABŞ dolları həcmində (ÜDM-in 6-7 %-i) anti-böhran paketi formalaşdırıldı. Müqayisə üçün qeyd edək ki, regionun ikinci ən sabit iqtisadiyyatına malik olan Özbəkistanda bu göstərici 950 milyon avro idi.(Report)

 



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər