Saytımızı qiymətləndirin


 
 

“Türkiyə Laçın dəhlizinin nəzarətə götürülməsini istəyir” – Ankara hər cür dəstəyə hazırdır - AÇIQLAMA
Tarix: 06-01-2022 | Saat: 20:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Politoloq Elxan Şahinoğlu Türkiyə mediasına maraqlı müsahibə verib. Politoloq rəsmi Ankaranın Laçın dəhlizinin nəzarətə götürülməsini istədiyini bildirib.

Qarabaginfo.az “İHA”ya istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akarın “Zəngəzur və Laçın dəhlizləri ilə bağlı məsələlərin həll olunacağına inanırıq” açıqlamasını şərh edən Elxan Şahinoğlu bunu Ankaranın dəhliz məsələsinə biganə olmadığının göstəricisi kimi dəyərləndirib.

Ermənistan və Rusiyanın “dəhliz” əvəzinə “kommunikasiya xətlərinin açılması” ifadəsini işlətdiyi üçün bu istiqamətdə vəziyyətin mürəkkəb olduğunu deyən politoloq, “Bakı Zəngəzurdan maneəsiz keçidin mümkün olmayacağını qəbul etməyə başlayıb” fikirlərini dilə gətirib: “Belə halda Laçın dəhlizi mərkəz olmalı və sərhədin bu hissəsinə nəzarət edilməlidir. Ankara da bunu istəyir. Hulusi Akar 31 dekabr 2020-ci ildə Bakıya səfəri zamanı Laçın dəhlizi məsələsinə xüsusi diqqət yetirib. Hulusi Akar deyib ki, “Türkiyə ordusu ölkəmizdə və dünyada, xüsusən də Azərbaycanda üzərinə düşən vəzifəni yerinə yetirəcək”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Laçın dəhlizinə diqqət yetirir. O, ötən ilin əvvəlində Rusiyanın Qarabağ məsələsindəki mövqeyinin Ankaranı qane etmədiyini açıqlamışdı. Çavuşoğlu Moskva ilə danışıqların aparılmalı olduğunu, lakin bu məsələ ilə bağlı heç bir addım atılmadığını bildirib. O, həmçinin əlavə edib ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən kimin gəlib-keçdiyini regionun sahibi Azərbaycanla razılaşdırmalıdır” – Şahinoğlu vurğulayıb.

Politoloq Rusiya XİN başçısı Sergey Lavrovun 10 noyabr bəyanatında Dağlıq Qarabağın statusu ilə bağlı maddənin əks edilmədiyini və Minsk Qrupunun həmsədrlərinin gələcəkdə bununla məşğul olacağı haqda fikirlərini də şərh edib: “Bu, Bakıya bir mesajdır. Çünki Prezident İlham Əliyev “Azərbaycan Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək və bu məsələ birdəfəlik bağlanıb” fikirlərini dəfələrlə bəyan edib. Lavrov Azərbaycanın əleyhinə başqa fikirlər də səsləndirib. Lavrovun məntiqinə görə, Ermənistan rəsmilərinin və xarici ölkə vətəndaşlarının Qarabağa səfərlərində anormal heç nə yoxdur və ona görə də Azərbaycandan icazə istəmək lazım deyil. Lavrovun sözlərinə görə, Azərbaycan tərəfinin buna etiraz edəcəyi real görünmür. Lakin Azərbaycan prezidenti İlham Əliyev ötən il yanvarın 6-da Ermənistanın xarici işlər nazirinin Azərbaycan ərazisinə qanunsuz daxil olduğunu və Rusiya sülhməramlılarının səlahiyyətlərini aşdığını bildirib. Amma Moskva bu təpkiləri görməzdən gəlir” – deyə Şahinoğlu vurğulayıb.

“Laçın dəhlizinə nəzarət olunmasa, problemlər həllini tapmayacaq”

İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etdiyini vurğulayan Şahinoğlu bunları deyib: “Şuşanın bərpasından heç də az əhəmiyyət kəsb etməyən Laçın dəhlizinə nəzarət problemi bu il öz həllini tapmalıdır. Laçın dəhlizi Azərbaycan sərhəd qüvvələri tərəfindən nəzarətə götürülməsə, problemlər həll olunmayacaq. Ankara bu problemin həllində Bakıya hər cür dəstəyi verməyə hazır olduğunu bəyan edir” – deyə politoloq fikirlərini tamamlayıb.(konkret.az)



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər