Saytımızı qiymətləndirin


 
 

Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir – Ülviyyə Həmzəyeva
Tarix: 21-02-2022 | Saat: 14:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir – Ülviyyə Həmzəyeva

“Tarix boyu Azərbaycan qadını müdrikliyi, sədaqəti, qəhrəmanlığı, şəfqəti ilə dünyada tanınıb. Azərbaycan qadını həm də dövlət idarəçiliyində sözünü deyib, lazım olduqda qılınca qurşanıb at belində zəfər meydanlarında döyüşüb. Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın xanımı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının tarixi proseslərdə önəmli yer tutduğunun təsdiqidir”. Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev qadınlarımıza xüsusi önəm verir, onlara inanaraq dövlət işlərinə fəal cəlb edirdi: “Bu gün Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik kursunun davam etdirilməsində respublikamızın prezidenti cənab İlham Əliyevlə yanaşı, onun xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də qeyd olunmalıdır”.

Deputat sözlərinə belə davam edib: “O, ölkəmizin beynəlxalq aləmdə layiqincə tanıdılması və təmsil olunmasında, ölkəmizdə mədəniyyətin, təhsilin, elmin inkişafında, demokratik cəmiyyət prinsiplərinin daha da möhkəmləndirilməsində uğurla fəaliyyət göstərmiş, bu yolda özünün bilik və bacarığını səfərbər etmişdir. Mehriban xanım Əliyeva ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının tarixən dövlətçilik yolunda göstərdiyi müdriklik, qəhrəmanlıq simvoluna çevrilmişdir. Xalqımızın sevimlisinə çevrilən Mehriban xanım Əliyeva, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirən Prezident İlham Əliyevin “Güclü Azərbaycan” dövlətinin quruculuğunda böyük rolu olan, müasir Azərbaycan qadını obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya tarixinə fəxarətlə yazılan liderdir.

Bir neçə il bundan əvvəl ölkəmizin yeni reallıqlarına və dünyanın qabaqcıl dövlətlərinin müsbət təcrübəsinə uyğun olaraq respublikamızda aparılan Konstitusiya islahatları çərçivəsində yaradılan Birinci vitse-prezidentlik institutu artıq müstəqil Azərbaycanın həyatının yeni reallığına çevrilib. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Yaradıldığı qısa vaxt ərzində vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynamış, onun əsas hədəflərinin, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələrin uğurla həyata keçirilməsində mühüm rola malik bir quruma çevrilmişdir. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına dəyərli töhfələr versin.

Hər zaman Mehriban xanım Əliyeva haqqında yüksək dəyərli sözlər deyən ölkə Prezidenti İlham Əliyevin “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır” fikri, Onun bu məsul vəzifəyə təyinatının nə qədər doğru olduğunun göstəricisidir.

Bəli, Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. 2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra müxtəlif layihələrlə doğma Qarabağımızı, mədəniyyətimizin paytaxtı Şuşanı əhatə etməklə daha da zənginləşdirib. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə və diplomat kimi ordumuzu düşmən üzərinə səfərbər edərək, eyni zamanda müxtəlif müsahibələri vasitəsilə Azərbaycanın mövqeyini dünyanın siyasi dairələrinə, güc mərkəzlərinə, beynəlxalq ictimaiyyətə çatdırdığı kimi Mehriban xanım Əliyeva da öz çağırışları, bəyanatları, tövsiyələri ilə hər bir cəmiyyət üzvünü, hər bir vətəndaşı düşmənlə informasiya savaşına səfərbər etməyə, haqq davamızda insanlarımızın öz imkanlarını birləşdirməsinə çalışırdı.

Azərbaycanda vitse-prezidentlik institunun yaradılması Azərbaycanın gələcəyi ilə bağlı olan bir strategiyadır. Bu strategiyanın həyata keçməsi nəticəsində Azərbaycan özünün hədəflərinə doğru daha sürətlə və inamla addımlayacaq.

Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır.

Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı. Ona xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə göstərdiyi çoxşaxəli fəaliyyətində uğurlar arzu edirik.SİA



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər