Dekabrın 30-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, görüşdə Azərbaycan – Kuba münasibətləri, eləcə də hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
YAP Sədrinin müavini Tahir Budaqov növbəti ildə Azərbaycan ilə Kuba arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olacağını bildirərək, son dövrdə iki ölkənin, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrinin müsbət dinamikasının olduğunu vurğulayıb.
Qeyd olunub ki, Kuba COVİD-19 pandemiyası ilə mübarizə və vaksinlərin dünya üzrə qeyri-bərabər bölünməsi problemi də daxil olmaqla Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi BMT müstəvisində irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyib. Həmçinin, ötən il pandemiyanın ən kəskin dövründə Kubadan ümumilikdə 230 nəfər tibb mütəxəssisinin Azərbaycana gələrək öz təcrübələrini yerli həkimlərlə bölüşməsi, COVİD-19 xəstələrinin müalicəsində iştirak etməsi yüksək qiymətləndirilib.
Öz növbəsində səfir Alfredo Nieves Portuondo Azərbaycanda gedən inkişaf proseslərini çox yaxından izlədiklərini bildirərək, ölkəmizin Kubaya qarşı iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması ilə bağlı BMT qətnamələrinin lehinə səs verdiyini məmnunluqla vurğulayıb. Səfir, həmçinin, Kubanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq prosesində əməkdaşlığa hazır olduğunu da diqqətə çatdırıb.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin yaradılmasının hər iki ölkənin və xalqının mənafelərinə xidmət edəcəyi qeyd olunub. Bu məqsədlə növbəti ildə iki partiya arasında onlayn görüşlərin keçirilməsi, eləcə də qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.