Saytımızı qiymətləndirin


 
 

Dekabr sualları
Tarix: 03-12-2021 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm / Yazar | çapa göndər

 

 

Qabil Abbasoğlu

Dekabrın 1-də Azərbaycanda çox hadisələr baş verib. Amma bir gündə ölkə gündəmini silkələyəcək bu qədər hadisənin, Vətən Müharibəsinin şanlı qələbə günlərini çıxsaq, son dəfə nə vaxt baş verdiyini xatırlamıram:

– Helikopter qəzasında həlak olan hərbçilərimizlə vida mərasimi

– Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən aksiyada iştirak edən Tofiq Yaqublunun qəddarlıqla döyülməsi;

– Oqtay Gülalıyevin ölümü barədə dezinformasiyanın yayılması;

– Dövlət Sərhəd Xidməti yetkilisinin jurnalistə qarşı zorakılığı;

– yeni təyin olunmuş nazir müavininin kütləvi hiddətlə qarşılanan foto-videolarının yayılması.

Doğrudanmı bir gün üçün emosional-psixoloji baxımdan həddən artıq zəngin olan bu palitra təsadüfən belə alınıb? 

Hadisələrin hər biri yüksək həssaslıq predmetidir və sosial şəbəkələrdə hazırkı kontent bu həssaslığı aydın şəkildə əks etdirir. Nizamlı bir etiraz kampaniyası gedir.

Sadaladığımız beş epizodun hər biri hakimiyyətin məsuliyyət dairəsində olan məsələyə aiddir və etirazlar da təbii olaraq ora yönəlib. 

Helikopter qəzasının üzərində xüsusi dayanmaq istərdim. Hadisədən sonrakı ilk saatlardan ictimai-siyasi baxımdan fəal kəsim (indi bu kontingent virtual meydana transfer edib) əksəriyyət etibarilə “kənar təsir” amilini müzakirə edir. Konkret desək, Rusiya tərəfindən təxribat törədilməsi ehtimalı açıq şəkildə ifadə olundu. Qarşılığında, hakimiyyət yetkililəri, hökumətin informasiya işinə məsul instansiyalar, əlaqədar dövlət qurumları bu versiyanı qətiyyətlə və birmənalı şəkildə təkzib etdilər. 

Mən, əlbəttə, konspirologiya həvəskarı deyiləm. Belə epizodlarda konspirologiyadansa, texnologiyaya üstünlük verilməsini doğru sayıram. O cümlədən informasiya texnologiyalarına.

Vəziyyət beləydi: hakimiyyət məyusluq, etiraz və qəzəbi mücərrəd “xarici güc”ün üzərinə sürüşdürmək üçün yumşaq təkzib metodunu seçə bilərdi. Məsələn, 2018-ci il iyulun ilk günlərində – Gəncənin icra başçısı Elmar Vəliyevə atəş açılarkən və Mingəçevir İES-da qəza baş verərkən bu metoddan istifadə olunmuşdu. Söhbət yalan danışmaqdan, hadisənin əsl səbəblərini gizlətməkdən getmir. Hakimiyyətin məntiqi ilə yanaşsaq, (hadisənin əsl səbəbindən asılı olmayaraq) elementar “informasiya fəndi” ilə kütləvi narazılığı yumşaltmaq, ilkin qəzəb dalğasının zərbəsini kiçik bucaq altında yana sürüşdürmək daha sərfəli və ağıllı gediş idi. İndi də belə bir məntiq işə salına bilərdi, dediyimiz kimi, ilk saatlarda buna yaxşı zəmin də yaranmışdı. Lakin işə salınmadı. Birmənalı təkzib taktikası seçildi və virtual fəal seqmentin bütün diqqəti “daxili” səbəblərə – nasazlıq, məsuliyyətsizlik, pis idarəçilik kimi hakimiyyət üçün daha əlverişsiz anlayışlara doğru yönləndirildi. Belə deyək, hakimiyyət, baş vermiş ağır hadisənin səbəbini (bununla bağlı suallar isə qalır) sistemin içində və işində axtarmağı publikanın “yadına saldı”. Niyə? Anlaşılmır. Ya düşünülmədən, ya da… Ən mürəkkəbi də elə bu “ya da” hissəsidi. Planlı şəkildə və bilərəkdən yaradılan hiddət dalğasının mənbəyi haradır, kimdir, hədəfi nədir? Ona mane olmamaq və ya ola bilməmək nə dərəcədə ciddi təhlükədir, bu barədə yəqin ki, heç danışmağa dəyməz. 

Gələk Tofiq Yaqublunun döyülməsi məsələsinə. Seqment büsbütün onun döyülüb qapqara tuluğa döndərilmiş sifətinin şəkilləri ilə bəzənib. Hamı etirazını bildirir. Hətta hakimiyyətin qatı müdafiəçiləri belə müəyyən şərtlərlə də olsa, işgəncəyə qəzəbini ifadə edir. Hədlər keçilir, simlər gərilir. Artıq olayın məsuliyyəti ölkə rəhbərinin şəxsindən tələb olunur. Bir il əvvəl Qarabağda ciddi nəticələrlə yekunlaşan hərbi kampaniyaya rəhbərlik etmiş, son günlərə qədər vəsf olunan prezidentin istefası şüarları da səslənir. Adamı bu kökə salıb, sonra həbsdən buraxdıqları da, ilk dəfə deyilsə belə, nadir hallardandır. Sifəti işgəncə tablosuna döndərilmiş adamı cəmiyyətin içinə buraxıb emosiyaları daha da qızışdırmaq kimin ağlına gəlib görəsən? Demirəm ki, Tofiq bəy həbsdə saxlanmalıydı, amma bu hərəkət yanan ocağın üstünə benzin atmağa bənzəyir… Birinci Qarabağ müharibəsinin qazisi, oğlunu tərəddüd etmədən ikinci Qarabağ müharibəsinə göndərib həmişə qələbəyə ruhlandıran, son illərin “barışmaz mübarizə adamı” rəmzinə çevrilmiş Tofiq Yaqublunun bu kökə salınması, əlbəttə, insanlar tərəfindən yüksək həssaslıqla qarşılanacaq və qəzəb doğuracaqdı. Bunu hesablamaq iki vur ikidir. Həm də hərbçilərimizlə vida mərasimi keçirilən gün…

Növbəti epizod – Oqtay Gülalıyevin (tezliklə sağalmasını arzulayırıq – müəllif) ölümü barədə yalan məlumat da elə Tofiq Yaqublunun şəkillərinin yayılması ilə eyni saatlara təsadüf(mü?) etdi. Gülalıyev hələ qəzaya düşməmişdən hakimiyyətlə münasibətlərdə ardıcıl və ciddi gərginliklər yaşamış, həbslə üzləşmiş müxalifətçi obrazı idi. Hətta onun üzləşdiyi avtomobil qəzasının da təsadüfi olmadığı barədə iddialar indiyədək səngiməyib. Belə bir həssas anda onun ölümü barədə xəbər kütləni həyəcanlandıra, hiddəti körükləyə biləcək impuls olardı. Yoxladılar. Effekt? Görəcəyik.

Son iki epizod konkret effektə hesablanıb. Xüsusilə, yeni təyin olunmuş qadın nazir müavini ilə bağlı məqam. Tirajlanmanın miqyasına, təqdimatların məzmununa baxanda adamın ağlına iki şey gəlir: bu ya şüursuz şəkildə, zəncirvari reaksiya kimi, təbii qəzəb və ikrahın müşayiətilə öz-özünə yayılır, ya da bitkin ssenarinin “aşqarası” olaraq, planlı şəkildə. Xüsusi qeyd edilməlidir ki, hakimiyyətin iradəsindən kənar mövzu və sahəyə diqqət ayıra bilməyən bəzi media quruluşları da, nə hikmətdirsə, yanaşı materialda “xilaskar lider” adlandırdıqları ölkə rəhbərinin bu kadr təyinatına, faktiki olaraq, ironik etiraz nümayiş etdirirlər.

Təsəvvür edin, hər fürsətdə dünyanın müxtəlif ölkələrində dövlət vəzifəsinə təyin olunmuş qadın və nazirlərin xarici görünüşünü, sadəliyini, qeyri-standart həyat tərzini gizli simpatik vurğu ilə paylaşan və yayımlayan mənbələr, yeni nazir müavinini az qala şəriət tələbləri ilə mühakimə yürüdür, linç edirlər. Yeri gəlmişkən, qətiyyən linç tərəfdarı deyiləm, amma məncə də təyinatın hansı cəmiyyətdə həyata keçirildiyi nəzərə alınmalıydı. 

İndi isə necə deyərlər, gəldik çatdıq Qarabağa. Dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Bu, ötən ilki müharibədən bəri prosesdə Avropanın ilk real iştirakıdır. Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin hər iki ölkə rəhbərinə telefon zəngi, hər iki liderin də bu kontakta önəm verdiyini nümayiş etdirməsi qarşıdakı görüşün əhəmiyyətini vurğulayır. Belə bir tədbir ərəfəsində Azərbaycanın mövqeyi həm daxili hüquq və azadlıqların sarsıdılması baxımından zəiflədilir, həm də milli-ictimai motivasiya, cəmiyyətin səfərbərlik imkanları aşağı salınır. Ölkə rəhbərinə bu mötivasiya, bu səfərbərlik, özünün istəyib-istəməməsindən asılı olmayaraq, çox lazımdır. İndi biz Avropaya Tofiq Yaqublunun qaraldılmış sifəti ilə gedirik. Bu, kimə lazım idi? 

Beləliklə, 1 dekabr palitrasının yaratdığı və hələ də açıq qalan, hətta yeni “üfüqlər” vəd edən suallar ortadadır. Buyurun, cavab verin…



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər