Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu üç keçmiş sovet respublikasını 96 saata ələ keçirə bilər
Tarix: 29-11-2021 | Saat: 14:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirdiyi, ABŞ və NATO rəhbərliyinin Kremlin bu ölkəyə hücum planları haqda xəbərdarlıqlar etdiyi bir vaxtda Amerikanın “War on the Rocks” portalı rus ordusunun logistika imkanlarını araşdırıb.

ABŞ ordusunun istefada olan polkovniki, 10 ilə yaxın İraq, Əfqanıstan və Cənubi Koreyada xidmət keçmiş Aleks Verşinin məqalədə Rusiya ordusunun 96 saat ərzində üç Baltik respublikasını tuta biləcəyini yazır. Lakin onun fikrincə, Rusiya ordusunun təchizat və logistika imkanları hücumun daha uzaq  məsafəyə inkişaf etdirilməsinə imkan verməz.

“War on the Rocks” Texas Universiteti nəzdindəki müdafiə araşdırmaları Departamentinin tərəfdaşıdır, təhlükəsizlik və hərb sahəsindəki araşdırmalar, diskussiyalar üzrə ixtisaslaşıb. Müəllifə görə Rusiya ordusunun Baltik respublikalarından o yana, yəni Polşaya və Avropanın dərinliklərinə doğru irəliləməsi ölkənin dəmiryol şəbəkəsinin indiki vəziyyəti baxımından çətin olardı. Müəllif bundan əvvəl ABŞ-ın “RAND Corporation” şirkətinin Pentaqonla birlikdə apardığı kompüter modelləşməsinin nəticələrini xatırladır, bildirir ki, həmin kompüter təlimləri Rusiya ordusunun cəmi 96 saat ərzində Baltik respublikalarını tutmaq imkanında olduğunu təsdiqləyib. 

“Hərçənd Rusiya ordusunun bu ssenarini həyata keçirmək üçün müəyyən döyüş gücü var, amma həmin əməliyyatları dəstəkləmək üçün zəruri arxa cəbhə təchizatı qüvvələri mövcuddurmu?”, - müəllif sual edir.

Məqalədə deyilir ki, Rusiya ordusu əməliyyatların ilk günlərində qarşıya qoyulan vəzifələri yerinə yetirə bilər, amma daha sonra material-texniki təchizatla bağlı problemlər yaranacaq və döyüş əməliyyatlarına fasilə veriləcək. Bu baxımdan hesab edilir ki, Rusiya özünün həyati əhəmiyyətli nəqliyyat infrastrukturunu yeniləmədən qarşıya qoyulan vəzifəni tam ölçüdə yerinə yetirə bilməz. Ona görə də NATO-nun əməliyyat-taktiki planlaşdırma üzrə mütəxəssisləri Rusiyanın logistika problemlərindən istifadəyə diqqət yetirməlidir. Bura Rusiyanın qərb ərazilərindəki logistika mərkəzlərinə, dəmir yollarına və körpülərinə zərbələrin endirilməsi, ordunun təchizat xəttinin maksimum uzadılması da daxildir.

 

Müəllif qeyd edir ki, Rusiya dəmir yolları Avropa dəmir yollarından daha enlidir və bu səbəbdən Rusiya ordusunun dəmir yolları ilə təchizatı keçmiş sovet respublikalarının sərhədləri ilə başa çatacaq. Daha sonra, yəni Avropa ərazisində Rusiya öz ordusunun təchizatını ancaq yük avtomobillərinin köməyi ilə təmin edə bilərdi. Çünki dəmir yol qatarlarının Avropa relslərinə uyğunlaşdırılması üçün vaxt lazım gəlir.

Lakin gazeta.ru portalının hərbi icmalçısı Mixail Xodorenok bildirir ki, amerikalı polkovnikin hesablamaları yanlışdır. Çünki hətta sovet dövründə ordunun hücum əməliyyatları 400 kilometrə qədər dərinlik üçün planlaşdırılırdı, ordu bu məsafəni 20 günə qət etməli idi. Bu zaman material ehtiyatlarının sərfiyyatı 2.5 milyon ton nəzərdə tutulurdu. Bütün bu məsələlər, o cümlədən təchizat və logistika məsələləri Rusiya ordusunda indi keçirilən təlimlərdə də sınaqdan keçirilir.(virtualaz) 



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər