Tarix: 26-11-2021 | Saat: 12:57
Bölmə:Karusel / Multimedia | çapa göndər
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Qarabaginfo.az xəbər verir ki, Nəsimi rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Nurməmmədov vəsatət qaldırıb.
Vəkil Mahir Ələkbərovun xəstəliyi ilə əlaqədar barəsində olan həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Hakim vəsarəti təmin etməyib.
İş üzrə məhkəmənin baxış iclası dekabrın 10-na təyin olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Digər xəbərlər