Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Antiterror əməliyyatının vaxtıdır"
Tarix: 13-11-2021 | Saat: 12:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ekspert: Antiterror əməliyyatının vaxtıdır

“Son hadisə bir daha ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir. Görünür, separatçıların tör-töküntülərinin nümayəndəsi Araik Arutunyanın bu yaxınlarda mülki əhalinin silahlandırılmasına dair bəyanatı faktiki olaraq yerinə yetirilməkdədir".

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri "Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, erməni mülki vətəndaşında qumbaranın nə işi olduğunun sualının cavabı məhz Araik Arutunyandadır: "Təəssüflər olsun ki, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər. Bu proses baş tutmayanadək gələcəkdə də oxşar proseslərin yaşanması gözləniləndir”

Ə.Verdiyev hesab edir ki, düşmənə adekvat cavab verilməlidir: “Bu hal ilk dəfə deyil. Əvvəllər də dəfələrlə analoji təxribatlar olub. Son bir həftədə 3-4 dəfə sabotaj cəhdi olub. Artıq Azərbaycan əsgərinin “dəmir yumruğ”unu bir daha havaya qaldırması üçün real şərait yaranıb. Düşünürəm ki, antiterror əməliyyatı istiqamətində real addımlar atmağın vaxtıdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Report"a açıqlamasında deyib ki, belə halların gələcəkdə də təkrarlanması istisna deyil: “Ermənilər ən sərt şəkildə cəzalanmayanadək özbaşınalıq davam edəcək. Onlar Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini çox məsuliyyətsiz aparırlar. Baş verənlər də bunu göstərir. Ermənilərin təxribatı ilk dəfə deyil. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

O həmçinin ermənilərin sabotaja əl atmasının məqsədlərini də açıqlayıb: “Ermənilər bizi təxribata çəkərək yenidən qan tökülməsini, proseslərin uzanmasını istəyirlər. Fikrimcə, bu məsələlər həllini tapmalıdır. Əks halda məcbur olub yenidən silah işlədəcəyik və bu, ermənilərə baha başa gələcək. Ona görə də düşmən özü lazımi addım atmalı, məğlubiyyətlə barışmalıdır. Yoxsa biz müvafiq tədbirlər görəcəyik”.



Xəbəri paylaş

275 dəfə oxunub.

Digər xəbərlər