Tarix: 05-11-2021 | Saat: 12:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin xronikasını təqdim edirik.
Müharibənin 40-ci günü:
• Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
• Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
• Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.
• Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini paylaşıb.
• Ermənistan ordusu Goranboyun kəndinə “Smerç” raketi atıb. Foto və videosu (Azərtac).
• Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyası və hərbi kolonu pusquya salınaraq məhv edilib.
• Baş Prokurorluğun məlumatına əsasən, düşmənin təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb.(Virtualaz.org)
Digər xəbərlər