Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Tarix: 25-10-2021 | Saat: 22:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Qarabaginfo.az xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib:

Salam, xoş gördük.

Sakinlər: Salam.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.

25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik. Bildiyiniz kimi, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu.

Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sakini böyük qəhrəmanlıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim. Ondan sonrakeçmiş məcburi köçkünlərləilk görüş əsnasında onun atası Nəriman kişi ilə tanış oldum və bilmirdim ki, o, Şükürün atasıdır. Köçkünlər üçün salınmış bir şəhərciyin açılışında mənə dedi, mən də salamlarımı çatdırdım. Eşidəndə ki, bu günlərdə, bir neçə gün bundan əvvəl bir ili olub. Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün. Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm. O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir.

Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə - Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq. Ancaq görüləsi işlər çoxdur. Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsiniz və görürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Mənə verilən məlumata görə, sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat idi. Ancaq bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Yəni, biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb.

Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.

Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək.

Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir - həm bərpa işlərində, eyni zamanda, Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində. Çünki rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər.

Mən sizi bu gün dəvət etmişəm ki, bu tarixi günü birlikdə qeyd edək. Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik. Sizi bir daha təbrik edirəm.

Milli Məclisin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi: Salam cənab Prezident, hörmətli Mehriban xanım. Bu gün Qubadlı torpağında Sizinlə bir yerdə olmaq bizim üçün böyük şərəfdir, böyük sevincdir. Bu, bizim üçün böyük bir tarixi gündür. Siz bu torpaqları əsl sahiblərinə qaytardınız. Siz Qubadlını qubadlılılara qaytardınız. Bu gün də qubadlılıları Qubadlıya dəvət etməklə bizi çoxdankı ən böyük arzumuza çatdırdınız. Cənab Prezident, bu günləri bizə yaşatdığınıza görə Sizə öz ailələrimiz və bütün qubadlılılar adından dərin minnətdarlığımızı bildirirəm.

Möhtərəm Prezident, 1992-ci illərin əvvəllərində Azərbaycanda olan hakimiyyətsizlik, dövlətsizlik, satqınlıq və xəyanət nəticəsində biz çox böyük fəlakətlər yaşadıq. Bizim başımıza böyük bəlalar gəldi. Biz böyük bir insan faciəsi yaşadıq, Azərbaycanı itirmək təhlükəsi ilə üzbəüz qaldıq. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biz Azərbaycanı xilas etdik. Onun şəxsən, təkbaşına cəsarəti və dühası hesabına bizVətənimizi itirməkdən xilas olduq. O, sağlam, möhkəm bir bünövrə qoydu və bugünkü güclü Azərbaycan dövləti Sizin rəhbərliyinizlə o bünövrənin üzərində qurulur.

Cənab Prezident, Siz və hörmətli Mehriban xanım yurd-yuvasından uzaq düşmüş insanların dərdini, acısını azaltmaq üçün hər şey etdiniz. Siz qaçqın şəhərciklərini ləğv etdiniz, Siz onlara ev tikdiniz, Siz onların övladlarını ali məktəblərdə oxutdunuz, Siz ad günlərinizi də bizlərlə qeyd etdiniz. Amma bütün bunlarla yanaşı, Siz bizim üçün ən böyük dəyər olan ümid və inam verdiniz. Bax, o ümidin və inamın əsasında yeni bir nəsil yetişdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə 44 gündə düşməni darmadağın etdi. Düz bir il bundan öncə bizim durduğumuz bu torpaqlardan düşmən qovulurdu. Cənab Prezident, biz buna, əslində, 44 günlük müharibə desək də, amma Siz 17 il döyüşdünüz. Bu müharibə bir ildir dayansa da, Siz hələ də döyüşürsünüz. Əslində, mən bunu arzu etməzdim, amma hadisələr göstərir ki, biz Sizin rəhbərliyinizlə hələ çox döyüşməli olacağıq. Siz Qələbənin simvolusunuz, mən əminəm ki, biz hələ çox qələbələr qazanacağıq.

Cənab Prezident, bir iqtisadçı kimi, bir məsələni də qeyd etməyə bilməzdim, Sizin rəhbərliyinizlə bizim əldə etdiyimiz ən böyük uğurlarımızdan biri bizim iqtisadi müstəqilliyimizdir. Məhz Sizin verdiyiniz tapşırıqlar, həyata keçirilən iqtisadi islahatlar, o nəhəng, böyük iqtisadi layihələr bizə böyük iqtisadi imkanlar yaratdı. Bax, bu imkanlar hesabına Siz bir tərəfdən xalqın, insanların, bizim hamımızın sosial yaşayışı ilə bağlı çox böyük işlər gördünüz. Amma digər bir tərəfdən, biz ordu yaratdıq, silah aldıq, döyüşdük, qalib gəldik. Biz o qalibiyyəti saxladıq və bu gün yol boyunca gördük ki, çox böyük quruculuq işləri gedir. Ona görə əminik ki, bu iqtisadi imkanlarımız bundan sonra da artacaqdır. Biz Sizin rəhbərliyinizlə hələ çox uğurlara imza atacağıq. İnşallah, Qubadlı tikilsin, bizim hamımızın burada evlərimiz olsun. Tanrı Sizi və ailənizi qorusun. Sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun, Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır. Biz çox yaxşı təcrübə toplamışıq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır. Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, bura qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir. Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır.

Bir daha onu deməliyəm ki, bax, bu azad edilmiş bölgələrə bilirsiniz, mən tez-tez gedirəm, səfərlər edirəm və ermənilərin yaşadıqları bəzi yerləri də görürəm. Deyə bilərəm ki, orada bir dənə də yeni bina yoxdur. İndi yol boyunca – Bakıdan çıxıb Qubadlıya, istər Ağdama, istər Füzuliyə, istənilən istiqamətə gedən insan yol boyunca yeni evlər görür. Biz kəndləri keçərkən görürük ki, bilmirik evlər bəlkə on il, iyirmi il əvvəl, yəni, bir çox evlər müstəqillik dövründə inşa edilibdir. O vaxt işğal altında olan ərazilərdə bir dənə də bina tikilməyib, bir dənə də. İndi bu Qubadlıda guya onlar məskunlaşma aparmaq istəyirdilər. Xanlıq qəsəbəsində bir erməni fondu evlər tikdirmişdi. İndi adam gedib o evlərə baxanda görür ki, bu evlərdə heç bir şərait yoxdur. İndi oranı bir az düzəltdik, bizim hərbçilər orada yerləşir. Yəni, onlar bu torpaqlara yad bir torpaq kimi baxırdılar. Sadəcə olaraq, bu torpaqları istismar edib, ağacları qırıb, bizim təbii sərvətlərimizi talayıb, çaylarımızı zəhərləyib öz mənfur xislətlərini göstərirdilər. Amma bu gün bütün dünya bunu görür, bütün dünya. Çünki bunu gizlətmək mümkün deyil. Gələn hər bir insan bu dağıntıları görür və erməni faşizminin bax bu sübutlarını görür. Amma biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq.

Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov dedi: Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkliəvəzsiz bir sərkərdəsiniz. Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdənxahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Prezident İlham Əliyev: Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat. Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə. Mən hər bir açılışda olmuşam, hər bir açılışda. Köçkünlərlə görüşlər zamanı, - mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, - görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir.

Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik. Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbəbütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Siz deyirsiniz ikinci dəfə, üçüncü dəfə biz görüşürük. Mən sizi o vaxt Hərbi Qənimət Parkının açılışına da dəvət etmişdim.

Nəriman Həmidov: Bəli, yadımdadır. Üçüncü dəfədir. Çox sağ olun, çox var olun. Sizinlə fəxr edirəm, həyat sübut etdi.

Digər sakin: Sizin bütün fəaliyyətiniz göz qabağındadır - hərbi meydanda da, diplomatiyada da, siyasətdə də. Bütün cəbhələrdə Siz sinə gərdiniz.

Sizi bu xalqa Tanrı göndərib, İlahi pay göndərib.

Prezident İlham Əliyev: Sağ olun.

Əməkdar müəllim Şamama Həsənova: Xalqının sevimli, dağ vüqarlı, qartal görünüşlü əziz Prezidentimiz. Bu gün biz babalarımızdan bizə əmanət qalan bu torpaqda olmağımızdan çox böyük qürur hissi keçiririk. Bu qürur hissini, bu sevinci, bu fəxarəti bizə yaşatdığınız üçün Sizə qubadlılıların təşəkkürünü çatdırıram. Mən bu gün çox xoşbəxtəm ki, qubadlılıların salamlarını Sizə çatdırmaq şərəfinə nail olmuşam. Cənab Prezident, biz hamımız qubadlılılar olaraq bir nəfər kimi Sizin arxanızdayıq, Sizin yanınızdayıq və bütün quruculuq işlərində - necə ki, o 44 günlük müharibədə - yenə də Sizin bütün tapşırıqlarınızın, bütün sərəncamlarınızın, bütün çıxışlarınızdan irəli gələn müddəaların həyata keçirilməsi bu gün Qubadlımızda prioritet məsələdir. Bu gün Qubadlıda hamı bununla fəxr edir. Arzu edirəm ki, bu quruculuq işlərində də biz həmişə Sizin sağ əliniz olaq, Sizin, Mehriban xanımın yanında olaq. Allah Sizə elə qol-qanad versin ki, bu quruculuq işlərini, başladığınız bax bu işi Allahın köməyi ilə axıraçatdırasınız. Mehriban xanım, xanımlar xanımı, birinci xanımımız həmişə Sizin yanınızda olsun.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.

Şamama Həsənova: Bu gün Müzəffər Ali Baş Komandan kimi, qalib Ordunun qalib sərkərdəsi kimi, cənab Prezident, Sizi təbrik edirik. İnanın ki, hər bir insanın qəlbində, hər bir qubadlılının qəlbində, o cümlədən bütün xalqımızın qəlbində elə bir abidə ucaltmısınız ki, o heç vaxt oradan, öz yerindən ayrı ola bilməz.

Sizi, ailənizi, belə xoş gündə bir daha təbrik edirəm. Qoy Allah bizi həmişə belə xoş günlərdə görüşdürsün, qubadlılılarla Sizi belə xoş günlərdə, əlamətdar günlərdə görüşdürsün.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkürlər, çox sağ olun. Elə də olacaq bundan sonra. Sağ olun.

Sözünüz var? Buyurun.

Əməkdar müəllim Ədalət Əsədov:

Ey ulu məmləkətin Ali Baş Komandanı,

Şücaətin, təpərin dünyaya dastan oldu.

Sən bu xalqın qəlbində elə heykəl ucaltdın,

Tarix yaddan çıxarmaz, tarixə dastan oldun.

Bu gün cənab Prezident biz qubadlılıları Qubadlıya qonaq dəvət edib. Ulu Yaradandan diləyim budur ki, biz qubadlılılar da dəyərli Prezidentimizi, böyük insanımızı, böyük şəxsiyyətimizi - İlham Əliyevi Qubadlıya qonaq dəvət edək. Var olun, Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Elə də olacaq. Yaxın gələcəkdə.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran HüseynovaCənab Prezident, bizim bu ulu baba torpağımıza bizi qaytardınız. Bu,bizim üçün ən böyük xoşbəxtlikdir. Sizin də, Mehriban xanımın da, bütün bu 44 gündə danışıqlarınızda, Sizin çıxışlarınızda hiss edirdik ki, Siz doğrudan da nə qədər böyük həyəcan keçirirdiniz. Amma birinci gündən axırıncı günə qədər biz Sizə arxalanırdıq, Sizə inanırdıq. Bütün xalq Sizin ətrafınızda birləşib. Siz də o xalqdan güc alaraq bizi o Qələbəyə çatdırdınız. Ona görə Sizə cansağlığı, uzun ömür arzulayırıq, biz də həmişə arxanızdayıq. Ölümün gözünə dik baxan o şəhidlərimiz, cənab Prezident, məhz Sizdən güc alırdılar, Sizdən ilham alırdılar.

Prezident İlham Əliyev: Bilirsiniz, dünyada indi, tarixdə bir çox müharibələr olub.Ancaq inanmıram ki, belə bir müharibə olsun ki, orada iştirak edən orduda bir nəfər də fərari olmasın.

Hicran HüseynovaBəli, bəli, bu, Sizin sayənizdədir.

Prezident İlham Əliyev: Çünki biz İkinci Dünya müharibəsinin tarixini yaxşı bilirik. O vaxt sovet ordusunda nə qədər fərari olmuşdur, nə qədər satqın olmuşdur. Hətta alman faşistləri satqınlardan ibarət ordu yaratmışdılar. Ancaq bizdəbir dənə də olsun fərari olmamışdır.

Hicran HüseynovaSizin sayənizdə. Sizə güvənərək ölümə getdilər.

Prezident İlham Əliyev: Ölümə gedirdilər, ölümə gedirdilər bu torpaq uğrunda. Bax, budur, xalqımızın böyüklüyü.

X X X

Xatirə şəkilləri çəkdirildi.

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ictimaiyyətin nümayəndələri Qubadlı şəhərinin ərazisini gəzdilər.

Prezident İlham Əliyev: Harada oxuyursan?

Oğlan tələbə: Mən məktəbdə respublika birincisi oldum. Bakı Ali Neft Məktəbində oxuyuram.

Prezident İlham Əliyev: Neft məktəbində? Neçənci kursda?

Oğlan tələbə: Birinci kurs.

Prezident İlham Əliyev: Birinci kurs. Hə, çox yaxşı.

Qız tələbə: Mən də Bakı Ali Neft Məktəbində oxuyuram. Tələbələrimizin Sizə salamı var.

Prezident İlham Əliyev: Çox sağ ol, məndən də tələbələrə salam söylə. Çox sağ ol.

Sakin: Mən çox təsirlənirəm. Cənab Prezident, müharibədən danışanda məni ağlamaq tutur. Azərbaycan tarixinin ən şərəfli səhifəsidir.

Prezident İlham Əliyev: Bəli, elədir. Razıyam, çox sağ olun.

Gənc idmançı: Cənab Prezident, gənc olimpiyaçı olaraq mən də gənc idmançılar adından Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Bilirəm, sən yaxşı vuruşmusan. Amma Niyaməddin kimi çempion olmalısan.

Gənc idmançı: Sağ olun. İnşallah, Sizə söz verirəm.

Prezident İlham Əliyev: Deyirəm, sənin kimi çempion olmalıdır. Hə?

Gənc idmançı: Müəllimimizdir. Niyaməddin müəllimdən həmişə böyük örnək almışıq.

Prezident İlham Əliyev: Sən neçənci ildənsən?

Gənc idmançı: 1996-cı ildən.

Prezident İlham Əliyev: 1996-cı ildən. Görməmisən?

Gənc idmançı: Görməmişəm. Böyük şərəf oldu.

Prezident İlham Əliyev: Valideynlərin burada yaşayıb?

Gənc idmançı: Bəli, valideynlərim burada olubdur, Gürcülü kəndində. Böyük şərəfdir Sizinlə buranı ziyarət etmək.

Niyaməddin Paşayev: Cənab Prezident, mən də öz adımdan, öz ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ ol.

Niyaməddin Paşayev: Mən 13 yaşıma qədər böyüdüyüm bu Qubadlı.

Prezident İlham Əliyev: Sən burada yaşamısan?

Niyaməddin Paşayev: Bəli, Qubadlı rayonunun Muğanlı kəndində doğulmuşam. İnşallah, arzu edirəm ki - necə ki, bu günə qədər Azərbaycanda böyük idman yarışları təşkil olunub, - bu işğal olunmuş şəhərlərimiz də bərpa olunandan sonra bizə Avropa Oyunları kimi, İslam Oyunları kimi, Avropa, dünya çempionatlarını keçirmək qismət olsun.

Prezident İlham Əliyev: Əlbəttə. Mütləq. Burada indi mütləq yaxşı idman qurğuları tikiləcək. Siz də gəlib burada öz təcrübənizi bölüşəcəksiniz. Mütləq.

Gənc idmançı: İnşallah, bundan sonra bütün qələbələrimizi Sizə həsr edəcəyik.

Prezident İlham Əliyev: Çox sağ ol. Sənin çox güclü potensialın var, mən izləyirdim. Dünya çempionatının bürünc mükafatçısısan?

Gənc idmançı: Bəli.

Prezident İlham Əliyev: Yəni, dünya, Olimpiya çempionu ola bilər.

Gənc idmançı: İnşallah. Sizə söz veririk, Parisdə sübut edəcəyik, Allahın izni ilə. Çox sağ olun.

Həkim: Cənab Prezident, mən 15 il burada uşaq həkimi işləmişəm.

Prezident İlham Əliyev: Qubadlının rayon mərkəzində?

Həkim: Rayon mərkəzində. Müalicə etdiyimiz bu uşaqlar Sizin sayənizdə bu torpaqlarımızı işğaldan azad etdilər. Bu torpaqlara, bu evlərin hər birinə indi baxırıq, tanımırıq.

Prezident İlham Əliyev: Hamısını dağıdıblar. Sonra da söküblər. Əvvəl, müharibədən sonra dağıdıblar. Sonra da söküblər, daşları da aparıblar, atıblar ora-bura. Hamısı yenidən qurulacaq. İndi göstəriş verilib. İndi Baş plan hazırlanır. Yəqin ki, 2-3 aya hazır olacaq. Ondan sonra ictimaiyyət də tanış olacaq. Baxarsınız, siz də öz təkliflərinizi verərsiniz. Əlbəttə, daha böyük şəhər nəzərdə tutulur. İlkin belə variant indi mənə məruzə edildi. Ola bilər, 10-15 min əhalisi olan. Çünki işğala qədər rayon mərkəzinin 5 min əhalisi olub.

Əlbəttə, kəndlərin də bərpası mütləq olacaq, İnşallah. İndi bu əsas yol çəkilir, Eyvazlıya da bir yol çəkilir. Yəqin ki, eşitmisiniz?

Sakinlər: Bəli, ən strateji yoldur.

Prezident İlham Əliyev: Bəli, bəli. Həmin o Gorus-Qafan yolu ki, indi bizim ərazimizdən keçir.

Sakin: Cənab Prezident, Siz Ali Baş Komandan kimi bu kəndlərimizi bizdən yaxşı tanıyırsınız.

Prezident İlham Əliyev: Mən bunu əzbər bilirəm. Çünki müharibə dövründə bütün bu göstərişlər verilirdi, hansı kənd nə vaxt, necə götürülməlidir.

Sakin: Hər gün xalq Sizdən elan gözləyirdi. Vərdiş etmişdik.

Prezident İlham Əliyev: Bəzən bir-iki gün ara olanda narahat olurdular ki, görəsən, nə oldu?

Sakin:Gorus rayonunun dörd azərbaycanlı kəndi var idi - Şurnuxu, Ağbulaq, Çayzəmi, bir də Qurdqalaq. Kəpəz dağı buradan görünürdü. Kəpəz dağının arxasında ermənilər ad qoymuşdu Ağbannıdır. Bunlar hamısı Azərbaycan kəndləri idi. Qədim qəbiristanlıqlar qalıb, yerlər hamısı qalıb. Bizim Seytas kəndi üç dəfə dağıdılıb, bir fəsildə üç dəfə yandırılıb. 1990-cı ilin yanvar ayında mənim atamın evi yandırıldı.

Sakin:Cənab Prezident, sağ tərəfdə Böyük Vətən müharibəsi abidəsi,Ana abidəsi var idi.Hamısının adı yazılmışdı orada.

Prezident İlham Əliyev: Onu da söküblər.

Sakin:O yuxarıdakı da rayonun dağüstü pavilyonu olub. Pilləkənləri də söküb aparıblar.

Digər sakin: Cənab Prezident, mənim xatirimdədir, səhv eləmirəmsə, 1997-ci ildə Ulu Öndər Akademik Opera və Balet Teatrına gəlmişdi - “Arşın mal alan” tamaşasına. Pediatrların yığıncağı idi, qonağı və dostu, qardaşı İhsan Doğramacı ilə.

Onda pərdə arxasına keçdim, mən onda Vəli obrazında idim. Məni böyük sənətkarımız Lütfəli Abdullayevə bənzədirdilər. Səhnə arxasına gəldi, öz təəssüratlarını hamımızla bölüşdü. Çox razı qalmışdı.

Prezident İlham Əliyev: Bəli, o, tamaşalara tez-tez gəlirdi.

Sakin: Allah qəni-qəni rəhmət eləsin. O, incəsənət işçiləri üçün, aktyorlar üçün çox böyük işlər görüb və Siz də onu davam etdirirsiniz. Hamımızın ürəyindəndir, hamımız Sizin duaçınızıq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Cənab Prezident, bir məsələni deyim. Bu çay buradan keçirdi. Ermənilər istəyirdilər burada bulvar düzəltsinlər. Oranı qaldırıblar ki, düzəltsinlər, yarımçıq qaldı. Biz gəldik, ordumuz gəldi.

Prezident İlham Əliyev: Buranı onlar genişləndiriblər?

Sakin: Bəli, genişləndirmək istəyiblər ki, bir azca o tərəfə getsin. Desinlər bulvardır, Bakıdakı kimi. Amma planları gözlərində qaldı.

Prezident İlham Əliyev: Bəli, onu biz edərik. Burada çay boyunca belə gəzinti yerləri mütləq olmalıdır.

Sakin: Çox gözəl olardı. Dar idi də belə.

Prezident İlham Əliyev: Onlar genişləndiriblər. Amma burada bir iş görməyiblər.

Sakin: Yox, onlar belədir də. Ancaq uçurub dağıtmaqla məşğul idilər. Ümidləri yox idi, ona görə.

Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bilirdilər ki, biz qayıdacağıq. O Bəsitçay qoruğunda ağacların böyük hissəsini kəsiblər, ancaq kötüklər qalıb və yandırıblar. Biz keçən dəfə Zəngilanda olanda Bəsitçaya getmişdik. Dağıdıblar, kəsiblər, misli görünməmiş vandallıq.

Kəlbəcər şəhəri tam dağılıb. Halbuki, orada bəzi yerlərdə yaşayırdılar. Ora da tamamilə yerlə bir idi. Eybi yoxdur, hamısını yenidən quracağıq, daha gözəl olacaq. Mən həmişə o qəsəbələrin açılışlarında keçmiş köçkünlərlə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir. Torpaqlar azad olunandan sonra daha gözəl evlər, binalar tikəcəyik. İndi o gün yaxınlaşır.

Sakinlər: Çox sağ olun.

Vətən Müharibəsi Qəhrəmanı: Mən ehtiyatda olan bir əsgər kimi bir çox tədbirlərdə iştirak eləmişəm. Orada qeyd edirdim, cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm ki, məni 19 yaşımda “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Şükür Allaha, bu gün öz doğma torpağımızda Sizinləyik.Sizə təşəkkürümü bildirirəm ki, məni və döyüş yoldaşlarımı yüksək fəxri adlarla qiymətləndirmisiniz. Çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq.

Vətən Müharibəsi Qəhrəmanı: Hər an hər bir əmrinizi icra etməyə hazırıq.

Prezident İlham Əliyev: Sağ ol. Bu medallar hansı şəhərlər uğrundadır?

Vətən Müharibəsi Qəhrəmanı: Cəbrayıl, Füzuli.

Prezident İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər