Tarix: 04-10-2021 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Tərtər rayonuna dəyən ziyanın aradan qaldırılması ilə bağlı görülən işlər açıqlanıb.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərə səfər edən Prezident İlham Əliyevə məlumat verib.
M. Məmmədov qeyd edib ki, Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
M. Məmmədov bildirib ki, ümumilikdə atılan 30 mindən çox mərminin 16 mini Tərtərə düşüb: “Demək olar ki, 62 ev dağılmışdı. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq. Tərtərdə bərpa olunan yaşayış fondunun 84 faizi artıq təmin edilib. 82 yaşayış binasının hamısı dam örtüyü ilə təmin olunub. Burada 17 məktəb dağılmışdı. Artıq onların hamısı təmir olunub. Sizin Sərəncamınızla modul tipli bir məktəb tikilir, hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlayacağıq. 184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Möhtərəm Prezident, əmlakına dəyən ziyana görə Sizin Sərəncamınızla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib”.
Digər xəbərlər