“Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağla bağlı danışıqları bərpa etməyə hazırdır”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib. O bildirib ki, Qarabağ probleminin siyasi yolla həlli gündəmdə qalır:
“Ermənistan Avropa İttifaqının mövqeyi ilə uzlaşan Çexiyanın məsələyə münasibətini yüksək qiymətləndirir. Çünki Çexiya da ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında sülh danışıqlarını təşviq edir” – deyə Mirzoyan vurğulayıb. O, həmsədrlərlə və onların vasitəçiliyi çərçivəsində Azərbaycanın xarici işlər naziri ilə görüşün əhəmiyyətini qeyd edib.
Görünür Ararat Mirzoyanın da, prosesə yenidən ATƏT-in Minsk Qrupunun daxil olacağı ilə bağlı ümidi yaranıb. Lakin Ermənistan hakimiyyəti Azərbaycan tərəfinin Minsk Qrupu ilə bağlı mövqeyini yaxşı bilir. Bu zaman Ararat Mirzoyan və digərləri anlamalıdırlar ki, Minsk Qrupu yalnız barışdırıcı mövqe sərgiləməklə və Azərbaycanın maraqları çərçivəsində regiondakı işlərə töhfə verməklə prosesə cəlb oluna bilərlər. Ölkə başçısı çox aydın şəkildə dəfələrlə mövqeyini ortaya qoyub: “Heç bir statusdan söhbət gedə bilməz və münaqişə artıq bitib”. Münaqişə bitibsə, o zaman ATƏT-in Minsk Qrupuna və danışıqlara da heç bir ehtiyac yoxdur.
//Konkret.az