Tarix: 01-10-2021 | Saat: 12:29
Bölmə:Karusel / Sosial | çapa göndər
Qarabaqinfo.az-nın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir. Üç gün davam edəcək sərgidə layihəyə cəlb edilmiş yaşlı insanların müxtəlif sahələrdə aktiv fəaliyyətlərini, fəal həyat tərzini əks etdirən, peşəkar fotoqraflar tərəfindən çəkilmiş fotoşəkillər təqdim olunur. Məqsəd yaşlanma fenomeni ilə bağlı bir sıra hallarda mövcud olan stereotiplərin və yaşlanmaya şüurlarda ənənəvi yanaşmanın pozitiv təsəvvürlərlə əvəz olunmasını təşviq etməkdir. Nümayiş olunan fotoşəkillər yaşlanmanın ümumi qəbul olunmuş təsəvvürdəki passiv təbiətinə tamamilə əks olan və özündə dinamikliyi, müsbət enerjini və həyatsevərliliyi birləşdirən fəal və sağlam yaşlanma əhval-ruhiyyəsini insanlara çatdırır. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsinə yönəlik müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramları əhatə edir. Ən başlıcası isə bu layihə fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılmasına öz töhfəsini verir.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fəal həyat tərzi sürməyə çalışan yaşlıları öz icmaları və bütövlükdə cəmiyyət üçün müsbət rol modelləri adlandırıb: “Bu gün hamımızın bu cür pozitiv nümunələrə ehtiyacı var. Bu qəbildən olan tədbirlərlə biz məhz bu nümunələri göz önünə gətirməyə və bu müsbət təcrübələri təşviq etməyə çalışmalıyıq. Ümidvaram ki, cəmiyyətimizdə hələ də çox yeni bir məfhum olmasına baxmayaraq, fəal və sağlam yaşlanma mövzusu zaman keçdikcə daha çox insanın diqqət mərkəzinə düşəcək və tədricən daha çox insanlarımızın fəal yaşlanmanı öz həyat kredosuna çevirməsinin şahidi olacağıq”.
DOST Agentliyinin sədri Fərid Məmmədov Fəal Yaşlanma layihəsinin yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə, hökumətin yaşlılarla bağlı həyata keçirdiyi sosial müdafiə tədbirlərinə dəstək olduğunu diqqətə çatdırıb.
Fotosərgi növbəti iki gün ərzində Dənizkənarı Bulvar ərazisində açıq havada davam edəcək. APA
Digər xəbərlər