Tarix: 29-09-2021 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qazeta.Ru-da Mixail Xodaryonokun müəllifliyi ilə geniş məqalə dərc olunub.
Qarabaginfo.az həmin məqaləni təqdim edir:
Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibənin təhlillərinə adətən “Bayraktar TB-2” pilotsuz uçuş aparatları və İsrail istehsalı olan “Harop” hücum dronlarının taktiki-texniki xüsusiyyətlərinin analizi başlayıb, elə bununla da son qoyurlar. Lakin heç bir hərbi qarşıdurmanın uğuru yalnız müasir silahların istifadəsindən asılı olmur.
Azərbaycana bu qələbəni “Bayraktar TB-2”dən çox ölkənin ali hərbi rəhbərliyinin səriştəli davranışı qazandırıb. Bu davranış münaqişədən xeyli əvvəl sərgilənməyə başlamışdı...
İlk qələbənin acı zarafatı
Sovet dönəmində azərbaycanlılar arasında hərbi təhsil o qədər də dəbdə olmayıb. Sovet ordusunun yüksək rütbəli kadr heyətində azərbaycanlı zabit və generalların sayı digər millətlərlə müqayisədə ən aşağı həddə idi. Məsələn, 1991-cu ilədək SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Ali Hərbi Akademiyasını cəmi bir azərbaycanlı bitirmişdi ki, bu da sonradan Azərbaycanın ilk müdafiə naziri olmuş Valeh Bərşadlı idi. Məhz bu üzdən idi ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbər vəzifələrini çox ekzotik tərcümeyi-halı olan, hərbi sahəyə aidiyyatı olmayan şəxslər tuturdu. Başqa sözlə, ölkədə nazirliyi və Baş qərargahı komplektləşdirmək üçün ixtisaslı kadrların kəskin qıtlığı hiss olunurdu. Aydındır ki, belə rəhbərliyin hərbi quruculuq və operativ-strateji planlaşdırma təcrübəsi ola bilməzdi.
Yerevanda isə əksinə, keçmiş Sovet hərbi kadrlarının sayı çox idi. Təkcə onu demək kifayətdir ki, erməni ordusunun ilk rəhbəri SSRİ-nin Əfqanıstan kampaniyasına başçılıq edənlərdən biri – general-leytenant Norat Ter-Qriqoryants olub.
Lakin o zaman qazanılmış qələbə erməni hərbi birləşdirmələrinin başını gicəlləndirdi və sonda onlarla acı zarafat etdi. Ermənistan və “DQR”in hərbi-siyasi rəhbərliyi düşünürdü ki, həmişə belə olacaq. Onlar Azərbaycanda müasir, döyüş qabiliyyətli ordunun yarandığını anlamırdılar.
İlham Əliyev Nikol Paşinyana qarşı
Azərbaycan prezidenti İlham Əliyev gələcək qələbə üçün iki vacib iş görmüşdü. Birincisi, o, işlək Silahlı qüvvələr yaratmış, buna xeyli səy və resurs sərf olunmuşdu. İkincisi, Əliyev Türkiyənin tam dəstəyini qazanmışdı. Heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, bu gün bu bölgənin lideri Ankaradır.
Nikol Paşinyana gəlincə, Bakının fonunda o və Ermənistanın ali siyasi və hərbi rəhbərləri çox solğun görünürdülər. Ölkənin və Silahlı qüvvələrin müharibəyə hazırlanması, erməni hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığının dəstəklənməsi üçün çox az iş görülmüşdü. Görünür, Yerevanda strateji ehtiyyatların formalaşdırılması, maddi imkanların genişləndirilməsi, müharibə zamanı onların necə bərpa edilməsi haqda heç kim düşünməmişdi. Erməni tərəfi bölgə ərazisinin silahlı qüvvələrin maraqlarına uyğun hazırlanması (hərbi əməliyyatlar teatrının operativ təmin olunması), ilk növbədə qoşunların qorunması, vacib hərbi və arxa cəbhə obyektlərinin düşmən zərbələrindən müdafiə olunması üçün az iş görmüşdü.
Döyüş qabiliyyətli Silahlı qüvvələr olmadan siyasi bəyanatların heç bir dəyəri yoxdur. Kiminsə Yerevana təmənnasız dəstək göstərəcəyini düşünməyə isə, görünür, dəyməzmiş. Qərb Ermənistandan uzaqdadır və narahatlıqdan başqa heç nə ifadə edə bilmir. Rusiyaya isə bu məsələdə tam olaraq Yerevanın tərəfini tutmaq qətiyyət əl vermirdi. Moskva dəfələrlə bəyan etmişdi ki, həm Ermənistan, həm Azərbaycanla tərəfdaşdır.
Hərbi aviasiyasız Yerevan
Bütün bunlar o deməkdir ki, Qarabağ münaqişəsinə nöqtə hələ qoyulmayıb. Bu regionda vəziyyətin gərginləşməsinə hələ ki, iki min rusiyalı sülhməramlı imkan vermir. Onların burada qalma müddəti isə beş ildir. Bu müddət yalnız tərəflərdən (Rusiya, Azərbaycan, Ermənistan) hansınınsa etiraz etməyəcəyi təqdirdə daha 5 il uzadıla bilər. Amma missiyanın burada nə qədər ləngiyəcəyini hələlik heç kim deyə bilməz.
Açığı, vəziyyət Yerevan üçün o qədər də əlverişli deyil. Çox kiçik və getdikcə azalan əhalisi, məhdud maliyyə resursları olan bu ölkə funksional olaraq yetkin bir ordu yaratmağa qadir deyil. Hərbi Hava qüvvələrinin yaradılması isə Yerevanın yaralı yeridir. Məsələn, belə hərbi əməliyyatlar zamanı döyüşməyə az-çox hazır olmaq üçün təxminən 100 döyüş təyyarəsindən ibarət Hərbi Hava qüvvələri lazımdır. Bir ədəd dördüncü nəsil qırıcının qiyməti isə 120-150 milyon dollardır. Demək, təkcə aviatexnikanın alınmasına haradasa 15 milyard dollar tapmaq lazımdır. Üstəlik, ən azı 30 sutkalıq döyüş əməliyyatlarda istifadəyə yetəcək qədər aviazərbə vasitələri...
Azərbaycana gəldikdə, onun hərbi-iqtisadi potensialı Ermənistanın imkanlarından xeyli üstündür və bu fərq artmaqda davam edir. Bu davam etdikcə, Bakının gücə əl atmaq istəyi də böyüyəcək. Bu mənada, Qarabağda üçüncü müharibə qaçılmazdır. Bu, yalnız zaman məsələsidir.
Digər xəbərlər