Saytımızı qiymətləndirin


 
 

“O məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməz” – Rauf Arifoğlu 
Tarix: 22-09-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“O məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməz” – Rauf Arifoğlu 

 

Azərbaycanda vəzifəsini itirən məmurların qəfildən “Qeybə çəkilməsi” adi hala çevrilib. Uzun illər hakimiyyət iyeraxiyasında müxtəlif vəzifə tutmuş adamların sonradan kölgəyə çəkilməsi birmənalı qarşılanmır. Hətta mətbuat da onların izini tapa bilmir.

Məsələn Heydər Babayev, Abid Şərifov, Hacıbala Abutalıbov və digərləri bu kateqoriyaya daxildirlər. Azərbaycanda məmurlar vəzifədən getdikdən sonra niyə yoxa çıxırlar? Onların xalq arasına çıxmağa üzü yoxdur, yoxsa vəzifələrini itirən kimi cəmiyyət üçün yararlılıq əmsalları aşağı düşür?

Qarabaginfo.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mövzu ilə bağlı "Yenisabah"a danışıb. O bildirib ki, həqiqətən də məmurların bir çoxu sabiq statusunu alan kimi yoxa çıxırlar: “Çünki ortada olmaq onlara sərf eləmir. Əksəriyyəti rüşvət, korrupsiya və başqa əməllərlə fərqləndiyi üçün, onlar əllərində qalan vəsaitləri rahat yemək üçün ya Avropanın hansısa ölkəsində yerləşirlər, ya da ümumiyyətlə kölgəyə çəkilməyə üstünlük verirlər”.

R. Arifoğlu “qeybə çəkilənlər”in siyahısına Səfər Əbiyevi də əlavə edib: “Buraya Səfər Əbiyevi aid edə bilərəm. Milyonlarla Azərbaycan əsgərinin vəsaitini çapdı, taladı Çexiyada özünə biznes qurdu. İndi ortada yoxdur. Tapın görək necə tapırsınız.

Məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməzlər kölgəni, qaranlığı sevərlər. Nə qədər obrazlı ifadələr tapsaq da bu gerçək ortadadır ki, həmin məmurlar Azərbaycan dövlətinin sərvətini talan etmiş bir dəstədirlər. Onların Azərbaycana heç bir faydası yoxdur.

Bəzi sabiq məmurlar var ki, onlar işdən çıxsalar da ekspert qismində fəaliyyət göstərirlər. Məsələn Eldar Namazov kimi Azərbaycanın xeyrinə fəaliyyət növü tapırlar və qorxmadan çəkinmədən öz həyatlarını davam etdirirlər”.

 



Xəbəri paylaş

495 dəfə oxunub.

Digər xəbərlər