Tarix: 14-09-2021 | Saat: 08:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Son aylar həm sosial şəbəkələrdə, həm də media orqanlarında Ermənistandan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə İrana və bəzi başqa ölkələrə məxsus yük maşınlarının keçməsi ilə bağlı videolar yayılıb.
Sentyabrın 12-də də Azərbaycan Müdafiə Nazirliyi bu məsələ ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanladığını açıqladı. Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan, Rusiya Prezidentlərinin, habelə Ermənistan Baş nazirinin 10 noyabr üçtərəfli bəyanatına ziddir və onların qarşısının alınması xahiş olunur. Amma açıqlamada ölkə adı çəkilmirdi. Lakin bu il avqustun 11-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona həmin məsələ ilə bağlı nota təqdim edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, 10 noyabr sazişi imzalananda Azərbaycan hər şeyin çox rahat və səliqəli gedəcəyini heç də düşünmürdü: "Çünki uzunmüddətli çox ağır və mürəkkəb bir problem, əsasən, həll edilsə də, müəyyən məsələlərin həlli müəyyən zamana qalırdı. Zaman göstərdi ki, bu, həqiqətən də belədir. Ermənistanın Azərbaycan ərazilərini hələ də atəşə tutması, sülh sazişindən imtina etməsi, Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi və Azərbaycan suverenliyini pozan müəyyən məsələlər olub".
Deputat qeyd edib ki, Azərbaycan bu məsələləri gizlətmir, açıq şəkildə Rusiya tərəfinə və beynəlxalq ictimaiyyətinə bildirmişdi: "İran maşınlarının Rusiya sülhməramlılarının postundan həmin əraziyə qeyri-qanuni keçməsinə Azərbaycan öz ciddi narazılığını bildirdi. Bu barədə əvvəldən də məlumatlar verilirdi, sonra nota verildi. Ümid etmək istərdik ki, Rusiya tərəfi bu məsələdə bir qayda yaradacaq".
O, vurğulayıb ki, Azərbaycan bu məsələyə nə göz yummaq, nə də güzəştə getmək fikrindədir: "Bu məsələdə biz Rusiya tərəfdən konkret bir addım gözləyirik. Eyni zamanda, İran tərəfi ilə iş gedir. Bu yüklər İrandan gəlir və İran hakimiyyəti bu şirkətlərlə Azərbaycan ərazisi bütövlüyünü pozan bir subyekt kimi iş aparmalıdır".
Deputatın sözlərinə görə, son günlər ərazisindən keçən Gorus-Qafan yolunda post quraraq həmin maşınları yoxlaması özü də Azərbaycanın suveren hüququdur: "Azərbaycan öz hüquqlarını qoruyur və qoruyacaq. Azərbaycan öz ərazisinə qeyri-qanuni daxil olmanın qarşısını alıb və alacaq. Azərbaycanın qətiyyəti bu tip problemlərin azalmasına və sonda yox olmasına gətirəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Azadlıq” radiosuna bildirib ki, notanın bir faydası olmadı: "Nota, adətən, ölkəyə verilir ki, o öz siyasətini bir az korrektə etsin. Amma notadan sonra İran nəinki yükdaşımaları dayandırmadı, yüklərin sayı daha da artdı".
Ekspertin fikrincə, belə olan halda Azərbaycan müəyyən qərarlar verməlidir: "Birinci atacağımız addım İranla münasibətlərin səviyyəsini aşağı endirmək olmalıdır. Dövlətlərarası münasibətlərin dörd prinsipi var: qonşuluq münasibətləri, tərəfdaşlıq münasibətləri, strateji tərəfdaşlıq münasibətləri və strateji müttəfiqlik. Biz Rusiya və İranı rəsmi səviyyədə "tərəfdaş" adlandırırıq. Amma bu təxribatların sonunda Rusiya və İranla artıq bu səviyyəni qonşuluq münasibətlərinə endirmək lazımdır".
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan ərazilərinə qeyri-qanuni keçən şirkətlərə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək lazımdır: "Üçüncü addım isə dünən reallaşdı. Gorus-Qafan yolunda Azərbaycan ərazisinə düşən hissədə nəzarət gücləndirildi və İranın yük maşınları yoxlanılır".
Politoloq hesab edir ki, Laçın dəhlizi də nəzarətə götürülməlidir: "Çünki İran yükləri dayandırılsa da, başqa ölkələrdən yüklər keçəcək. Biz bu yüklərin keçirilməsinin əleyhinə deyilik. Əgər ora yanacaq aparılırsa və həmin yanacaq mülki insanlar üçün lazımdırsa, bu, problem deyil. Amma bu Azərbaycanın razılığı ilə olmalıdır, kontraktlar bağlanmalıdır. Biz bu yüklərin nə olduğunu bilməliyik".
Digər xəbərlər