Tarix: 07-09-2021 | Saat: 11:22
Bölmə:Karusel / İdman | çapa göndər
"Bu gün xalqımız və ölkəmiz üçün əlamətdar gündür. Çox böyük sevinclə qəhrəman paralimpiyaçıları qarşılayırıq. Onlar XVI Yay Paralimpiya Oyunlarında parlaq qələbə qazandılar və Vətənə dönürlər".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Tokio paralimpiadası kimi mötəbər yarışda 163 ölkə arasında 10-cu yeri tutmaq böyük nailiyyətdir: "Bu qəbələ bir daha sübut edir ki, Azərbaycanda paralimpiya inkişaf edir və paralimpiyaçılar daim diqqət mərkəzindədir. Bu məsələlərə Prezident İlham Əliyev xüsusi önəm verir. Paralimpiyaçılar dövlət qayğısı görürlər. Onlara veriilən dəstək nəticəsində idmançılarımız 19 medal qazanıb və bunların 14-ü qızıl medaldır".
Kərimov ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər qələbədən sonra paralimpiyaçılarla əlaqə saxladığını və onları təbrik etdiyini söyləyib: "Bu qayğı və diqqət idmançıları daha da ruhlandırdı və mübarizə əzmini artırdı. Bunun nəticəsində ölkəmiz yüksək nəticələr qazandı".
Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.(Report)
Digər xəbərlər