Tarix: 28-02-2018 | Saat: 18:47
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Tağı Türk
İlk dəfə İran İslam Respublikasına səfər edəndə bir məsələ mənim diqqətimi çəkmişdi. Yolboyu keçdiyimiz bütün kənd və qəsəbələrdə yolun kənarında müxtəlif insanların şəkilləri asılmışdı. Hər kənd və qəsəbədə ayrı-ayrı insanların şəkili asıldığından mənə maraqlı gəldi. Bizi aparan sürücüdən soruşdum ki, bu il sizdə nə seçkiləridir? Cavabı məni son dərəcə heyrətləndirmişdi. Onun cavabı isə belə idi:
-Yox, ağa, bu il bizdə heç bir seçki yoxdur. Gördüyünüz bu şəkillər İran-İraq cəngində şəhid olan əsgərlərimizin şəkilləridir.
Mən sözün əsl mənasında təəccüblənmişdim. Şəhidə verilən bu dəyər məni kövrəltmişdi. Sürücü şəhid ailələrinə cəmiyyətin bütün təbəqələrinin göstərdiyi diqqət və qayğıdan danışdıqca özümdən asılı olmayaraq gözlərimdən yaş gəlirdi. Bu, bəlkə də pafoslu səslənir, amma bunu tam səmimi deyirəm, İran vətəndaşının şəhidə, onun ailəsinə verdiyi dəyərə qibtə edirdim.
Bizdə də müharibə olub və sülh danışıqları aparılsa da, münaqişə hələ də davam edir. Minlərlə şəhid vermişik. Həm Bakıda, həm də Qarabağda. Çox güman ki, bundan sonra da minlərlə şəhid verəcəyik. Biz necə, şəhidlərimizə, onların ailələrinə öz ehtiramımızı bildiririkmi? Bir mənalı olaraq: Xeyr!
“20 yanvar” şəhidlərinin xatirəsini əziz tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Hər il yüz minlərlə insan vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün kiçikdən böyüyə hər kəs Azərbaycanın müxtəlif yerlərində olan Şəhidlər Xiyabanına üz tutur. Xüsusilə, paytaxtın “Dağüstü parkı”nda yerləşən xiyaban daha da kütləvi, izdihamlı ziyarət edilir. Və bununla da hərə üzərinə düşən işi bitmiş hesab edir.
Son dövrlər müxtəlif səpgidə şəhidlərə qarşı hörmətsizliyin edildiyinin şahidi oluruq. Xüsusilə, söz adamlarının, cəmiyyətin güzgüsü olan yazarların şəhidlərə və onların ailələrinə qarşı səsləndirdikləri təhqiredici fikirləri eşitdikdə, fikirləşirsən ki, bu insanlarlamı torpaqlarımızı işğaldan azad etmək istəyirik?!
Bu günlərdə şair Emin Piri “20 Yanvar” şəhidi İlham Allahverdiyevi və onun həyat yoldaşı Fərizə xanımı özünün sosial şəbəkə hesabından təhqir edib. 30 iyunda, xüsusilə gənclərin qürurla keçirdikləri “Sevgililər günü”nü aşağlayıcı sözlərlə ifadən edən Emin Piri “Ümumiyyətlə, bu qadını niyə burada basdırıblar? Bu biabırçılıqdır” kimi sərsəm sözlər işlədib.
İstedadını milli dəyərlərimizin təbliğinə xərcləməkdənsə, məşhurlaşa bilməyən bəzi “həmkarları” kimi tanınmaq üçün milli dəyərlərimizə dil uzatması utancvericidir. Və çox təəssüf ki, bunların sayı barmaqla sayılacaq qədər deyil...
Digər xəbərlər