Tarix: 28-02-2018 | Saat: 18:46
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Moldovanın Millətlərarası Bürosunun Xolokost muzeyində Azərbaycanın Moldovada Səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.
"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, muzeydə Xocalı faciəsini əks etdirən fotosərgi təşkil olunub.
Tədbirdə Moldovada akkreditə olan diplomatik korpusun nümayəndələri, o cümlədən Belarus, Türkiyə, Qətər səfirləri, ictimai xadimlər, yerli jurnalistlər, azərbaycanlı və türk tələbələr, o cümlədən Moldovada yaşayan həmvətənlərimiz iştirak ediblər.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar.
Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Səfir Qüdsi Osmanov, 1992-ci il fevralın 26-da baş verən, bütün dünyanı sarsıdan Xocalı faciəsindən 26 il keçdiyini qeyd edərək həmin günün Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olduğunu deyib. Diplomat Azərbaycanın dinc əhalisinə qarşı törədilən bu qətliamın təşkilatçılarının bu gün Ermənistanın rəhbərliyində olduğunu diqqətə çatdırıb.
Səfir belə dəhşətli hadisələrin dünyanın heç bir yerində bir daha baş verməməsi üçün erməni faşizmini və vandalizmini ifşa edən Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının vacib olduğunu deyib.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması istiqamətində böyük rol oynadığını bildirib.
Moldovanın Millətlərarası Bürosunun rəhbəri Oleq Babeko çıxışında Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırımı barədə dünyanın məlumatlandırılmasını vacib olduğunu bildirib. Tədbirdə bir çox millətlərin nümayəndələrinin iştirakını qeyd edən natiq, ağır gündə Moldova xalqının Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.
Moldova Azərbaycan Konqresinin sədri Vüqar Novruzov Xocalı faciəsinin Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu söyləyərək, konqres tərəfindən Moldovada aparılan təbliğat işləri barədə iştirakçılara məlumat verib.
Moldova Parlamentinin deputatı, parlamentin xarici əlaqələr və Avropaya inteqrasiya komitəsinin katibi Sergey Stati çıxışında Azərbaycan xalqına başsağlığı verib, Xocalı soyqırımının Azərbaycan xalqının şüurunda fundamental yer tutduğunu bildirib. Faciənin ağır nəticələrindən danışan millət vəkili 1992-ci ilin Moldova tarixi üçün də ağır və iztirablı olduğunu vurğulayıb: “Bu hadisələrə doğru qiymət vermək lazımdır ki, belə hadisələr gələcəkdə təkrarlanmasın".
Moldovada Türkiyə Səfirinin vəzifələrini müvəqqəti icra edən İskender Okyay Xocalı faciəsinin əsrin digər dəhşətli hadisələri ilə bir sırada durduğunu bildirib. O bu hadisənin insanlığın utancı, xəstə milliyyətçiliyin və təcavüzün təzahürü adlandırıb.
Faciənin Türkiyənin qardaş dövlətinə qarşı törədildiyini qeyd edən diplomat, ermənilərin hələ XX əsrin əvvəllərində oxşar hadisələrin türk xalqının başına gətirdiyini xatırladıb.
Qafqaz, Gürcü və Buxar yəhudilər icmasının sədri Aleksandr Xanukayev heç kimin Xocalı faciəsinə laqeyd qalmadığını söyləyib, yəhudi xalqının azərbaycanlıların kədərinə şərik olduğunu bildirib.
Moldova Respublikasının Effektiv Siyasət İnstitutunun direktor müavini, tarix elmləri doktoru Ruslan Şevçenko erməni işğalçılarının Xocalı qətliamını Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq törədiklərini, lakin buna nail olmadıqlarını söyləyib. O eyni ssenarinin Moldova xalqı üçün yazıldığını vurğulayaraq, hamını bu dəhşətli faciədən dərs çıxarmağa çağırıb.
Moldovada Ukrayna icmasının rəhbəri Nikolay Oleynik bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin və bu cinayətin təşkilatçılarının cəzalandırılmasının vacibliyini qeyd edib.
Moldovada türk biznesmenləri assosiasiyasının sədri İslam Səyid Xocalıda olanların dünyanın heç bir yerində bir daha baş verməməsi üçün Xocalı soyqırımının dünyada tanınması və erməni cinayətkarları məsuliyyətə cəlb etməyin vacibliyini vurğulayıb.
Moldovada Bakı multikulturalizm mərkəzinin rəhbəri Aureliya Qriqoriu artıq "Xocalıya ədalət!" şüarlarının dünyanın bütün tribunalarından səsləndiyini, Moldovanın Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.
Tədbirdə Xocalı faciəsindən bəhs edən, soyqırımı şahidlərinin danışdıqlarını çatdıran “Zülmətdən qaçış” (Running from the darkness) sənədli filmi nümayiş olunub. Həmçinin, iştirakçılara Xocalı soyqırımı ilə bağlı bülletenlər paylanılıb.
Digər xəbərlər