“Ermənilər deyir ki, Şuşada heç vaxt bu qədər sakitlik və qayda-qanun olmayıb...”
Tarix: 11-03-2021 | Saat: 23:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1374 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-03-2021 | Saat: 23:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“İnanıram ki, ermənilər arasındakı bir neçə siyasi fitnəkar, təşviqatçı və təxribatçı zərərsizləşdirilərsə, bütün erməni iğtişaş və münaqişələri sona yetər...”
“Öz ixtiyarına buraxılmış xalq öz yoluyla gedər...”
Azərbaycan ordusunun torpaqlarımızın böyük hissəsinin azadlığı ilə nəticələnmiş 44 günlük müzəffər savaşından sonra Yuxarı Qarabağın qalan hissəsi və Ermənistanda müşahidə olunan vəziyyət onu göstərir ki, bir sıra beynəlxalq super güclər XX əsrin əvvəlləirindən bəri elə onların özlərinin faşist xislətli erməni təşkilatlarını yetişdirib dəstəkləməsi sayəsində qondardığı Qarabağ münaqişəsinin kökündən həllinə yenə də imkan vermək istəmirlər. İqtisadiyyatı ilə bərabər ordusu da Azərbaycan tərəfindən çökdürülmüş işğalçı ölkədə aqressiya, revanşizm, türkofobiya dolu çıxışlar gündən-günə güclənməkdədir. Belə təbliğat və təşviqatı da aparan məhz bir hissəsi Rusiya, digəri Fransa, o biri ABŞ və s. tərəfindən yönləndirilib maliyyələşdirilən müxalifət, hökumət və qeyri-hökumət təşkilatları və əsasən onların liderləridir. Erməni din xadimləri və diasporu da super güclərin əlində bir alətdir. Düzdür, erməni toplumu iki əsrə yaxın müddətdə Türkiyə və Azərbaycan türklərinə qarşı nifrət və “Böyük Ermənistan” xəstəliyinə düçar olub. Ancaq bəlkə də kənar təsirlər olmasa, böyük əksəriyyəti yoxsulluq içində yaşayan Ermənistan və Qarabağdakı ermənilər asanlıqla Azərbaycanın ərazi bütövlüyünü də, onun qanunlarını da tanıyar və bu mərəzlərinin də tədricən şəfası tapılar...
Moderator.az Azərbaycan Demokratik Respublikası dövründə, yəni 1918-1920-ci illərdə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Robert Skotland-Liddellin o illərdə qələmə aldığı “Erməni-Tatar razılaşması- Qafqazda sülhün bərpası” məqaləsinin sözügedən mülahizələr istiqamətində müasir dövr üçün də aktuallığını nəzərə alaraq həmin materialı oxucuların ixtiyarına buraxır.
“Əvvəli burada: //moderator.az/arasdirma/368208/bakidaki-banketde-azerbaycanli-ve-ermeniler-qilinclari-qinina-qoymaq-qerarina-geldi/)
“...Yanvar ayında Şuşada olarkən bir ingilis zabitinə demişdim ki, Zəngəzur mahalındakı qaçqın müsəlmanların hansı vəziyyətdə yaşamasını yəqin etmək üçün oraya getməyə hazırlaşıram. Orada 40 minə yaxın qaçqın müsəlmanın hamısı ermənilərdən zərər çəkmişdi. Bununla belə, mənə dedilər ki, indiyə qədər heç bir ingilis heç vaxt bu yerdə olmamışdır. Qərara alındı ki, iki gündən sonra mən oraya gedim. Mənim Zəngəzura səfərimdən bir gün öncə həmin zabit mənə məsləhət gördü ki, oraya getməyim. O mənə dedi: “Heç bir ingilis zabiti oraya təkcə gedə bilməz. Əgər yaxşı silahlanmış konvoy olmasa, bu, çox təhlükəlidir”. Deyirdilər ki, Zəngəzurdakı müsəlmanlar ingilislərin əleyhinədir, orada türk zabitləri və türk qoşunları var. Bir sözlə, guya Zəngəzur dünyanın xəstə qitəsinin xəstə yeri imiş. Bu zabitin tərcüməçisinin erməni olması faktı mənim hərəkət tərzimi şərtləndirdi. Və nəzərdə tutduğum kimi, oraya getmək qərarına gəldim. O vaxta qədər mən heç yerdə bu cür qonaqpərvərlik görməmişdim, heç yerdə məni Zəngəzurdakı müsəlmanların qəbul etdiyi kimi qəbul etməmişdilər. Mənim bütün səyahətlərim dövründə mənə bu qədər xeyir-dua edilməmişdi. Kiminlə görüşürdümsə, hamısı ingilislərdən yerdən göyə qədər razı olduqlarını söyləyirdi. Onlar mənimlə lap səfir kimi rəftar edirdilər. Qonaqpərvər ev sahiblərindən ayrılıb gedəndə təəssüfləndim. Lakin mən tək getməli oldum, çünki ermənilərin məskunlaşdığı ölkədə məni müşayiət etməyə heç kəs razılaşmadı. Onlar güllələnəcəklərindən qorxurdular... Cəbhə xəttinin tatarlar yerləşən tərəfindən ermənilər tərəfə gedəndə məni atəşə tutdular. Mən Gorus şəhərinə yollandım. O vaxt qiyamçı erməni Andranik orada yaşayırdı. Mən bir gün orada qaldım, ertəsi gün Şuşaya, oradan da Bakıya yola düşdüm. Andranik mənə bir at və müşayiətçi kimi bir erməni əsgər verdi. Şərtləşdik ki, gecəni Gorus ilə Şuşa arasında yerləşən Abdallar(indiki Laçın rayon mərkəzi-S.L.) adlı tatar kəndində keçirəcəyəm. Erməni əsgər Andranikin mənə verdiyi atı götürməli idi, çünki orada başqa at tapacağıma ümid edirdim. Bu erməni çox yaxşı adam idi. Əvvəllər rus ordusunda əsgər olubmuş, bir neçə cəbhədə döyüşübmüş. Biz Abdallar kəndinə yaxınlaşanda hiss etdim ki, erməni həyəcanlanır. Biz kəndin bir neçə verstliyində olanda o bildirdi ki, daha məni müşayiət edə bilməyəcək. Niyəsini soruşdum, dedi ki, tatarlar məni öldürərlər. Onun nə üçün belə fikirləşdiyini soruşanda cavab verdi: “Mən bu barədə bizim qəzetlərdə oxumuşam”. İndi mən özüm jurnalist olduğum halda onu inandırmalı idim ki, qəzetlərdə oxuduğun hər şeyə inanmaq lazım deyil. Ona dedim ki, ona heç nə olmayacaq və mənimlə getməyə razı saldım. Biz sağ-salamat kəndə çatdıq. Mənə balaca bir koma verdilər və erməni tatarla birlikdə atları tövləyə apardı. Mən bir stəkan çay içib qəlyanaltı edəndən sonra öz komamdan çıxdım ki, görüm erməni özünü necə hiss edir. Gördüm ki, erməni o biri komada ev sahibləri olan bir qrup tatar milisioneri arasında ocağın qırağında əyləşib. Onlar hamısı çay içir, siqaret çəkir və ən yaxın dostlar kimi gülüşürdülər. Səhəri gün erməni Gorusa gedəndə gördüm ki, tatarlar onun əlini sıxırlar və eşitdim ki, onlar bir-birinə cansağlığı və xoşbəxtlik arzulayırlar...
Yenə Şuşadayam və ermənilər yenə bildirirlər ki, tatarlara tabe olmaqdansa ölmək yaxşıdır, ermənilər və tatarlar bir-birinin düşmənidir və onların arasında razılıq ola bilməz.
Həyəcanlı dövr başlandı. Britaniya hakimiyyət orqanları qərara aldılar ki, indiki vaxtda Qarabağ Azərbaycana birləşdirilməli və bu respublikanın hakimiyyəti altında olmalıdır...
Beləliklə, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın tərkib hissəsi olduğu kimi, inzibati baxımdan da Azərbaycanın tərkib hissəsinə çevrildi. Doktor Xosrov bəy Sultanov Şuşanın general-qubernatoru təyin edildi, britaniyalı bir zabit və Britaniya qoşunlarından ibarət kiçik bir dəstə Şuşada qaldı. Əldə edilmiş razılaşmaya görə, Sultanov öz əmr və dekretlərini İngiltərənin nümayəndəsi ilə razılaşdırmaq şərti ilə dərc etməli idi. Ermənilər hətta bu cür idarəetməni də tanımaqdan imtina etdilər və şəhərdə Azərbaycan dilində yazılıb yapışdırılmış məlumatlar və proklamasiyalar qoparılıb atılanda təşviqatçıların təhriki ilə ermənilər bu vərəqləri korlayır və cırırdılar. Bu şəhərdə və mahalda olan qaçqınların çoxu Türkiyə Ermənistanından olan qaçqınlardır. Buna görə də onlara təsir göstərmək çətin deyildi. Təşviqatçılar deyəndə ki, tatarlar da elə türklərdir - onlar öz məqsədlərinə çatırdılar. Münaqişələrin baş verməsi labüd idi. Asayiş yaratmaq üçün Britaniya qoşunları göndərilmişdi və iki hindu öldürülmüşdü. Bir neçə tatar əsgər və bir neçə erməni bu toqquşmalar zamanı öldürülmüşdü. Onların bir-birini qırmaq üçün göndərildiyi kəndlərdə bir neçə yüz adam həlak olmuşdu.
İndi insident səngimişdir. Qarabağda əmin-amanlıqdır. Ermənilər Azərbaycanın hakimiyyət orqanlarına tabe olmağa razılaşmışlar. Artıq, yuxarıda dediyim kimi, bu münasibətlə banket verilmiş, qılınclar qınına qoyulmuşdur...
Onlar (ermənilər) mənə deyirlər ki, Şuşada və Qarabağda əvvəllər heç vaxt bu qədər sakitlik və qayda-qanun olmamışdır. Ermənilər şəhərin tatar hissəsinə azad şəkildə gedir, tatarlar isə heç bir təhlükə hiss etmədən azad şəkildə erməni hissəsinə daxil olurlar. Ermənilər Azərbaycan hökumətində vəzifələr tuturlar...
Ancaq hazırda Şuşada, şübhəsiz ki, böyük əhəmiyyət daşıyan bir diqqətəlayiq amil mövcuddur. Demək olar ki, bütünlüklə ermənilərin əlində cəmləşmiş ticarət indi tatarların əlinə keçir. Bir çox varlı ermənilər artıq şəhəri tərk edib və ya tərk etməkdədirlər. Onlar etiraf edirlər ki, gələcəkdən ehtiyatlanırlar. Belə bir köç qeyri-iradi vəziyyəti pisləşdirir. Belə ki, bu hal ermənilərin yoxsul hissəsinin ümidlərini itirir. Şəxsi emalatxanaları olan digər ermənilər də yeni material almaq üçün tərəddüd edirlər. Çünki gələcəyin onlara nə hazırladıqlarına bilmirlər. Onlar düşünür ki, ciblərində pul qaçmaq asandı, əlində çox mal olan vəziyyətdə isə bunu etmək çətin olar. Üçüncüsü, ermənilər qorxurlar ki, ticarət yenidən onların əlində cəmləşsə, tatarlar onları öldürmək üçün səbəb tapacaqlar. Belə izahatı ermənilərdən birindən eşitdim. O, sadəlöhvcəsinə etiraf etdi ki, ticarətin ermənilərin əlində cəmləşməsi müsəlmanların xoşuna gəlmirdi. Erməniləri tanıyaraq bunu anlamaq çətin deyil...
Dünyanın harasında olurlarsa-olsun, kəndlilər kəndli olaraq qalırlar. Onlar, istər tatar olsun, istər eməni, ya da istənilən hər hansı digər irq nümayəndəsi, öz tarlalarını əkib-becərir, işləyir, yeyir, yatırlar və siyasi məsələlərlə çox az maraqlanırlar. Əgər iş kəndlilərdən asılı olsaydı, Rusiyada heç vaxt inqilab olmazdı. Əgər ziyalı təbəqə öz borcunu yerinə yetirsəydi, heç vaxt bolşevizm olmazdı. Odur ki, bu şübhə yarada və inamı azatmış ola bilsə də, “ziyalı” ermənilərin Şuşadan getməsinə heyifslənməyə gərək olmayan bir fakt kimi baxmağa hazıram... Öz ixtiyarına buraxılmış xalq öz yoluyla gedər. Mən inanıram ki, ermənilər arasındakı bir neçə siyasi fitnəkar, təşviqatçı və təxribatçı zərərsizləşdirilərsə, bütün erməni iğtişaş və münaqişələri sona yetə bilər...
Mən doğrudan da bir neçə erməni tərəfindən yada salınan Denikinin (Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin (“Ağ ordu”) başçılarından biri, general-leytenant- S.L.) adını, Qarabağda qalmaqdan qorxmalarına səbəblərdən biri kimi eşitmişdim. “Bəlkə Denikin gəldi”,- onlar deyirdi. Yazıq Denikin. O, birbaşa yolla minlərlə verst uzaqlıqdadır. Ancaq belə yolu yalnız aeroplan qət edə bilər. Qafqaz boyu səyahət etmək üçün dolanbac yollarla getməlisən. Fəqət, Denikini Qarabağ məsələsinə qatmaq nə lazım?.. ( "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi- S.L.)
Nəhayət, mən soyuqdan donub ölən, evsiz-eşiksiz, paltarsız minlərlə müsəlman qaçqını gördüm. Və mən müntəzəm olaraq bizim vətənimizdən(Böyük Britaniyadan- S.L.) gələn qəzetlərdən diqqət edirəm ki, ermənilər üçün ianələr toplamaqda davam edirlər. Burada gördüklərim əsasında mən özümü bunu söyləməkdə məsul hiss edirəm ki, oxşar ianələr yalnız ermənilər üçün deyil, milli mənsubiyyət və inanclarından asılı olmayaraq bütün Qafqaz qaçqınları üçün edilməlidir...
İş ac və geyimdən məhrum adamların saxlanılması və geyindirilməsindən gedən zaman onların doğrudanmı buna ehtiyacları olduğunu aydınlaşdırmaq vacibdir. Din məsələsi kənarda qalır. Burada - Qafqazda bütün qaçqınlar eyni cür əzaba düçar olublar. Onların hamısı eyni dərəcədə köməyə möhtacdır...”
“Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə”.(Rus dilində). Bakı, Elm. 1990. Səh. 238-246.
Qeyd:
Nədənsə ingilis müxbirin bu məqaləsinin son 5 abzasının tərcüməsini Azərbaycan mənbələrindən, o cümlədən mərhum tarixçi-professor Şirməmməd Hüseynovun təqdimatında qəzetlərdə verilmiş variantlarında əldə edə bilmədik. Odur ki, həmin hissəni rus dilindəki mənbədən özümüz tərcümə edəsi olduq.
Təqdim, şərh və bir hissəsini tərcümə etdi: Sultan Laçın
Xəbəri paylaş
Digər xəbərlər
5-01-2022, 18:29
Qazaxıstan Prezidenti təhlükəsizlik qüvvələrinə təşəkkür edib
15-07-2024, 13:14
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib
30-11-2023, 15:18
BP: BTC Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır
14-05-2023, 11:04
FT: G7 və Aİ Rusiya qaz və neft kəmərlərinin yenidən işə salınmasını qadağan edə bilər
21-02-2022, 22:17
Ukrayna Prezidenti Emmanuel Makron və Olaf Şoltsla telefonla danışıb
23-11-2022, 10:39
İranda daha bir azərbaycanlı SAXLANILDI
22-02-2024, 11:19
Sülh sazişinin imzalanması hələ də mümkündür - Sahibə Qafarova
21-10-2020, 15:23
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub
29-02-2020, 18:45
Məktəblərdə məzunlara medal verilməsi ləğv olunub