Tarix: 23-02-2021 | Saat: 11:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Artıq bir neçə aydır cəbhə bölgəsində xidmət edən hərbi qulluqçulara verilən ikiqat əməkhaqqının yarıya qədər azaldılması ilə bağlı şikayətlər eşidilir. Hələ belə şikayətlərin eşidilməyə başlandığı ilk vaxtlarda (yanvarın 21-də) Maliyyə Nazirliyi bununla bağlı açıqlama verdi.
Açıqlamada yazılırdı: "Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir".
Nazirliyin bildirməsinə görə, Dövlət Sərhəd Xidməti ilə də belə dəqiqləşmə aparılır.
Bəs dəqiqləşmə başa çatmadımı? Bu suala, hələlik, Maliyyə Nazirliyindən cavab almaq mümkün olmayıb.
Hərbi jurnalist Səxavət Məmməd də bildirir ki, hərbçilərdən məsələ ilə bağlı çoxlu şikayət alır: "Onların maaşı bir qat verilib və hərbçilərin dediyinə görə, maliyyə xidmət rəisləri hətta bildirib ki, maaş bundan sonra ancaq bir qat veriləcək...".
"İndi isə bir çoxları banklara borclu qalıb"
Onun deməsinə görə, hərbi qulluqçular maddi təminatla bağlı başqa məsələlərdən də şikayətlənirlər: "Zamanda cəbhə bölgəsində xidmət edən hərbçilər düzənlərini, yaşayışlarını o maaşa uyğun qurmuşdu. İpotekaya ev götürən kim, bankdan kredit götürüb ev tikən kim, maşın alan kim. Kreditlər də maaşlardan çıxılırdı. Maaş karta köçürdü, bank dərhal pulunu götürürdü. Yerdə qalan pulla da həmin hərbçilər yaşayışlarını təmin edirdilər... İndi isə bir çoxları banklara borclu qalıb. Ailələri borclarını ödəməkdədir".
'Onlara nə ödənilsə belə azdır'
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Kamal Cəfərov isə "Turan" agentliyinə bildirib ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib:
"...Əlavələr əmsallar formasında ediləcək"
"Hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə xidmət çəkən hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək".
Deputatın sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar müvafiq işlər görüb: "Yaxın zamanlarda, hərbi qulluqçuların əmək haqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək".
Komitənin digər üzvü Elman Məmmədov isə agentliyə deyib ki, rəsmi qurumların verdiyi məlumata görə, Qarabağ bölgəsində xidmətdə olan hərbi qulluqçuların əmək haqları qanuna uyğun formada verilir: "Yəni, maaşları necə hesablanır, hansı şərt ilə - cəbhə bölgəsində, döyüş vaxtı, döyüş vaxtından sonra, - bu haqda həm Müdafiə Nazirliyi, həm Maliyyə Nazirliyi tərəfindən çox geniş izah verildi".
"Əksinə, getdikcə biz onlara verilən maaşı da... artırmalıyıq"
Deputat hesab edir ki, hərbçilərin əməkhaqqına heç vaxt toxunulmamalıdır: "Əksinə, getdikcə biz onlara verilən maaşı da, müxtəlif güzəştləri də, əlavələri də artırmalıyıq. Çünki bu gün bizi qalib millət, qalib xalq, qalib dövlət edən o igidlərdir. Hesab edirəm ki, cənab prezidentimiz də bu məsələni çox ciddi şəkildə diqqətdə saxlayır və buna imkan verilməz".
"Hərbçilərimizin maaşları nəinki azalmalı..."
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, hərbi qulluqçuların əmək haqlarının azaldılmasının səbəbi maliyyə problemlərdir: "Elə suyun, yanacağın qiymətlərin qaldırılması bir işarədir ki, müəyyən maliyyə sıxıntılar var. Amma bu 44 günlük Qarabağ müharibəsində təqribən 3 min nəfər itki vermişik, çoxlu yaralı hərbçilərimiz var. Bu adamların maaşları kəsilməməlidir".
Ekspert qeyd edib ki, hətta sülh dövründə də dağlarda xidmət çəkən hərbçilərin əmək haqları daha yüksək idi: "Dünyanın hər yerində belədir".
İ.İsmayılın sözlərinə görə, hərbçilərin əmək haqlarının azaldılması düzgün deyil: "Dağlıq Qarabağ ətrafında və azad olunmuş ərazilərdə, xüsusilə dağlıq ərazilərdə yerləşən hərbçilərimizin maaşları nəinki azalmalı, daha da artırılmalıdır. Bu hərbçilər, demək olar ki, səhra vəziyyətində xidmət edirlər. Onlar üçün hələ ki, böyük kazarmalar tikilməyib, onlar çadır şəhərciklərində yaşayırlar...".
Yazıda səslənən fikirlərə, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Digər xəbərlər