Tarix: 12-11-2026 | Saat: 21:23
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Rusiya ilə müzakirələr təşəbbüsünü yenidən öz üzərinə götürməli, Ukraynada sülhün əldə olunması və gələcək təhlükəsizlik arxitekturası ilə bağlı vahid mövqe formalaşdırmalıdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, Ukraynada atəşkəs və davamlı sülh üçün hər bir fürsətdən istifadə edilməsinin vacibliyini vurğulayıb.
“Hesab edirəm ki, hər dəfə atəşkəs əldə etmək və bunun əsasında davamlı sülh qurmaq imkanı yarandıqda, ondan istifadə etməyə çalışmaq lazımdır”, – Makron qeyd edib.
Fransa Prezidenti bildirib ki, Avropa ilk növbədə Ukrayna və öz gələcəyi ilə bağlı nə istədiyini aydın şəkildə müəyyənləşdirməlidir. Onun sözlərinə görə, danışıqların formatı qarşıya qoyulan məqsədlərdən və müzakirələrin məzmunundan asılı olmalıdır.
Makron vurğulayıb ki, Avropa Rusiya ilə dialoq təşəbbüsünü yenidən ələ almalıdır. O əlavə edib ki, bunun üçün əvvəlcə Avropanın sülh planı və gələcək təhlükəsizlik arxitekturası ilə bağlı mövqeyi dəqiqləşdirilməlidir.
Fransa lideri, həmçinin, bu gün bir sıra ölkələrin və Avropa institutlarının nümayəndələrinin Əbu-Dabidə olduğunu xatırladıb. Onun sözlərinə görə, bu iştirak amerikalı və rusiyalı nümayəndələr arasında dialoqun əvvəlcədən koordinasiyası ilə bağlı olub.
Makron Ukraynaya dəstək məqsədilə yaradılmış “İstəklilər Koalisiyası”nın fəaliyyətinə də toxunaraq, Fransa, Böyük Britaniya və Almaniyanın bu təşəbbüsdə birgə iştirakını qeyd edib.
O, bir qədər sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışmaq imkanı olacağını bildirib.
Digər xəbərlər


















