Tarix: 15-07-2026 | Saat: 22:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov bildirib.

Qaya Məmmədov deyib ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışında Avropa Şurası ilə münasibətlərə dair mühüm bəyanat verərək, Azərbaycanın bu təşkilatın bütün strukturlarından çıxmaq imkanını istisna etmədiyini bildirdi: “Dövlət başçısının açıqlaması Azərbaycan-Avropa Şurası münasibətlərində yaranmış vəziyyətin mahiyyəti barədə ciddi siqnaldır”.

Avropa Şurasının 1 milyondan artıq azərbaycanlının hüquqlarına laqeydliyi
Deputat nəzərə çatdırıb ki, insan hüquqlarının müdafiəsinə xidmət etməli olan Avropa Şurası bəzi dairələrin dar geosiyasi maraqları, qərəzli yanaşmaları və ayrı-seçkilik siyasəti nəticəsində ciddi institusional problemlərlə üzləşib: “İnsan hüquqlarının universal müdafiəsinə xidmət etməli olan mexanizmlərin ayrı-ayrı dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi təşkilatın nüfuzunu və etibarını zədələyib. Avropa Şurası onilliklər ərzində bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobud şəkildə pozulmasına lazımi diqqət göstərməyib. Həmin dövrdə, Avropa Şurası Azərbaycanın qaldırdığı insan hüquqları məsələlərinin silahlı münaqişə kontekstində baş verdiyini və buna görə də beynəlxalq humanitar hüququn predmetinə aid olduğu əsas gətirir, Azərbaycanın davamlı təkidləri sayəsində bəzi qətnamə və qərarlar versə də, bu problemlə sistemli şəkildə məşğul olmurdu. Başqa sözlə, Ermənistanın işğalı dövründə azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlər böyük ölçüdə Avropa Şurasının insan hüquqları mexanizmlərinin diqqətindən kənarda saxlanılırdı”.
Azərbaycana qarşı təzyiq aləti
Qaya Məmmədov qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən dərhal sonra isə tamamilə fərqli yanaşmanın şahidi olduq: “Avropa Şurası Parlament Assambleyasının mexanizmlərindən Azərbaycana siyasi təzyiq göstərmək məqsədilə istifadə edilməyə başlanıldı. İlk növbədə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi aktiv hərbi əməliyyatlar zamanı baş vermiş, mahiyyət etibarilə müharibənin aparılması qaydalarına və beynəlxalq humanitar hüquqa aid olan məsələyə (özü də xətalı şəkildə) baxaraq, Azərbaycanın əleyhinə qərar qəbul etdi. Beləliklə, Avropa Şurasının iki mühüm institutu - AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi - insan hüquqlarının obyektiv müdafiəsi missiyasından uzaqlaşaraq bəzi dairələrin Azərbaycan əleyhinə siyasi oyunlarının alətinə çevrilib. Belə şəraitdə Azərbaycanın, Avropa İnsan Hüquqları Konvensiyasının və özünün Nizamnaməsinin mahiyyətinə zidd fəaliyyət göstərən Avropa Şurasından tamamilə çıxmaq məsələsini nəzərdən keçirməsi tam əsaslıdır.Vurğulamaq lazımdır ki, insan hüquqları məsələsini siyasiləşdirən və onu geosiyasi təzyiq vasitəsinə çevirən Azərbaycan deyil, Avropa Şurası daxilində fəaliyyət göstərən məlum dairələrdir. Azərbaycan hər zaman Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Şurasının Nizamnaməsinə hörmət və sadiqlik nümayiş etdirib”.

Azərbaycanın gözləntiləri
Deputat bildirib ki, Azərbaycan məhz həmin fundamental sənədlərə əsaslanaraq Avropa Şurasından ciddi və əsaslı gözləntilərə malik olub: “Ölkəmiz təşkilata qəbul edilərkən və sonrakı fəaliyyət dövründə konstruktiv mövqe, əməkdaşlıq iradəsi və xoş niyyət nümayiş etdirib. Lakin tarixi təcrübə göstərdi ki, Azərbaycanın bu yanaşması bəzi siyasi dairələr tərəfindən lazımınca qiymətləndirilməyib. Beləliklə, vəziyyətin düzəldilməsi üçün ilk addımların məhz Avropa Şurası tərəfindən atılmalı olduğuna dair Azərbaycan tərəfinin mövqeyi tam haqlıdır. Avropa Şurası yol verdiyi səhvləri dərindən təhlil etməli, ikili standartlarına, qərəzli siyasətinə son verməli, beynəlxalq hüquqa uyğun gəlməyən yanaşma və mexanizmlərinə, o cümlədən dövlətlərin suveren bərabərliyi prinsipinə uyğun gəlməyən monitorinq prosedurlarına yenidən baxmalıdır. Azərbaycan insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa və universal dəyərlərin dialoq yolu ilə təşviqinə inanır. Bu sahədə əməkdaşlıq mentorluq, siyasi diktə və dövlətlərin daxili işlərinə müdaxilə formasında həyata keçirilə bilməz. Əsl dialoq suverenliyə, bərabərhüquqluluğa və qarşılıqlı hörmətə əsaslanmalıdır. İndi seçim Avropa Şurasınındır”.
Digər xəbərlər




















