Saytımızı qiymətləndirin


 
 

Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Tarix: 23-06-2026 | Saat: 11:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev

 

Torpaq resurslarından səmərəli istifadənin artırılması məqsədilə 22 rayonda 84,9 min hektar ərazidə lazer hamarlama texnologiyasının tətbiqi planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Qaxda regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas istiqamətlərindən biridir və bu sahədə ən mühüm texnologiyalardan biri lazer hamarlama texnologiyasıdır.

Nazir müavini bildirib ki, lazer hamarlama torpaq səthinin bərabər formada hazırlanmasını təmin edir. Bu isə suvarmanın daha səmərəli aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumların daha bərabər cücərməsinə və nəticədə məhsuldarlığın artmasına imkan yaradır.

Z. Əliyev qeyd edib ki, Dövlət Proqramında bu texnologiyanın tətbiqi üçün subsidiya mexanizminin yaradılması da nəzərdə tutulur.

Onun sözlərinə görə, lazer hamarlama xüsusilə suvarılan taxıl sahələri üçün böyük əhəmiyyət daşıyır: "Sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə isə çatmır. Nəticədə bir ərazidə bitki artıq sudan zərər görür, başqa hissədə isə susuzluq yaranır. Lazer hamarlama suvarmanın səmərəliliyini artıraraq sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır".

Nazir müavini fermerlərə iri əkin sahələrində, xüsusilə 5 hektardan yuxarı təsərrüfatlarda lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşmağı tövsiyə edib.

"İlkin mərhələdə əlavə xərc kimi görünsə də, suya qənaət, məhsuldarlığın artması və torpağın uzunmüddətli qorunması baxımından bu yanaşma iqtisadi cəhətdən səmərəlidir", - deyə Z. Əliyev vurğulayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər