Tarix: 23-01-2021 | Saat: 12:41
Bölmə:Karusel / Müsahibə | çapa göndər
Körpə qızı qucağında ucsuz-bucaqsız bir çəmənliklə irəliləyirdi. Haradansa qartalların qıyı, sıldırım qayalardan çağlayan şəlalələrin şırıltısı gəlirdi. Ətrafı qantəpər, gülxətmi, kəklikotunun bihuşedici qoxusu bürümüşdü...
Uzaqda, dağların göylərlə baş-başa çatdığı yerdə isə göy qurşağının altında dayanmış balaca bir oğlan gülərək ona əl edirdi...
Bayaqdan röyada gördüyü bu tanış mənzərələrin hara, həmin doğma üzün kimə məxsus olduğunu hafizəsində ələk-vələk edir, xatırlamağa çalışırdı...
Daha bilmirdi ki, bu balaca oğlan elə onun özü, düz 28 il əvvəl Laçında qoyub gəldiyi uşaqlığıdır...
O, “Uşaqlığımı ermənilər əlimdən aldı”, - deyə boğazında düyünlənən yarımçıq bir cümləylə ürəklərdə kədərin, qəmin, qəzəb hissinin bir-birini izlədiyi yanğıya səbəb oldu...
Minlərlə qaçqın, köçkün uşağın taleyi gözlərimizdə canlandı, o ağrı-acını qəlbimizlə hiss etdik...
O köç karvanlarına qoşulub, yardım növbələrində gözlədik, gözlərimiz boş təknələrə dikildi, oyuncağımız qamış evlərdən sökülən qarğı atlar oldu, əşyasız komaların, çadırların, vaqonların bir küncündə xısın-xısın ağladıq...
Xəyallarımız yarımçıq qırıldı, uşaqlıq şəkillərimiz yanıb külə döndü, dağ kimi atalar əridi, analar qocaldı gözümüzün qarşısında, bir andaca ağırlıq çökdü çiyinlərimizə, uşaq ola bilmədik, dərd bizi böyütdü...
***
O, çox zaman filmlərdən, bədii ə
sərlərdən aşina olduğumuz çətin, mümkünsüz görünən bir həyat hekayəsi yaşadı. Qəlbindəki istəklə dərsliyi, müəllimi, məktəbi olmadan elm yolunu pillə-pillə qət edib, ən ali mərtəbəyə, alimliyə qədər yüksəlməyi bacardı...
Bütün bunlara isə təkbaşına, heç bir kömək, dəstək görmədən məhz öz şəxsi əzmi sayəsində nail oldu. Tale yolu sınaqlarla dolu olsa da, uğur yazısına özü imza atdı...
“Belə-belə işlər” layihəsindən tanıdıq onu. Cəmi 13 dəqiqəlik bir müsahibə ilə insan iradəsinin nəyə qadir olması, əsl vətənpərvərlik barədə açıq dərsini dinlədik...
1992-ci ildə Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün düşmüş, ABŞ-ın Sirakuz Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan və hazırda ADA Universitetinin dosenti, eyni zamanda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini 36 yaşlı Gülməmməd Məmmədovun hər anına bir həyat sığdırdığı ömür səhifələrini vərəqlədik...
Amma, bu müsahibənin dərc olunacağına sayılı günlər qalmış, İlahi möcüzə adlandıra biləcəyimiz və təkcə Gülməmməd müəllimin deyil, bütün məcburi köçkünlərimizin həyatını bir andaca dəyişdirən qələbə müjdəsini aldıq.
Əslində, başdan-başa vətən həsrətinə, ağrı-acısına köklənmiş yazı, Laçının azadlığa qovuşma xəbəri ilə xoşbəxtlik zirvəsinə ucalan və “Qarabağ söhbətləri”ndə qanadlanan həyat hekayəsinə çevrildi...
Amma hələ 2020-ci ilə qədər Laçınlı, Laçınsız çox acılı-şirinli günlər, çox məşəqqətli anlar yaşanmışdı...
Orada bir kənd var...
Bulaq sularının birləşərək yaratdığı zümzüməli çayın güneyi kiçik bir kənd, quzeyi isə qəbiristanlıq idi. Dağların döşündə yuva salmış bu kəndin qədim sakinləri yayda Camalyurdu yaylağına köçər, illər əvvəl torpağın təki qazılaraq üzəri Qırmızı palıdla və ot örtüklü torpaqla bağlanmış ulu babalarından qalma damlarda yaşayardılar. Elə balaca Gülməmməd də 5 qardaşı və 3 bacısı ilə bu cür nağıl yurdların birində böyüyürdü...
Çoban tütəyinin səsi ilə ala-qaranlıqda oyanıb quzuları da qatırdı qabağına və üz tuturdu ucsuz-bucaqsız çəmənliklərə. Bəzən məğrur qartalların yuva qurduğu Ağ qayanın sıldırımlarına dırmaşır, qürub çağı Günəş şəfəqlərinin dağların başını qıpqırmızı boyamasına tamaşa edir, bəzən isə saatlarla zülmət gecənin bağrında bərq vuran ulduzların necə əlçatmaz, kainatın necə sonsuz, sirli olmasına baxıb heyrətlənirdi...
Təbiət son baharını yaşayanda isə el köçü çayın sahilindəki isti binələrə üz tutur, məktəb yaşlılar isə kəndə dönürdü...
Nəhayət, o gün çatmışdı və balaca Gülməmmədin də ilk dərs günüydü...
Elə açıq havadaca əlifbanın sehrini, “ana”, “vətən”, kəlmələrinin qüdrətini ruhuna, qanına hopdurmuş, təbaşirə bulaşmış balaca barmaqları ilə rəqəmlərin sirrini öyrənməyə çalışmışdı...
Bir daha dərsə getməyəcəyindən, parta arxasında oturmayacağından və sınaqlarla dolu ən ağır həyat məktəbinin astanasında olduğundan xəbərsiz...
Cəmi bir neçə aydan sonra hər aşırımını, gədiyini, cığırını beyninə, qəlbinə, ürəyinə həkk etdiyi ana yurduna həsrət qalacağından xəbərsiz...
Sonuncu yaz...
Ömrünün cəmi 8 ilini doğma diyarında yaşamaq nəsibi olmuşdu. Amma xoşbəxt uşaqlıq günlərini dəfn edib gəldiyi yurdunu qarış-qarış hafizəsinə həkk etmişdi...
- Ermənilər Laçın dəhlizini bağlayanda biz Ağcabədidə qış yataqlarında olduğumuz üçün sonuncu yazı Laçına qayıda bilmədik. Amma qohumlarımızın hamısı orada qalmışdı. Düşünürəm ki, əksəriyyəti azyaşlı uşaqlardan ibarət 11 nəfərlik ailəmiz həmin vaxt Laçında olsaydı, oradan sağ-salamat çıxa bilməzdik. Sadəcə təsadüf nəticəsində biz o faciələrdən qurtulmuş olduq, amma oradakı insanların hamısı faciələr yaşadı, böyük çətinliklərlə Laçından çıxa bildilər. O zaman xalamın yoldaşı qonşu kəndin uşaqlarını su maşınının çəninə yığaraq düz Füzuliyə qədər o vəziyyətdə gətirmişdi...
Hələ 1988-ci il hadisələri zamanından ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər vahiməli şəkildə həkk olub uşaq yaddaşıma. Yadımdadır, Ağcabədiyə gedəndə, yaxud geri qayıdanda Xankəndinin içərisində erməni cavanları bizə daş atır, hədələyir, kiçik bir bəhanə axtarırdılar ki, dalaşsınlar. Buna görə də çalışırdıq ki, daha uzaq olsa da, Qubadlı yolu ilə gedib-gələk... Xocalı hadisələrindən sonra isə bu qorxumuz dəhşətlə əvəz olunmuşdu...
Birdən-birə yurdsuz-yuvasız, doğmaları pərən-pərən düşmüş bir elə, məcburi köçkünə çevrilmişdik. Artıq biz mənəvi çətinliklər, şəhid xəbərlərinin qapıları döydüyü, xəstəliklərin tüğyan etdiyi bir zamanın uşaqları idik. Oynamaq, gülmək, əylənmək yadımızdan çıxmışdı...
Zəqqutun gerçəklər, kitab vərəqindən çatılan ocaqlar və oxumaq yanğısı...
Yaşadıqları qış yatağı yayda ilan mələyən qızmar səhraydı, qışda isə şaxtası ilikləri donduran buzxana...
Qamışdan koma düzəldib, orada qalırdılar. Çörək bir yana, yoxluğundan əziyyət çəkdikləri ən vacib şey içməli su idi. 10 kilometrə yaxın məsafə qət edib oradakı artezian quyusundan su gətirərdilər. Burada yalnız içməyə və təsərrüfata yararlı olmayan acı sular vardı. Sovet dönəmində 1990-cı ilə qədər Taxtakörpü ərazisində Kür çayından motorlarla kanallara yararlı su verilərdi. Həmin ildən daha o motorlar üçün dizel yanacağı verilmədiyindən həmişə su ilə aşıb-daşan kanallar qurumuşdu. İldə bir-iki dəfə 10-15 gün kanala su vurulardı, o da Gülməmmədgilin obasına çatana qədər yanacaq bitərdi. Atasının saldığı meşə zolağı tamamilə qurumuşdu. Sağılan heyvanlar da quraqlıqda bitən yağtikan, biyan otları ilə qidalandıqları üçün südləri zəhər dadırdı...
- Ürəyim ağrıyırdı. Düşünürdüm ki, biz niyə belə yaşamalıyıq? Və anlayırdım ki, yaşadığımız çətin vəziyyətdən yalnız oxumaqla, təhsil almaqla çıxa bilərəm. Amma bilmirdim ki, bu yola necə başlayım...
Çünki məktəbimiz formal şəkildə, sənəd üzərində idi. Heç müəllimlərimiz də yox idi, hərbi xidmətə, döyüşə yollanmışdılar...
Buna görə də özüm müstəqil şəkildə oxuyub öyrənməli idim. Bizə müxtəlif kitablar yardım olunardı, isindiyimiz ocağı həmin kitabların vərəqləri ilə qalayardıq. Aralarından diqqətimi çəkən, içərisində televiziya, radio, elektrik naqillərinin şəkilləri olan fizika kitablarını isə hər zaman həvəslə vərəqləyərdim. Ta uşaqlıqdan beynimdə dünya ilə bağlı o qədər suallar var idi ki, anlamağa, cavab tapmağa çalışırdım. Bəlkə də fizik olmasaydım, ağlımı itirə bilərdim. Bu elmi ona görə sevmişəm ki, onun sayəsində dünyaya faydalı olmağın mümkünlüyünə və bunu mənim də edə biləcəyimə inanmışam...
14 yaşımda 1-ci sinfin riyaziyyat kitabını götürüb, 5-ci sinfə çatanda ona Azərbaycan dilini, ədəbiyyatını əlavə edib, müstəqil şəkildə hazırlaşmağa başladım.
Böyük qardaşım da bu üsulla hazırlaşaraq Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdu. Dərslə bağlı yaranan suallarımı qeyd edib, o, semestr tətilinə gələndə müzakirə edirdim...
Çətinliklərimdən biri də üstündə məsələ-misal həll etmək üçün kağız çatışmazlığı idi. Riyaziyyat, həndəsə, cəbr, fizika kitablarında və digər dəstəkləyici vəsaitlərdəki bütün məsələ-misalları yazılı həll edirdim, buna da kağız çatmırdı. Ona görə hər dəfə Ağcabədi bazarına gedəndə oradan ərzaq mağazalarında kartondan olan boş qutuları yığıb gətirərdik ki, üstündə yazım. Böyük qardaşım hazırlaşanda da eyni problemi bu cür həll edirdik...
Kiçik və bomboz dünyamı radiodakı uşaq verilişlərinin, bədii ədəbiyyatların sayəsində genişləndirməyə və rəngləndirməyə çalışırdım. Müxtəlif formada antenalar düzəldib o zaman yalnız Bakıda yayımlanan radio kanallarını dinləyirdim. Uşaq verilişlərinə qulaq asır, normalın necə olduğunu təsəvvür etməyə çalışırdım. Məsələn, uşaqlar deyirdi ki, hansısa bədii kitabı oxuyub, musiqiyə qulaq asıb, piano çala bilir... Artıq anlayırdım ki, insanın formalaşması üçün tək texniki sahələr kifayət deyil və buna görə qiraət, rəsm, musiqi, idman və digər bu kimi əlavə məşğuliyyətlərin də olmalıdır. Mən heç zaman bunu valideynlərimə söyləmirdim, bilirdim ki, onların bu istəkləri qarşılamağa imkanları yoxdur... Yaşadığım mühitdə bu anlayışların olması mümkün deyildi...
Bütün Ağcabədiyə xəbər yayıldı ki...
Beləcə aylar dolanır, illər keçirdi və bir gün... Bütün Ağcabədiyə xəbər yayıldı ki, Taxtakörpü qışlağından bir oğlan məktəb, müəllim olmadan özü hazırlaşaraq rayon üzrə ən yüksək balla BDU-nun Fizika fakültəsinə qəbul olub. Gülməmməd və ailəsini isə sevinclə yanaşı, onun harada qalacağı, maddi ehtiyaclarının necə ödəniləcəyi ilə bağlı qayğılar da bürümüşdü, amma təhsil alana dəstək olmaq bu ailənin təməl dəyərlərindən idi...
- Kəndimiz ucqar dağ kəndi olsa da, orada cahillik olmayıb, hər zaman təhsilə, oxumağa böyük önəm veriblər. Məsələn, XX əsrin əvvəllərində belə kəndlərimizdən işıqlı insanlar çıxırdı. Fəxr edəcəyimiz şəxsiyyətlərdən Nurməmməd bəy Adilxan bəy oğlu AXC-nin, Dağlılar Respublikasının maarif naziri, Xosrov bəy Sultanov isə Qarabağ və Zəngəzur mahalının qubernatoru, müdafiə naziri olub. Bunlar barədə hər zaman atam da bizə danışırdı və təhsilin mühüm olduğunu hələ uşaqlıqdan dərk edirdik.
Babamın riyazi biliyi olduğuna görə kəndin hesabdarı imiş, amma təəssüf ki, müharibəyə gedib qayıtmamışdı və atamgil yetim böyümüşdü.
Elə atam da nənəmin və anamın dəstəyi ilə 40 yaşında Ağdam Kənd təsərrüfatı Texnikumunda aqronomluq oxumuşdu. Həmin illərdə azyaşlı uşaqlara baxmaq, təsərrüfatın bütün yükünü çəkmək isə böyüklü-kiçikli bütün ailənin öhdəsinə düşmüşdü...
Laçından sonra ilk dəfə parta arxasına 17 yaşımda əyləşdim...
- Laçından sonra ilk dəfə parta arxa
sına 17 yaşımda universitetdə əyləşdim. Özümü çox xırda hiss etmişdim orada. İnanmağım gəlməmişdi ki, mən həqiqətənmi buna nail olmuşam?!
Bakıda yaşamağım üçün bir yer lazım idi, ailənin maddi durumu kirayə ev tutmağa imkan vermirdi, düşündük və qardaşımla Şıxov daş karxanasına getdik. Oradan pulsuz olaraq lazımsız daşlardan yığdıq. Badamdarda zibilliyin ortasında bir otaq tikdik, ilk ili əşyasız, suvaqsız, daha sonra isə hissə-hissə təmir edərək, baş verən yanğınadək iki il yarım orada yaşadım. Yanğından sonra 2 il ərzində yenidən evi təmir edənədək bir müddət evin yaxınlığında həmin vaxt istifadəsiz olan bir vaqonda, daha sonra isə ailəli və bir övladı olan böyük qardaşımın təkotaqlı evinin üç metrlik zirzəmisində qalmalı oldum. Tələbə olduğum vaxt rayonda üç qardaşım, üç bacım və valideynlərim qalmışdı. Onların ailə büdcəsindən hər ay yığdıqları minimal məbləğlə dolanırdım. III və IV kursda bir abituriyentə də dərs verir, maddi ehtiyacımı ödəməyə çalışırdım. Bu pul faktiki yolpulu, minimal qida və dəftər-qələmə güclə çatırdı. Rayonda qalan ailəmin də vəziyyəti maddi olaraq çox çətin idi. Soyuq aylarda geyinməyə isti paltar almağım üçün onlar, sözün əsl mənasında, səfərbər olub pul yığırdılar. O qədər olurdu ki, ayaqqabım cırılanda özüm tikirdim... Mən III kursda oxuyanda rayonda nəmişlikdən, soyuqdan, zəif qidalanmadan ailə üzvlərimin demək olar hamısı ağır xəstəlik keçirdi. Balaca qardaşımın, bir bacımın vəziyyəti isə daha ağır idi. Nəyimiz vardı həkimlərə, dərmana verirdilər. Çox dəhşətli və ümidsiz vaxtlar idi. Xatırlayıram, ayın başı çatmışdı, qardaşım mənə pul göndərə bilməmişdi. Demək olar ki, heç bir qida qəbul etmədən keçinmiş, universitetə piyada gedib-gəlmişdim. Utandığım, üzüm gəlmədiyi üçün də heç kəsdən kömək istəmirdim. Nəhayət, 3 gündən sonra qardaşım rayondan gələn taksilərdən biri vasitəsilə mənə pul göndərmişdi...
Digər tələbələr kimi nə geyinə, nə gəzə, nə də əylənə bilirdim. Bunlar mənə çox yad olub. Amma nəfsimi həmişə imkanlara uyğun cilovlamışam. Atam bizi gözü tox böyüdüb. Ona görə maddiyyat baxımından demək olar heç nəyimiz olmasa da, onun yoxluğunu hiss etməmişik. İdealist olmuşuq. Mənəviyyata, ali insani dəyərlərə köklənmişik. Bəlkə də hər şey torpaqlarımızın yoxluğunun kölgəsində qalıbmış, bilmirəm...
Təşəkkür məktubu və ağlayan ata...
Gülməmməd Məmmədov ali məktəbdə də istedadı və biliyi ilə seçilənlərdən olur. Hələ universitetin ikinci semestrində Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələrinin IX Respublika Olimpiadasında fizika fənni üzrə I yerə layiq görülür. 2005-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirir. Məzun günü yüksək təhsil göstəricilərinə və ictimai fəallığına görə Fizika fakültəsinin ən yaxşı tələbəsi kimi fəxri fərmanla təltif edilir, BDU-dan valideynlərinə təşəkkür məktubu da göndərilir...
- Çətinliklərə rəğmən yoluma davam edirdim. Ətrafımdakılar o yolun sonunda işıq görmürdü, amma mənə elə gəlirdi ki, var. Hər şeyi ən yaxşı formada öyrənib insanlıq üçün faydalı nə isə etmək istəyirdim və bunun fizika ilə mümkün olduğuna əmin idim. Yəni idealımı o qədər yüksəyə qoymuşdum. Elə onun sayəsində də inanılmaz maneələr keçə bilmişəm. Düşdüyüm mühitlərdə nəzərəçarpmayan bir zərrə olmuşam, amma özümə demişəm ki, mütləq bu mühitdə parlamalıyam. Bu isə eqoizm, şöhrət məsələsi deyildi...
Hələ tələbəykən - 3-cü kursda Rusiyanın Nəzəri və Təcrübi Fizika İnstitutunun (ITEP) professoru Emil Əhmədovun AMEA-nın Fizika İnstitutunda Landaunun nəzəri fizika kursu üzrə keçirdiyi seminarlarda iştirak etdim. Deyərdim ki, bu mənin həyatımda bir dönüş nöqtəsi oldu. Professor koordinatlarımı götürdü. Dedi ki, ingilis dilini öyrən, rəy yazım, get xaricdə oxu. Əlaçı təqaüdümü verərək 9 ay bir ingilis dili müəllimi ilə hazırlaşdım. İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin inkişaf etməkdə olan ölkələrdən seçdiyi on tələbədən biri kimi birillik pre-doktoral təhsil proqramına dəvət aldım. 2007-ci ildə isə ABŞ-ın Nyu York ştatında yerləşən Sirakuz Universitetinə təqaüd qazandım...
İtaliyaya təhsil üçün getdiyim zaman heç ailəm də bilmirdi ki, hara gedirəm. Sadəcə olaraq sənədlərimi yığıb bir zərfə qoydum və gizlincə qardaşımın yoldaşına verdim. Dedim bunu saxlayarsınız, əgər məndən bir xəbər olmasa, Xarici İşlər Nazirliyinə verərsiniz, onlar maraqlanar. Məni yola salmaq üçün atam Bakıya gəlmişdi, yalnız o zaman ilk dəfə idi ki, onun ağladığını görürdüm...
Vətənə dönüş bileti...
10 illik bir zaman dilimində ABŞ-da yüksək pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan mədəniyyətini, həmçinin ermənilərin ölkəmizə qarşı təcavüzünü əks etdirən təbliğat xarakterli tədbirlər də keçirərək, orada “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak edir. Dəfələrlə Sirakuz şəhərinin yüksək vəzifəli şəxsləri, Konqres təmsilçiləri ilə görüşlər keçirərək Azərbaycan həqiqətlərini onlara çatdırır...
Amma hər zaman da fikri, düşüncəsi, Azərbaycanda olub. Və elə bu səbəbdən də oradakı dostlarına, elmi rəhbərinə belə demədən 2016-cı ilin bir yay günündə qəti qərarını verərək vətənə dönüş bileti alır...
- Dünyanın ən nüfuzlu universitetlərində oxumuşam, işləmişəm, tanınmış alimlərlə ünsiyyətdə olmuş, bəziləri ilə birlikdə çalışmışam. İstəsəydim orada fəaliyyətimi davam etdirə bilərdim. Ancaq Vətənə bağlılığım mənim doğma ölkəmə qayıtmağıma səbəb oldu. Düşünürəm ki, öz ölkəmdə daha çox lazımam. Fəaliyyətimi tək tədqiqat və tədrislə məhdudlaşdırmaq istəmirəm. Azərbaycanda uğurla gedən təhsil islahatlarına öz töhfəmi vermək, bu sahənin inkişafında yaxından iştirak etmək, illər ərzində qazandığım təcrübəni həmkarlarımla paylaşmaq istəyirəm...
Heç zaman arzu etmərəm ki, hansısa bir uşaq mənim yaşadıqlarımı yaşasın. Mənim kimi minlərlə məcburi köçkün uşağının xoşbəxt böyümək imkanı, haqqı əlindən alınıb...
Gedib Camalyurdundakı çırağımızı yandıracam
Müsahibəmiz bu cür bədbin tonlarla bitirdi...
Amma sən demə, milyonlarla qaçqınımızın, köçkünümüzün haqq dualarının yerinə yetməsinə çox az, sayılı günlər qalıbmış...
Qarabağımıza qovuşmağımız an məsələsi imiş...
Və Laçın həsrətli bu yazının sonunda Laçının azadlığının, 28 ildən sonra Laçına qovuşmağın necə sevincli, qürurlu, fəxarətli bir hiss olduğunu bölüşmək kimi xoşbəxt bir qisməti də var imiş Gülməmməd müəllimin...
- Sözlərlə ifadə edilə bilməyəcək hisslər keçirirəm. Vətən müharibəmizin qələbə xəbərindən çox az müddət keçməsinə baxmayaraq, hələ də bunun real olduğuna özümü inandırmağa çalışıram. Yuxu kimi bir hissdir. Görünür kəndimizi gedib öz gözlərimlə görənədək bu belə olacaq. Hər gün kəndimizə nə vaxt və ilk olaraq haralara gedəcəyimi düşünürəm. Peyk şəkillərindən görə bildiyim üçün kənddəki evimiz talan edilərək tamamən dağıdılıb. Amma Camalyurdundakı damımızın üstü otla örtüldüyündən peyk şəkillərindən necə vəziyyətdə olduğunu ayırd etmək olmur. Ümidliyəm ki, həm ot örtüyünə görə, həm də ora maşın yolu olmadığından diqqətdən kənar qalıb və ermənilər onu dağıtmayıb. Ona görə ilk getmək istədiyim yerlərdən biri elə uşaqlıq xatirələrimdə ən çox qalmış Camalyurdundakı damımızdır.
Oranı tərk edərkən bir gün geri dönəcəyimiz ümidi ilə qardaşım çırağımızın şüşəsini təmizləyərək damın taxçasına qoyubmuş. Gedib onu yenidən yandırmaq istəyirəm. O çırağın yanması, sanki mənə dədə-baba torpaqlarımızın həsrəti ilə itirdiyimiz illəri, yarım qalan xoşbəxt uşaqlığımı geri verəcək. Bu qələbə yalnız torpaqlarımızın bütövlüyünü deyil, taleyi ikiyə bölünmüş minlərlə məcburi köçkünün həyatda itirilmiş ümidlərinin yenidən qazanılmasını, bütünləşmiş həyatlarına geri dönüşünü təmin edəcək.
Bu hissləri bizə yaşatdığı üçün Ali Baş Komandan cənab İlham Əliyevə və döyüş meydanında böyük qəhrəmanlıq göstərmiş şanlı Ordumuzun hər bir əsgər və zabitinə sonsuz minnətdaram. Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhları qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaralılarımıza isə şəfalar diləyirəm.
Elə bu da haqqın və ədalətin zəfəridir ki, düz 28 il əvvəl uşaqlığı əlindən alınaraq yurdundan didərgin salınan məğlub Azərbaycanın balaca vətəndaşı Gülməmməd indi ana Vətəni Laçına qüdrətli və qalib Azərbaycanın fəxarətli alimi kimi qayıdır...
(Azərbaycan)
Digər xəbərlər