Tarix: 28-04-2026 | Saat: 11:26
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ilk rübündə qızıl aktivlərinin bir hissəsinin satışı məsələsinə aydınlıq gətirib.
Fonddan bildirilib ki, 2026-cı ilin I rübü ərzində qızılın qiymətində müşahidə olunan artım fonunda qızıl altportfelinin çəkisinin Fondun İnvestisiya Siyasətində müəyyən edilmiş hədəf səviyyəni (icazə verilən kənarlaşma intervalı nəzərə alınmaqla) üstələdiyi qeydə alınıb. Bu baxımdan, bazar şəraiti də nəzərə alınmaqla portfelin tarazlaşdırılması məqsədilə qızılın çəkisinin tədricən hədəf səviyyəyə qaytarılması istiqamətində müvafiq əməliyyatlar həyata keçirilib.
Qeyd edək ki, beynəlxalq təcrübədə iri institusional investorlar risk-gəlirlilik balansının hədəflənən səviyyədə saxlanılması məqsədilə investisiya portfellərini müxtəlif aktiv sinifləri üzrə şaxələndirərək onlar üçün optimal səviyyəni müəyyən edirlər. Bu kontekstdə hər bir aktiv icazə verilən kənarlaşma intervalı da daxil olmaqla həmin səviyyələr çərçivəsində idarə edilir və bazar dəyişiklikləri nəticəsində yaranan fərqlər tarazlaşdırma mexanizmi vasitəsilə müvafiq hədlərə gətirilir.
Xatırladaq ki, ARDNF bu ilin I rübündə 21,9 ton qızıl satıb və qızıl ehtiyatları 178,1 tona kimi azaldılıb.
Digər xəbərlər


















