Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
Tarix: 22-04-2026 | Saat: 17:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Latviyanın Prezidenti Edqars Rinkeviçs və Azərbaycanın Prezidenti İlham Əliyev

 

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz. Çox şadam ki, dəvətimi qəbul etmisiniz və ölkəmizə rəsmi səfərə gəlmisiniz. Siz əvvəlki vəzifənizdə olarkən dəfələrlə Azərbaycanda olmusunuz. Lakin Prezident kimi ilk dəfədir səfər edirsiniz. Mənim əvvəlki görüşlərdən, o cümlədən ötən ilin yanvarında Davosda keçirilmiş görüşdən çox əziz xatirələrim var. Bizimlə olduğunuza görə bir daha minnətdaram. Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq.

Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik, çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyahısına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək.

Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.

Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər.

Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə defakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.

Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmisiniz və Sizə xoş səfər arzu edirəm.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər