Tarix: 07-04-2021 | Saat: 16:14
Bölmə:Gündəm | çapa göndər
“Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri”
Bu gün müasir dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mübadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin dünya miqyasında həllində dövlətlərin əməkdaşlığı deməkdir. Qloballaşma milli mədəniyyətlərin aradan çıxması, milli-mənəvi dəyərlərin arxa plana keçməsi demək deyil. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiyasına təkan verir. Amma dünyaya qovuşmaq Azərbaycan xalqının özünəməxsusluğuna zərər vurmamalıdır. Ona görə də xalqımızın əldə etdiyi nailiyyətlər varislik, yaradıcı təkamül prinsipinə uyğun olaraq yaradıcı şəkildə inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir. Bu baxımdan milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yeni dövrə uyğun olaraq inkişaf etdirilməsi, xarici siyasətimizdə müsəlman ölkələri və türk dünyası ilə münasibətlərimizin özəlliyi və digər bu kimi istiqamətlər diqqəti cəlb edir.
İslam dünyasının bir parçası olan Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz milli-mənəvi dəyərlərimizi və xalqımıza məxsus xüsusiyyətlərimizi də qoruyub saxlayırıq. Ümummilli Lider Heydər Əliyev bununla bağlı fikirlərini hər zaman açıq şəkildə ifadə edirdi: “Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazimi işlər görmüşük”. Xalqımızın tarixdən gələn bu xüsusiyyətlərini gələcək nəsillər də yaşatmalıdır.
Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Məhz bu amilə əsaslanaraq Ümummilli Lider hər zaman öz çıxışlarında vurğulayırdı: “Biz öz .
milli- mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik”.
Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ümummilli Liderin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti Azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünki inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.
Ulu Öndər Heydər Əliyev milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb: “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik”.
Ölkəmizdə dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin bu gün uğurla davam etirilməsinin nəticəsidir.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezdenti, USESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məcidlər inşa etməyib, həm də bu torpaqlarda yüzilliklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib.
Son illər bütün dünyada dini-milli, sosial-iqtisadı zəmində baş verən münaqişlərin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin-tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfində tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. O model ki, memarı Ulu Öndər, müasir dövrlə uzlaşdırıb təkmilləşdirəni ölkə Prezdenti İlham Əliyevdir.
Zaqatala rayonu Sumaylı kənd məscidi
dini icmasının sədri: Məmmədov Fərhad Sayad oğlu.
04.04.2021-ci il.
Digər xəbərlər