Saytımızı qiymətləndirin


 
 

Həbs edilən futbolçudan sensasion -Müsahibə
Tarix: 01-12-2017 | Saat: 12:27
Bölmə:Manşet / Karusel / İdman | çapa göndər

 Həbs edilən futbolçudan sensasion

 

Xəbər verdiyimiz kimi, “Neftçi” – “Keşlə” oyunundan sonra tanınmış futbolçular Nizami Hacıyev və Mirhüseyn Seyidov oyun satdıqları üçün həbs olunmaları barədə məlumat yayılmışdı. “Keşlə”nin prezidenti Zaur Axundov “Qafqazinfo”ya açıqlamasında hər ikisinin həbs xəbərini təsdiqləmişdi. 

Gecə saatlarında sərbəst buraxılan futbolçulardan biri Mirhüseyn Seyidov ölkə.az-a sensasion müsahibə verib.

“Qarabaginfo” həmin müsahibəni olduğu kimi təqdim edir:

- Dünən sizin və komanda yoldaşınız Nizami Hacıyevin həbs olunmağınızla bağlı xəbər yayılmışdı.

- Bizi polis saxlamamışdı. Komandada problem yaranmışdı. Guya biz 5-6 oyundur oynamırıq. Əsasən də "Neftçi"ylə oyuna görə narahatlıq var idi. Mən 6-7 il "Neftçi"nin oyunçusu olmuşam, o klubun yetirməsiyəm. "Neftçi" ilə oyunda ürəyim keçmiş komandamda olduğuna görə zəif çıxış etmişəm. Mənim qışda "Neftçi"yə keçmək söhbətim var idi. Özümüz qəsdən zəif çıxış etmişik, ürəyim bir növ ora üçün yanır. Amma mərc kontorlarına pul qoymağımızla bağlı yayılan xəbərlər tamamailə yalandır. Düzdür, səhv etmişik. "Keşlə" komandasına qarşı nankorluq etmişəm. Amma futboldur, hər şey ola bilər.

- Deməli, mərc kontorlarına pul qoymamısınız, amma "Neftçi" ilə oyunda qəsdən zəif çıxış etmisiniz?

- Bəli. Bir az vicdan əzabı çəkirəm. Bu da "Neftçi"yə olan istəyimizdən yaranıb. Nizami Hacıyev orayla müqavilə bağlamışdı. Demək olar ki, müqaviləsi hazır idi. Mənə də demişdilər ki, qışda gələrsən. Etdiyim işdən həqiqətən peşmanam. Buna görə "Keşlə"nin, AFFA-nın rəhbərliyindən, azarkeşlərdən üzr istəyirəm ki, səhv addım atmışam. Bu addımı "Neftçi"yə keçmək üçün atmışam.

- Bir gün ərzində harada saxlanılırdınız?

- Saxlanılmamışdıq, sadəcə, telefonlarımıza zəng çatmadığına görə hamı narahat olub.

- Bəs harada idiniz?

- Uyğun bir yerdəydik. Orada dostlarımız da var idi. Sadəcə, kontor məsələsinə görə izahat yazmalıydıq.

- İzahatı kim üçün yazırdınız?

- Klub rəhbərliyi üçün izahat yazırdıq. Onlar da bizim səhvimizi başa düşdülər. Kluba qarşı haqsızlıq etmişik. Digər oyunlarda ürəklə çıxış etmişik. Həm də kimsə deyə bilməz ki, sən hansısa mərc oyununa pul qoymusan. Heç elə şeylərdən başım çıxmır. 

- "Keşlə" sizinlə müqaviləyə xitam verib...

- Yəqin ki, yaxın günlərdə federasiya özü qərar verəcək.

- Karyeranızı "Keşlə"də davam etdirmək istəyirsiniz, yoxsa "Neftçi"yə keçmək fikriniz var?

- O qalıb Allaha. Əsas odur ki, səhvimizi başa düşmüşük. İnşallah, AFFA rəhbərliyi bizi nəzərə alar.

- Sizcə bu hadisələrdən sonra çempionatımızda çıxış edən hansı komanda sizi heyətinə qəbul edər?

- Bunu gələcək göstərəcək. Bu məsələdə çox dostlar yanımızda oldu. Hər kəsin çətinliyi ola bilər. Həyatda elə qardaşlar, dostlar qazanmışıq ki, səhv addım atsam da, böyük problemlərə başımı soxmamışam. Əgər buradan təklif olmasa, ölkədən kənarda çıxış edərəm. Əsas odur ki, adım təmizə çıxsın. Oynamasam da, acından ölməyəcəyəm. Bir işlə məşğul olacağıq. 

- Sizə qarşı zor tətbiq edildiyi barədə məlumatlar yayılmışdı...

- Çox şükür evimdəyəm. Bu gün cümədir. Sizin də cüməniz mübarək. Evdən çıxıb məscidə gedəcəyəm. Şayiələr çoxdur. Amma şükür ki, evimizdəyik. Həyat davam edir. 

 

 



Xəbəri paylaş

642 dəfə oxunub.

Digər xəbərlər