Saytımızı qiymətləndirin


 
 

Prezident: "Qarabağ probleminin həll olunmamasının başlıca səbəbi Ermənistanın status-kvonu dəyişmək istəməməsidir"
Tarix: 05-04-2018 | Saat: 21:38
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

prezident qarabag probleminin hell olunmamasinin baslica sebebi ermenistanin status kvonu deyismek istememesidir

“Dağlıq Qarabağ ətrafında indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil”. "Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir: “Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.

 

Prezident İlham Əliyev digər beynəlxalq təşkilatların da buna oxşar qərarlar və qətnamələr qəbul etdiyini qeyd edib: “ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa  Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Ermənistan həmin qətnamələri yerinə yetirmir. Azərbaycan torpaqlarının işğalı davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz torpağında məcburi köçkün, qaçqın vəziyyətinə düşüb. Bizim şəhərlərimiz dağıdılıb, insanlarımız öz yurdlarından qovulub. Bizə qarşı etnik təmizləmə həyata keçirilib. Bütün bunlar faktlar və materiallarla sübut edilib. Bu cür materiallar kifayət qədərdir”.



Xəbəri paylaş

603 dəfə oxunub.

Digər xəbərlər