Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanlı məcburi köçkünlər Xocalıya qayıdacaq”
Tarix: 05-01-2021 | Saat: 23:42
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Müsahibə

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı işlər sürətlənir. Tapşırıq verilib ki, mərkəzin inşası maksimum şəkildə tez başa çatsın. Monitorinq mərkəzi işə başlayandan sonra bölgədə vəziyyət bir qədər də dəyişəcək. Bununla silahlı erməni ünsürlərinin bölgədən çıxarılması tələbləri sərtləşdiriləcək”.

Qarabaginfo.az Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim ediri:

- İran uranın 20 faiz zənginləşdirəcəyini rəsmən elan etdi. Bu isə imkan verəcək ki, İran zənginləşdirilmiş urandan nüvə silahı əldə edə bilsin. ABŞ və İsrailə görə isə bu, “qırmızı xətt”in keçilməsi deməkdir. Sizcə, bundan sonrakı mərhələdə İrana qarşı hansı addımlar atıla bilər?

- Hər şey Baydenin öz vəzifəsinin başına keçməsindən sonra bəlli olacaq, ayın 20-dən sonra müəyyən addımlar atıla bilər. Düşünürəm ki, Şimali Koreyaya qarşı hansı siyasət yürüdülübsə, İrana da həmin münasibət sərgilənəcək. ABŞ çalışacaq ki, müxtəlif şərtlər və tələblərlə digər ölkələri də bu siyasətə qoşsun. Amma bir məsələ də var ki, İran nüvə silahının əldə ediləcəyi ilə bağlı heç bir bəyanat verməyib, eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvüdür. Buna paralel olaraq, nüvə silahlarının qarşısının alınması konvensiyasına qoşulan bir ölkədir. Bu amillər nüvə silahının əldə edilməsinə müəyyən əngəllər törədir. Yəni uranın 20 faiz zənginləşdirilməsi o demək deyil ki, İran nüvə silahı əldə edəcək.

Yeri gəlmişkən, İranda hələ də Xomeyninin vaxtilə verdiyi fətva qüvvədədir. Bu, İranın nüvə silahından imtina etməsi ilə bağlı bir fətvadır. Habelə İranın hərbi doktrinasında nüvə silahının əldə edilməsi ilə bağlı məqsədlər qoyulmayıb. Əlbəttə Amerika tərəfindən atılacaq siyasi addımlar sərt olacaq. Vaxtilə İraqa və Şimali Koreyaya tətbiq olunmuş sərt sanksiyalar İrana da şamil edilə bilər. Amma digər ölkələrin buna qoşulub-qoşulmayacaqlarını irəlidəki mərhələlərdə görəcəyik.

- Aralıq dənizinin şərqində BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, Yunanıstan, Fransa və Cənubi Kipr Türkiyəyə qarşı hərbi fəallıq nümayiş etdirirlər. Bir-birinin ardından Krit adasına döyüş təyyarələri göndərilir. Bəs bu bölgədəki proseslər hansı istiqamətə dönə bilər?

- Dünya siyasətindəki qütbləşmədən danışırıqsa, bu, regional siyasətdə də özünü göstərə bilər və baş verir. Yaxın Şərq bölgəsində də müyyən qütblər formalaşır. Bir tərəfdə Türkiyə və onu dəstəkləyən dövlətlər – Qətər, Azərbaycan və digərləri var. Bir tərəfdə də Türkiyə və onun siyasətinə qarşı çıxan dövlətlər dayanıb, onların sayı daha çoxdur. Maraqlıdır ki, onlar müxtəlif siyasi spektrin təmsilçiləridir. Məsələn, Misir və BƏƏ Yaxın Şərq siyasətinin oyunçularıdır, Fransa, Yunanıstan və Cənubi Kipr isə Qərb blokunun nümayəndələridir. Amma Türkiyə amili onları birləşdirir.

Həmin ölkələr digər dövlətləri də Türkiyəyə qarşı gedən proseslərə çəkmək niyyətindədirlər. Məsələn, ABŞ-ı burada oyunçu kimi görürlər. Gedişat isə onu göstərir ki, Böyük Britaniya və Rusiya bəzi məsələlərdə Türkiyə ilə eyni tərəfdə dururlar. Proseslər davam edəcək. Ümumiyyətlə, bu cür proseslərin axırı olmur, Qətər böhranı da bunu göstərdi. Vaxtilə Qətərə qarşı da bu cür gedişat olmuşdu. Qətər bu illərdə çalışdı ki, izolyasiyadan çıxsın və buna nail olur. Yəni proses gedir, amma bunun məntiqli sonu yoxdur. Getdikcə, ortaya yeni amillər və maraqlar çıxa bilər. İndi Türkiyə-İsrail münasibətlərində müəyyən dəyişikliklər baş verir.

Başqa sözlə, hadisələrin gedişatı qeyri-müəyyən istiqamətlərdə inkişaf edir. Mən düşünmürəm ki, prosesdə iştirak edən ölkələr öz maraqlarından kənara çıxacaqlar. Türkiyənin də məqsədləri bəllidir – bölgədə vacib oyunçu olsun, öz layihələrini həyata keçirsin. İnanmıram ki, Türkiyə bu hədəflərindən əl çəkəcək. Heç Qətər bu maraqlarından geri çəkilmədi, baxmayaraq ki, təzyiqlər olmuşdu.

- Türk mediasında maraqlı iddia dolaşır. Həmin iddiaya görə, bir milyondan çox azərbaycanlı məcburi köçkün qarşıdakı aylarda Türkiyə sülhməramlı kontingentinin müşayiəti ilə azad edilmiş ərazilərə qayıdacaq. Sizcə, Türk sülhməramlılarının bu qayıdışda rol alacağı ehtimalı nə qədər mümkündür?

- Bu istiqamətdə işlər görülür – yollar salınır, təhlükəsizliklə bağlı məsələlər həll edilir. Büdcədən də pul ayrılıb, evlər tikilməlidir, yəni yaşayış üçün şərait qurulmalıdır. Əlbəttə, görülən işlərdə Türkiyə böyük rol oynaya bilər. Son illərdə inkişaf etmiş Türkiyə-Azərbaycan əməkdaşlığı burada həlledici rol oynayıb. Düşünürəm ki, köçkünlərin qayıtması prosesində, azad edilmiş ərazilərin bərpa edilməsində də Türkiyənin rolu müstəsna olacaq. Amma regionda gedən prosesləri ləngidən amillər var. Ermənistan yenə də çalışacaq ki, digər ölkələri bu proseslərə qatsın, destruktiv iş görsün.

Həm bölgədə, həm də dünyada gedən proseslər bura da öz təsirini göstərə bilər. Amma Türkiyə və Azərbaycanın hədəfləri var, bunlara nail olmaq üçün də bütün vasitələrdən istifadə edəcəklər. Üstünlüyümüz də bundan ibarətdir ki, həmin torpaqlar Azərbaycan əraziləridir. Yəni heç kəs bizə əməli əngəllər yarada bilməz, əlbəttə, dolayı əngəllər yaratmağa cəhdlər olacaq. Məsələn, ermənilərin Hadrutda təxribat törətdiyini gördük, üstəgəl, Ermənistanda revanşist əhval-ruhiyyə hökm sürür. Əlbəttə, bunlara baxmayaraq, yaxın gələcəkdə köçkünlərin azad edilmiş ərazilərə qayıdışı başlayacaq. Azərbaycanlılar nəinki azad edilmiş ərazilərə, Xocalıya, Əsgərana və Dağlıq Qarabağın digər ərazilərinə də qayıdacaqlar.

- Yanvarın 11-də Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəyi barədə iddia gündəmdədir. Belə bir görüş baş tuta bilərmi və bu olacaqsa, hansı məsələlər müzakirə edilə, nə kimi anlaşmalar əldə oluna bilər?

- İlin axırından bu ehtimallar irəli sürülür, amma onların görüşəcəyinə inanmıram. Çünki görüşmək üçün heç bir əsas yoxdur. Yəni elə bir məsələ yoxdur ki, Azərbaycan tərəfi bunu birbaşa Ermənistanla müzakirə etsin. Bəli, Rusiya ilə hansısa məsələləri müzakirə edə bilərik. Çünki ərazilərdə Rusiya sülhməramlıları fəaliyyət göstərir. Yəni Rusiya sülhməramlıları vasitəsilə hansısa məsələləri həll etmək olar. Bu yolla xüsusən də Balasanyan və digər ünsürlərin fəallıqlarının qarşısını almaq mümkündür. Amma Paşinyanla nəyi müzakirə etmək olar? Paşinyanla münasibətlərin normallaşmasını müzakirə etmək olar. Amma nə Paşinyan, nə də Ermənistan buna hazırdır. Bəlkə də Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır, amma buna imkanı yoxdur. Buna görə də, onunla müzakirə ediləsi məsələ yoxdur.

Düşünmürəm ki, belə bir görüş baş tutacaq. Belə bir görüşün gündəliyini müəyyən etmək üçün heç olmasa, xarici işlər nazirləri əvvəlcədən görüşməlidir və məsləhətləşmələr aparmalıdırlar. Bununla bağlı da heç bir məlumat yoxdur. Üstəgəl, biz Azərbaycan prezidentinin mövqeyini bilirik. Bu, qəti, sərt və açıq mövqedir. İnanmıram ki, Paşinyan belə bir vəziyyətdə Azərbaycan prezidenti ilə hansısa məsələləri müzakirə etməyə hazır olsun.

- Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları niyə üçtərəfli anlaşmaya uyğun olaraq, bölgədəki erməni silahlı birləşmələrini tərksilah etmir? Əksinə, bir sıra hallarda Ermənistandan gələn hərbi birləşmələrin rus sülhməramlılarının nəzarəti altında Laçın dəhlizi ilə Xankəndinə buraxılmasının şahidi oluruq.

- Bu məsələ müzakirə oluna bilər. Bunun Azərbaycan və Rusiya prezidentləri arasında müzakirə edilməsi mümkündür. Amma Rusiya sülhməramlılarının erməni silahlı birləşmələrini niyə tərksilah etmədiyini demək çətindir. Əlbəttə, proseslər gedir, Azərbaycan tərəfi də öz işini görür. Düşünürəm ki, təhlükəsizliklə bağlı məsələlər həll olunur, bizim imkanlarımıza daxil olan məsələləri həll edirik və işğaldan azad olunmuş ərazilərdə güclənirik. Hesab edirəm ki, erməni tərəfinin hərəkətləri fakt kimi qeydə alınır. Bu faktlar toplanılır, müəyyən zamanda bunlar açıqlanacaq. Hesab edirəm ki, bu faktlar Rusiya tərəfinin qarşısına qoyulacaq.

Erməni silahlı birləşmələrinin tərksilah edilməməsinə gəldikdə, əlbəttə bunlar müəyyən siyasi maraqlarla bağlı ola bilər. Digər yandan, Rusiya tərəfi istəmir ki, Ermənistana sərt və açıq təzyiqlər etsin. Bu təzyiqlər onsuz da var. Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində də iştirak edirlər. Bəzi hallarda onlar ermənilərə qarşı sərt davranırlar. Ola bilsin, Rusiya tərəfi istəmir ki, bu sərt təzyiqlər hər yerdə hiss olunsun və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi möhkəmlənsin. Bəlkə də bunlardan ehtiyat edirər, bilmirəm. Amma bu o demək deyil ki, Dağlıq Qarabağdakı bu vəziyyət daimi olacaq. Düşünürəm ki, qarşıdakı aylarda oradakı silahlı ünsürlərlə bağlı məsələlər öz həllini tapacaq.

Digər yandan, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı işlər sürətlənir. Tapşırıq verilib ki, mərkəzin inşası maksimum şəkildə tez başa çatsın. Monitorinq mərkəzi işə başlayandan sonra bölgədə vəziyyət bir qədər də dəyişəcək. Bununla silahlı erməni ünsürlərinin bölgədən çıxarılması tələbləri sərtləşdiriləcək. Monitorinq mərkəzi bölgədə baş verənləri açıb göstərəcək, müəyyən faktları ortaya çıxaracaq. Məsələn, ermənilər səngərlər qazırlar, silah-sursatlar təmin olunurlar, bunların hamısı faktlarla açıqlanacaq. Monitorinz mərkəzində bu faktlarla bağlı sübut bazası müəyyənləşəcək və Rusiya sülhməramlıları məcbur olub, bunlarla bağlı tədbirlər görəcəklər.

 




20 dəfə oxunub.

Digər xəbərlər