2020-ci il aprelin 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılacaq.

Əmək müqaviləsi və ya mülki-hüquqi müqavilələrlə işləyən vətəndaşlar həmin məbləği əmək haqlarından ödəməli olacaqlar. Hüquqşünas Şəhriyar Həbilov 2020-ci ildən əməkhaqqından tutulmalar və onların məbləğinin hesablanması qaydalarını açıqlayıb.

Gələn ildən əməkhaqqından bu tutulmalar olacaq:

gəlir vergisi;
məcburi dövlət sosial sığorta haqqı;
işsizlikdən sığorta haqqı;
icbari tibbi sığorta haqqı.
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8.000 manatdan yuxarı hissənin 0,5 faizi, 8.000 manatadək isə 2 faizi məbləğində;

özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında işləyənlərin əməkhaqqından 8.000 manatadək hissənin 1 faizi (2021-ci ildə 2 faiz), 8.000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində.

Bununla yanaşı, 2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 250 manat olduğunu da nəzərə alaraq, 2020-ci il üzrə əməkhaqqının hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqı 250 manat olanlar üçün nümunə:

a) gəlir vergisi - tutulmur (8.000 manatadək);

b) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə 3 faiz, yəni 6 manat, 200 manatdan yuxarı hissə üçün isə 10 faiz : 50x10% = 5 manat.

Ümumilikdə 6+5=11 manat.

c) işsizlikdən sığorta haqqı: 250 manatın 0,5 faizi = 1,25 manat.

d) icbari tibbi sığorta haqqı: 1 faiz – 2,5 manat

250 - (0+11+1.25+2.5) = 250 - 14.75 = 235.25

Deməli, 250 manat əməkhaqqı alan vətəndaşın aylıq maaşı 235,25 manat olacaq.

Əməkhaqqı 8.000 manatdan çox olanlar üçün nümunə:

Tutaq ki, vətəndaş 8.100 manat əməkhaqqı alır. Onun aylıq ödənişləri nə qədər olacaq?

a) gəlir vergisi: 8.000 AZN-dən yuxarı məbləğin 14 faizi

8.100 – 8.000 = 100 AZN
100 x 14% = 14 AZN.

b) sosial sığorta haqqı: 8100 - 200 = 7900 manat

200 x 3% = 6 manat;
7900 x 10% = 790 manat.
c) işsizlikdən sığorta haqqı
8.100 x 0,5% = 40,5 manat.