Saytımızı qiymətləndirin


 
 

"Fondda qeydiyyata alınan ilk inventar Polad Həşimova məxsus qış gödəkçəsidir" - FOTOLAR
Tarix: 22-05-2021 | Saat: 07:35
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov Moderator.az-ın suallarını cavablandırıb.
 
- Şəfa bəy, salam. Öncə istərdim AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindəki "Vətən Müharibəsi Fondu" nun yaradılması haqqında bizə məlumat verəsiz. Bu fond nə vaxt yaradılıb?
- Salam. Xoş gördük. Bildiyiniz kimi, keçən ilin sentyabr-noyabr aylarında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başladı. Ordumuz  bu müharibədə rəşadət göstərərək torpaqlarımızı düşməndən azad etdi. Hərbi əməliyyatlar zamanı şəhidlər verdik. Bu münasibətlə 2021-ci ilin yanvar ayında MATM-da Vətən Müharibəsi Fondu təsis edildi. Qısa müddət ərzində muzeyin müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkədə əhaliyə müraciət etdilər. Əməkdaşlarımız ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və s. toplanması işinə başladılar.
- Muzeydə Vətən Müharibəsi fondunun yaradılması ideyası necə baş verdi? 
 
- Öncə  Milli Azərbaycan Tarixi Muzeyi olaraq şəhidlərimizə məxsus materialları toplayaraq Vətən müharibəsinə və qələbəmizə aid sərgi keçirməyi düşündük. Muzeyə daxil olan materialların çoxluğu və müxtəlifliyi Vətən Müharibəsi Fondunun yaradılması zərurətini ortaya qoydu. Bu baxımdan muzeyin Elmi Şurası muzeydə tarixi qələbəmizi əks etdirən bu materialların toplanması, qorunması, öyrənilməsi və təbliği üçün yeni fondun yaranması ilə bağlı məlum mühüm qərarı verdi.
 
- Bu fondda sırf ikinci Qarabağ müharibəsi şəhidlərinin əşyaları, onlara məxsus nələrsə qorunur yoxsa ümumi şəhidlərimizin?
- Vətən Müharibəsi fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olmağı qarşıya məqsəd qoymuşdur. Bu baxımdan fonda daxil olan materialların arasında Birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel döyüşləri , 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsinə aid materiallar yer almışdır. Yeri gəlmişkən, fonda daxil olan materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də vardır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Ərazilərinin Minalardan Təmizləmə Agentliyi (ANAMA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləvazimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də Vətən Müharibəsi Fondunda daimi mühafizə edilir.
- Muzeyinizdəki Vətən Müharibəsi fonduna daxil olan  ilk material hansıdır?
 
- Fondda qeydiyyata alınan ilk inventar 2020-ci ilin Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimova məxsus istiləşdirilmiş qış gödəkçəsi (buşlat) olmuşdur.
- Hal-hazırda neşə eksponat qorunur?
 
- Hazırda 700-ə qədər şəhidimizə məxsus material fondumuza daxil olmuşdur. -dən artıq material qeydiyyata alınaraq inventarlaşdırılmışdır. Vətən müharibəsi fondu yeni təsis edildiyi üçün hər gün inventarlaşdırma prosesi davam edir.
 
- Sərgidə sırf şəhidlərimizə aid əşyalar qorunur yoxsa düşməndən qənimət kimi götürülən əşyalara da rast gəlmək olar?
 
- Vətən Müharibəsi Fonduna daxil olan materiallar arasında işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələrə də rast gəlinir. Bu hərbi qənimətlər Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən 44 günlük savaşda düşmən mövqelərinin darmadağın edilməsindən sonra ələ keçirilmişdir. Hazırda bu hərbi qənimətlər sərgidə nümayiş etdirilir.
 
- İstərdim şəhid ailələrindən eksponatları qəbul edərkən keçirdiyiniz hissləri bizimlə bölüşəsiz...
 
- Vətən müharibəsi uğrunda şəhid olanlara rəhmət diləyirik, onların doğmalarına başsağlığı veririk. Materialların qəbulu və onlarla işləyən zaman qürur hissi ilə yanaşı kədərli hislər də keçirik.
 
- Daha çox hansı əşyalar təqdim olunub?
- Fonda daha çox hərbi geyimlər, fotoşəkillər və hərbi xidmət zamanı verilmiş təltiflərin, fəxri fərman və sertifikatlar təqdim olunub.
 
- Fond materiallarını necə görmək olar? Bunlar ödənişlidir?
- Vətən müharibəsi fonduna daxil olan materiallar hazırda davam edən muzeyimizin sərgi zalında “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgimizdə nümayiş edilir. Sərgi geniş ictimaiyyət üçün ödənişsiz fəaliyyət göstərir. Sərgidə 600-ə yaxın eksponat - şəxsi əşyalar, hərbi geyim, şəhid olmuş Azərbaycan hərbçilərinin fotoları və sənədləri nümayiş olunur. 101 şəhid və qazinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilmişdir.


Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər