Saytımızı qiymətləndirin


 
 

ABŞ Departamentinin xəbərdarlığı Qarabağda növbəti müharibənin anonsudur? - Kəşfiyyat məlumatları
Tarix: 19-05-2021 | Saat: 21:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər

ABŞ Departamentinin xəbərdarlığı Qarabağda növbəti müharibənin anonsudur? - Kəşfiyyat məlumatları

“ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib. Xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib. Dövlət Departamenti xəbərdarlıqda səbəb kimi koronavirus, sərhəddəki gərginlik və terror təhlükəsini göstərib. Xəbərdarlıqdakı koronavirus bəndi bəhanəyə oxşayır. Azərbaycanda koronavirusun miqyası xeyli azalıb, ABŞ vətəndaşları virusun yayıldığı daha təhlükəli ölkələrə səfərlər edir və Dövlət Departamenti onlara xəbərdarlıq çağırışı etmir”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, Dövlət Departamenti terror bəndi üzərində xüsusi dayanaraq bildirib ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir:

“Bundan başqa ABŞ vətəndaşlarına Azərbaycan-İran sərhədinə, o cümlədən Qarabağ regionuna və ətraf ərazilərə səyahət etməmək tövsiyə edilib.

Xəbərdarlıqdakı bu cümlələr də diqqəti çəkir: “Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər”. Dövlət Departamentinin bu xəbərdarlığından hansı nəticə hasil olunur? Dövlət Departamenti ötən ilin sentyabr ayında da oxşar bəyanat yaymışdı. Bəyanatın yayılmasından iki gün sonra müharibə başladı. Demək, müharibənin başlayacağı haqqında kəşfiyyat məlumatı olan Dövlət Departamenti əvvəlcədən vətəndaşlarını Azərbaycanda və Ermənistanda ehtiyatlı olmağa dəvət edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin müharibə günlərində vətəndaşlarına ikinci xəbərdarlığı da olmuşdu. Səfirlik vətəndaşlarına Bakının mərkəzindəki hotellərin birindən uzaq dayanmağı təvsiyə etmişdi. Böyük ehtimalla Vaşinqtonun erməni terrorçularının planı barədə kəşfiyyat məlumatı olmuşdu. Allah saxladı”.

Elxan Şahinoğlu bildirib ki, Dövlət Departamentinin növbəti xəbərdarlığı da kəşfiyyat məlumatlarına dayanır:

“Görünür, Dövlət Departamenti həm kəşfiyyat məlumatlarına, həm də Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə əsaslanaraq iki dövlət arasında növbəti toqquşmanın da qaçılmaz olduğunu hesablayıb. Bunu heç biz də istisna etmirik. Əgər sərhəddə gərginlik azalmasa və erməni hərbçilər sərhədi müəyyələşdirən hərbçilərimizə qarşı təxribat törədərlərsə, aydındır ki, bunu cavabsız qoymayacağıq. Dövlət Departamentinin “terror təhlükəsi” bəndini də qulaqardına vura bilmərik. Vaşinqton Bakını tərəfdaşı sayırsa, əlində olan “terror təhlükəsi” barədə məlumatları Azərbaycanın müvafiq qurumlarıyla bölüşməlidir”. (Yenisabah.az)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər