Saytımızı qiymətləndirin


 
 

Qulu Məhərrəmli orfoqrafiya qaydaları ilə bağlı Tərcümə Mərkəzini dəstəklədi
Tarix: 22-01-2018 | Saat: 15:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hazırda orfoqrafiya qaydaları ilə bağlı davam edən qızğın müzakirələr bir daha sübut edir ki, milli varlığın ifadəsi olan dil mövzusu çox həssasdır. Ona görə də bu sahə ilə bağlı hər hansı fundamental vəsait çap edəndə hədsiz diqqətli və məsuliyyətli olmaq lazım gəlir ki, çəkilən əziyyət hədər getməsin.  

 

Bu gün Azərbaycan dili işləklik mənasında olduqca qaynar və mürəkkəb mərhələsini yaşayır. Proseslər o qədər sürətli gedir ki, bəzi hallarda elmi çərçivə və dil nəzəriyyəsi  fərqli dil situasiyalarını qiymətləndirib, qaydalaşdıraraq ifadə etməkdə çətinlik çəkir. Ona görə də indi ana dilinə xidmət edə biləcək, istifadə zamanı dil daşıyıcılarının karına gələcək praktik əhəmiyyəti olan hər hansı elmi araşdırma, lüğət, dərs vəsaiti çox qiymətlidir. Bu baxımdan yaxınlarda işıq üzü görmüş və daha çox vətəndaş təşəbbüsünün bəhrəsi olan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü (Bakı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 2017; Tərtibçi Afaq Məsud, redaktoru Nizami Cəfərov) qiymətli nəşr kimi qiymətləndirmək olar. Düzdür, bizdə əvvəllər məktəblilər üçün ayrıca və yığcam orfoqrafiya lüğətləri çap edilib, amma geniş oxucu auditoriyası üçün işlək sözlük ölkəmizin nəşriyyat təcrübəsində ilk hadisədir.

 

İlk dəfədir ki, ölkənin bir nüfuzlu yaradıcı qurumu uğursuz hesab etdiyi orfoqrafiya lügətini tənqid etməklə kifayətlənmir, həm də qüvvədə olan mövcud dil qaydalarına istinadla ana dilinin işlək sözlüyünü hazırlayıb təqdim edir. Yəni Tərcümə Mərkəzi bu nəşrlə buddizmdə deyildiyi kimi, qaranlığı söyməkdəndirsə, oraya bir şam yandırıb qoymaq prinsipini əsas tutduğunu göstərir. Əminəm ki, bu şamın işığı təkcə Azərbaycan dilinin söz mənzərəsini aydınlatmır, həm də orfoqrafiya sözlüyünə yanaşmada leksik qırıntılar hesabına lüğətdə kəmiyyət amilini şişirtmək kimi yanlış təsəvvürləri dəyişir.

 

 *   *   *

 

Son 2-3 ildə elmi-mədəni həyatımızın gündəliyində  ən çox müzakirə edilən, məclis və toplantılarda haqqında danışılan, mediada barəsində ən çox yazılan mövzu  orfoqrafiya problemidir. Bunun bir səbəbi müstəqillik dövründə  ana dilimizin statusundan irəli gələn işləkliyin artması, ikincisi bu işləkliklə bağlı ortaya çıxan dil-nitq mübahisələri,  üçüncüsü isə,  bu mübahisələri həll etməli olan düzgün yazı qaydalarının – orfoqrafiya lüğətinin dinamik dil proseslərindən nisbətən geri qalmasıdır. Bəzən həmin lüğətlərdə bu və ya başqa formada diqqəti dərhal cəlb edən aşkar qüsurların olması həmin müzakirələri bir az da qızışdırır.  Bu mənada elmi ictimaiyyətin sərt tənqidləri ilə üzləşmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (Bakı, Şərq-Qərb, 2013) sonuncu – 6-cı nəşri dilçilik elmimizin bugünü ilə yanaşı, ana dilimizin yazı qaydaları və leksik fondu barədə də ciddi düşünməyə əsas vermişdir.

 

Hər bir ölkədə, o cümlədən bizdə də orfoqrafiya lüğətinin hazırlanması və nəşri dövlət əhəmiyyətli məsələdir, çünki bu lüğət “dilin konstitusiyası”, onun  güzgüsüdür. Burada hər şeyə məsuliyyətlə yanaşılmalı, hər söz və cümlə yüz ölçüb bir biçilməlidir.  Təəssüf ki, sonuncu nəşrdə yol verilmiş bəzi nöqsanlar, xüsusən həcmin süni şəkildə şişirdilməsi, əvvəlki nəşrlə müqayisədə birdən-birə lüğətdə 30 mindən (?!) çox leksik vahidin peyda olması, həm də dil praktikası üçün yararlı olmayan minlərlə süni söz və sözcüyün burada yer alması haqlı etirazla qarşılanmışdır. Çünki süni söz artımı təkcə dilin leksik layını bulandırmır, həm də lüğətdən istifadənin özünü çətinləşdirir. Elə buna görə də Tərcümə Mərkəzi və qurumun dil məsələlərinə hədsiz həssas olan rəhbəri, yazıçı Afaq Məsud  göstərilən nöqsanlardan xali, dil istifadəçisi üçün asan və çatımlı, funksional “İşlək sözlük” ideyasını irəli sürdü. Nəsimi adına Dilçilik institutuna da birgə əməkdaşlıq təklif olundu. Həmin elm ocağının əməkdaşlarının da iştirak etdiyi ilk toplantılarda sözlüyün tərtib prinsipləri və strukturu müəyyənləşdirildi, daha sonra lüğət üzərində çətin, əzablı və üzücü yaradıcı proses başlandı. İşin sonrakı mərhələsində nədənsə institutun alimləri müzakirədən geri çəkildi, lakin Afaq xanım Mərkəzin əməkdaşları ilə birlikdə prosesi inadla sonadək apardı.

                                                  *   *   *

 “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, ilk növbədə klassik lüğətlərə xas olan ciddiliyi, elmi çəkisi və leksik vahidlərin seçilməsinin aydın prinsipi ilə  diqqəti cəlb edir. Əvvəla, sonuncu orfoqrafiya lüğətindəki lazımı sözlərin axtarışına mane olan qurama və  qüsurlu sözlər ixtisar edilib. Yəni əvvəlki lüğətdə gen-bol yer almış adamcığazlıq, adamoynatmaz, adiatımlı aerofotoşəkilcəkmə,ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus, cordanabənzərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəlvarılıq, dodaqaltıazaylanma, donuzbala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiyyəçi, fısafısetmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyazma, konfranszəng, lortçulökdodaq kimimənasız qurama leksik tullantılara bu sözlükdə rast gəlməzsiniz.

 

İkincisi, həmin lüğətdə yer almış yüzlərlə lüzumsuz səs və həmin səsdən törəmələr ixtisar edilərək yalnız ayrılıqda məna kəsb edəncikkilti, şıqqıltı, tıqqıltı, gurultu, uğultu kimi sözlər saxlanılıb.

 

Üçüncüsü, ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxssislərin dar ünsiyyət dairəsinə mənsubabaksial, abandon, abatment, aberrasiya, abilitasiya, abiogenez, abiotik, abisin, dagerrotip, dedveyt, demensiya, dzeren  və s. kimisöz-terminlər də lüğətə daxil edilməyib. Amma  müasir dövrdə terminologiyanın beynəlmiləlləşməsi nəticəsində  meydana çıxmış atom, kreativ, diskret, modern, makro, mikro, media, stereo və s. kimi ümumişlək, populyar terminlər sözlükdə yer almışdır.

 

Dördüncüsü, əvvəlki (2013) orfoqrafiya lüğətlərində yazılışı səhv verilmiş sözlər düzgün yazılış qaydası ilə verilmişdir. Məsələn, spazma – spazm, xokkey – hokkey, çalal– cəlal, kollej – kollec, lal-cavahirat – ləl-cavahirat, nökərçi – nökər və s.

 

Beşincisi, Azərbaycan dilinin iltisaqi təbiətindən irəli gələn söz törəmələri lüğətə daxil edilməmişdir. Yəni “ağac” və “çıxmaq” kimi “sabit” sözlərdən törəyən “ağacaçıxan” (eləcə də damadırmaşan, dağaqalxan, divaraçıxan, gözdənitən və s.) tipli sözlər normal söz yox, sadəcə törəmə sayılmışdır. Feil kökünə artırılan şəkilçilər hesabına yaranmış sözlərə də eyni prinsiplə yanaşılmışdır. Buna görə də  “silah” və “silahlanmaq”dan törəyən silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq tipli sicilləmələr orfoqrafiya sözlüyünə daxil edilməmişdir.

 

 İşlək sözlüyün bir məziyyəti də odur ki, sonuncu orfoqrafiya lüğətinin əsas   qüsurlarını aradan qaldırmaqla yanaşı, buraya populyarlığı heç bir mübahisə doğurmayan adət-ənənə, akkreditə, aktuallıq, aqressiv, aqressiya, alabəzək, alatoran, anestezioloq, antiterror, aydın, bloger, buzlaşma, cümləbəcümlə, deşifrə, dəmiryolu, dəst-xətt, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, əyarlama, filmoqrafiya, gedişat, gödəkçə, gündöyən, güvən, güvənli, həmmüəllif, hissiyyatlı,  hürkmək, xoreoqraf, ilginc, qamçı, qaraçuxa, qaragüruh, qavram, moratori, multikulturalizm, nəmər, ödəyici, önəm, publika, sağın, salat, seysmoloq, sərdabə, soyqırım, südçörəyi, sürreal, uca, yayımlama, yayınlanma və s. bu kimi yüzlərlə yeni söz  əlavə etmişdir.

 

Müasir texnologiya, sosial-mədəni, siyasi, idman və s. sahələrdə işləklik qazanmış yeni söz və terminlər də “İşlək sözlük”də öz əksini tapmışdır. Moratori, multikulturalizm, antiterror, anestezioloq, aqressiv, aqressivlik, aqressiya, antiterror, publik,publika, filmoqrafiya,etno-caz, gid,prelüdiya,piar, pilates, pin-kod, amilitud, ambulator, avroviziya, islamiada,, islamofobiya və s.sözlər bu qəbildəndir.

 

Sözlükdə oxşar və yaxın köklü sözlərin dürüst anlanması, dəyişik salınmaması və düzgün tətbiq edilməsi məqsədi ilə zəruri hallarda mötərizədə hansı sahəyə aid olmasının göstərilməsini də müsbət cəhət hesab etmək olar. Məsələn, qulam (qul) - qulan (dayça), abses(tibb) – absis (riyaz.),amplua (teatr) – ampul (dərman şüşəsi), sumax (xalça) – sumaq (bitki) və s. Tarixə aid olan bəzi leksik vahidlərin, qədim qəbilə, sülalə, dövlət və tayfa adlarının də bu formada təqdimatı, əsasən özünü doğruldur. Məsələn: sarmat(lar) (tayfa), sasani(lər)(dövlət), avşar(lar) (tayfa), bayandur(lar) (sülalə) və s.

 

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilk təcrübə olduğu üçün gələcəkdə faydalı ola biləcəyini nəzərə alıb bəzi qeydlərimi də demək istərdim. İlk növbədə belə sözlüklərdə dilin qüvvədə olan “Orfoqrafiya qaydaları”nı verməyin vacibliyini qeyd edərim. İkincisi, sözlükdə qrammatik formaların yazılışında vahidlik prinsipi gözlənilsə də bir neçə yerdə “varı” şəkilçisinin “vari”formasına da rast gəlinir. Qaydaya görə “varı” bir cür yazılan şəkilçidir və ahəng qanununa tabe olmur. Üçüncüsü, dildə geniş işlənməyən bir sıra yeni leksik vahidlərin sözlüyə daxil edilməsi mübahisəlidir. Düzdür, bunların eksperimental səciyyə daşıması və söz yaradıcılığı texnikası baxımından faydalı olacağını güman etmək olar. Amma bütün hallarda sözlər həssaslıqla seçilməlidir.

 

Əlbəttə, işlək lüğətə girış sözü yazmış görkəmli alim, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, orfoqrafiya sözlüyünə hansı sözlərin daxil edilib- edilməməsi nə qədər mühüm məsələ olsa da, “sözlüyün əsas missiyası mümkün qədər mükəmməl orfoqrafiya qaydalarına (prinsiplərinə) əsaslanmaqla sözün düzgün yazılışını təsbit etməkdən ibarətdir”.  Bu mənada böyük yazıçımız Afaq Məsudun təşəbbüsü və rəhbərliyi ilə Tərcümə Mərkəzində hazırlanmış “İşlək sözlük” ana dilimizin yazı qaydalarını təsbit etmək, lüğət fondumuzun zənginliyini və duruluğunu ifadə etmək, dil istifadəçilərinin karına gəlmək baxımından çox qiymətli əsərdir. Bu addm, həm də ana dilinə təmənnasız xidmət nümunəsidir.

 

Qulu Məhərrəmli

Filologiya üzrə ellmlər doktoru, professor



Xəbəri paylaş

626 dəfə oxunub.

Digər xəbərlər