Saytımızı qiymətləndirin


 
 

Media rəhbərləri və trol dəstələri - Mətbuat katiblərinin yaddaş kitabçası
Tarix: 13-02-2021 | Saat: 12:39
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Media rəhbərləri və trol dəstələri - Mətbuat katiblərinin yaddaş kitabçası
Son vaxtlar mətbuat katiblərinə keçirilən təlim yığıncaqları gördüm və ağlıma gəldi. Ağlıma nə gəldi deyəcəyəm, amma niyə gəldiyini deyim, sonra...
Ha yığıb təlim keç, uzun–uzadı mühazirə oxu, ya yadlarında qalacaq, ya yox. Üstəgəl bunun iştirak edəni var, etməyəni var. Fikri orda olanı var, olmayanı var. Sizin qəliz dillə danışdıqlarınızı tamamilə anlayıb, qeyd aparıb yadda saxlayanı var, saxlamayanı var. Ən yaxşısı budur ki, bir yolluq, qısa bir kitabça nəşr edilə və bütün potensial mətbuat katiblərinə, yəni hazırkı jurnalistlərə paylana. Oxuyub əzbərləyənlər əzbərləsin, əzbərləyə bilməyənlər də yanınca dolandırsın. Bir də gördün, gecəni jurnalist kimi yatıb, səhəri hansısa qurumun mətbuat katibi kimi ayıldın, əlin çatan, “ilkin yardım” qaydalarını dərhal axtarıb tapa bildiyin bir mənbə olsun.
Bəli, elə bu yerdə ağlıma gəldi ki, mətbuat katibləri üçün “Yaddaş kitabı”nı öz versiyam olaraq hazırlayım. Haşa, bilirsiz ki, mən iddialı adam deyiləm, qətiyyən o fikirdə deyiləm ki, mən kimlərdənsə çox bilirəm. Amma onu da bilirsiniz ki, mən məlumatlı adamam, işlərdən xəbərim var. Yəni bəri başdan deyim ki, ağıl öyrətmirəm, bildiyim məlumatları yazıram, kimə lazımdı istifadə eləsin, imkanı olsa bir ağız “sağ ol” deyib, ölənlərimizə rəhmət oxusun. Beləliklə, başaladıq!
Hörmətli oxucu, Sən artıq mətbuat katibi kimi bu kitabı vərəqləyirsənsə, yeni vəzifən münasibəti ilə səni təbrik etmək olar. Amma unutma ki, səni təkcə mən təbrik etmək istəmirəm, indi bütün irili-xırdalı mətbuatın, saytların, yutuberlərin, bloggerlərin, hətta səhifə və qrup rəhbərlərinin səni “səmimi qəlbdən təbrik” etmək istəyi var. Sadəcə gözləyirlər, tələsmirlər. Həm sənin mətbuat katibi olaraq necə işlyəcəyini görmək istəyirlər, həm də balaca bir səhv buraxacağın anı gözləyirlər ki, “təbrik”0in ləzzəti olsun. Amma sən qorxma. Və ən əsası, unutma: Bu ölkədə hörmət, izzət, yoldaşlıq, dostluq və təbii ki, pul müqabilində lazım olan yazını–videonu qoymayan, lazımsız yazını–videonu silməyən heç bir quruluş yoxdur. Rahat ol.
Beləliklə, hamısını ümumi adla “mediya quruluşu”-qısacası MQ adlandıraraq deyim ki, uzunçuluq olmasın. Ölkədə demək olar ki (yəni xırda istisnalarla), iki tip MQ var: 1.Yazmamaq üçün pul alanlar. 2.Yazdığını silmək üçün pul alanlar.
Birincilər yəni yazmamaq üçün alanlar, bütün ölkənin gördüyü, tanıdığı, TV-lərdən filandan böyük-böyük söhbətlər edən adamlardı, camiyənin böyükləridi, yekələrdi. Onlar da iki yerə bölünür, biləsən. Sənin təyin olunduğun yerin yuxarılarına bağlı olanlar, bunlar pulu yarananda alıblar, yəni sizinkilər onları pul verib yaradıblar deyək. Bir də var sənin müdirindən “Media xidmətləri”- adı ilə müqaviləli-filanlı illik ödəmə alıb, fors-major, yəni “ipin kəsilməsi halı” olmadığı təqdirdə düz bir il sənin idarən haqqında ağzına su alanlar. Yanmışlar, xeyli də şirindilər e, bu “haqqın alıb yazmamağa” bər-bəzəkli termin tapıblar – TAM İMMUNİTET!
Keçək ikincilərə - yazı silmək üçün pul alanlara. Bunlar da iki yerə bölünür: Əllərində hər hansı kompromat olanda əvvəlcədən sızdıranlar və haqın alıb susanlar. Ki, bu halda qiymət baha olsa da, məsələ beşikdəcə boğulur, sayt-sayt gəzəsi olmursan. Digərləri isə bir xeyli qorxuludur. Yazını yazır, sayta qoyur, qruplarda paylaşır, səhifələrə atır, sonra da deyir ki, “Məşədi, 5 manat ver, bu məsələni həll edim!”
Bax burda Kərəmi ağlamaq tutur. Cəmi bircə dəfə “Məşədi” oldunsa, qanın getdi, proses azı ayda bir-iki dəfə təkrarlanacaq. Digər tərəfdən, susdurmasan da, müdiriyyət tərəfdən üzün danlaqda qalacaq. Bax bu halda sən gəl, biz deyənə qulaq as. Bir çox situasiyalarda keçən, təsdiqlənmiş üsul burda da keçir: Parçala, hökm sür. Deyəcəksən necə? Çox sadə. Bir neçə mərifətli, qanacaqlısını, üzündə gözündə su qalmışını seçib, dostluq edirsən, arada yaxşı bir restoranda yığıb, “sizlərçün darıxmışam” adı ilə qonaqlıqlar verirsən, arada keflərin soruşursan, beləcə də bunları və bunların vasitəsi ilə bir xeyli bunların sözü keçənləri təhlükəsizləşdirirsən.
Bir neçə ən həyasızını seçib, içlərindəki “Meqahəyasız”ını tapıb, onun vasitəsi ilə, həyasızları aylığa bağlıyırsan. Aylıq deyib qorxutmuyum səni, iki aydan bir də göndərsən olar. Bu aralar bazar xeyli kasaddı, bir xeyli qurum aylığı kəsib, bir xeylisi azaldıb, nə versən duracaqlar. O “Meqahəyasız” özü hər şeyi yerbəyer edəcək, narahat olma, sadəcə ona bir az çox görüm-baxım etməlisən.
Qalan bir neçəsini də vecinə almırsan, bir-iki dəfə özləri yazıb, özləri oxuyub, pul vermədiyini görüb, çəkiləcəklər. Amma elə et ki, özlərindən başqa heç kəsin oxumadığı yazını sənin müdiriyyətin də görməsin.
Unutma: Sənin işin, təmsil etdiyin qurum haqqında açıqlamalar vermək, müdiriyyətinlə jurnalistlər arasında körpü yaratmaq, müsahibələr vermək, verdirmək, açıqlamalar yaymaq DEYİL! Sənin başlıca vəzifən, təmsil etdiyin qurumun varlığını belə unutdurmaqdır. Mümkünsə tamamilə yaddan çıxsın. Bax buna deyərəm iş.
Yox, əgər bu mümkün deyilsə, arada bir “press-reliz”lə filan idarə etmək olar. Gördün o da alınmır, dost saytlara de, sənin əvəzinə özləri-özlərindən müsahibə alıb, qoysunlar sayta. Amma sayta qoymamış, sənə də göndərsinlər, bir bax, olmadı elə-oldu belə...
Əziz MK, yəni mətbuat katibi, indi sənin işini çətinləşdirən, mürəkkəbləşdirən və hətta pozan məqamlardan biri sosial media faktorudur. Sosial media zəhrimar, elə bir qılıncdır ki, onun dəstəyindən tutsan sən kimi istəsən kəsəcəksən, yox əgər səhv yerindən yapışmaq istəsən, özün-özünü doğramış olacaqsan. Bu yolda sənə yardım edəcək, sınanmış ən yaxşı üsul, son zamanların kəşfi olan “TD- Trol dəstəsi”di. Bax bu haqda bir az geniş danışaq.
Bu TD-lər də ən az MQ-lər qədər və hətta daha vacib məqam olmaqla yanaşı çox xərc aparan bir quruluşdur. Amma düzgün yanaşma olsa, burada da işlərin xeyli asanlaşar. Gəl səninlə TD - Trol Dəstələrini də təsnifatlaşdıraq. Axı biz sənə yol göstərməkçün bu kitabı yazırıq.
TD-lər bir neçə cür olur. Ümumi TD-lər. Eyni vaxtda bir çox qurumlara trol xidməti göstərən, dəstələrin hər birinin öz başçısı vasitəsi ilə ən böyük TROLBAŞIya bağlı olan bu dəstələr maddi tərəfdən əlverişli olsa da, lazımi anda daha yuxarıdan tapşırılmış başqa işlə məşğul olub, səni pis vəziyyətdə qoya bilərlər. Üstəgəl, hər işdə bir konfidensiallıq var axı. O şərt ki, pozuldu, aləm qarışa bilər.
İkinci növ TD-lər tam professional trollardan təşkil olunmuş, yalnız bir quruma məxsus olan trollardan ibarət dəstədir. Bu ən yaxşı üsuldur, amma ki, bütün keyfiyyətli şeylər kimi, bu da baha çıxır. Müdirin bu qədər pulun xərclənməsinə ya razı olmaz, ya da səndən şübhələnər ki, yeyinti edirsən.
Üçüncü növ TD-lər, qurumdakı heç bir işə yaramayan, kimlərinsə xətrinə işə götürülmüş, səhər gəlib günorta nahara çıxıb, axşam getməkdən başqa bir işi olmayanlardan yaradılmış TD-lərdi. Bax bunlar professional olmasa da, nə qurumun sirrini yayandırlar, nə də bahalıdırlar. Seçim səninkidir, bu qrupların hansından istifadə edirsən et, amma onu bil ki, indiki zamanda trolsuz qurum olmaz!
Bütün bunları qüsursuz etsən belə, bir gün ya zəlzələdən, ya vəlvələdən sizin qurum və ya sənin rəisin gündəmə gələ bilər. Şeytanlar ölmüyüb a, olur da. Villası üzə çıxır, təyyarəsi qəza edir, nəvəsi 220 sürətlə süpürgəçiyə dəyər, saatını döyüb əlindən alarlar və sairə. Bax bu çox pis, fövqəladə haldır. Bu vəziyyətdə ən sınanmış üsul, günahı başqa birinin üstünə atmağa cəhd, bu da alınmasa xalqın fikrini məşğul edəcək daha fərqli bir xəbər ortaya çıxarmaqdır. Sağ olsun bizim xalqımız, bu barədə çox da tələbkar deyil. Məsəl üçün, iki milyonluq saat qalmaqalını, “Maral Tahirqızı öldü” xəbəri gündəmdən sıxışdırıb, küncə qoymuşdu yadınızdadırsa. Bax belə, sən də bu tip, yüngül bir xəbər hazırlatdırıb, öz qurumunu da, rəhbərliyi də pis gözlərdən yayındıra, əvəzində yağlı bir “Afərin” və xeyli də mükafat qazana bilərsən...
Əşşi, bir dayanın e. Dünyanın harasında, kim bu qədər məsləhəti bir qəpiksiz verir, dolanışığın çətin olduğunu şəxsən Ziya Məmmədovun bəyan etdiyi indiki zamanda?
Daha yazdıqlarımı pozmuram, heyfdir. Amma bundan da artığını deyəsi deyiləm. Qısacası, davamı ödənişlidir! Məndən hələlik bu qədər.
Çingiz Özgür



140 dəfə oxunub.

Digər xəbərlər