Saytımızı qiymətləndirin


 
 

Təbiət və gözəllik vurğunu olan incə qəlbli gənc rəssam...
Tarix: 12-02-2021 | Saat: 13:33
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

 2017-ci ildə  Azərbaycan  Dövlət  Rəssamlıq  Akademiyasının Muzey-Sərgi zalında Bayramov Tural Aslan oğlunun “Mənim Səssiz Dünyam” adlı fərdi sərgisi keçirilib.

Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun xüsusi  dəstəyi  və ADRA Muzey-Sərgi Kompleksinin  təşəbbüsü ilə həyata keçirildi.

 

1987-ci ildə  anadan olan  nitq  qüsurlu  gənc  rəssam Tural Bayramov rəssamlıq fəaliyyətinə erkən yaşlarından Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində başlayıb.Turalın sənətə olan marağını görən valideynləri ona bu yolda daima dəstək olub və bunun nəticəsində 2002-ci ildə Əzim Əzimzadə adına Rəngkarlıq fakültəsinə qəbul olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun xüsusi dəstəyi ilə 2010-cu ildə ADRA-nın  Rəngkarlıq fakültəsində təhsilini davam etdirib və akademiyanı müvəffəqiyyətlə bitirib.

Tural Bayramov 2010-cu ildən Azərbaycan Rəssamlıq İttifaqı Gənc Rəssamlar Birliyinin üzvüdür.Gənc rəssam 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümünə həsr olunan “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinin, 20 sentyabr 2014-cü il tarixində Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunan “ART Energy – 20” yarışmasının, 2015-2016-cı il Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisinin, Azərbaycandakı Fransa səfirliyinin təşkil etdiyi “Fransanın Milli Müstəgillik günü”nə həsr olunan sərginin, Rusiya Əməkdaşlığı təşkilatının Azərbaycandakı nümayəndəliyinin 2016-cı ildə təşkil etdiyi “Sərhədsiz incəsənət” sərgisinin, 2016-cı ildə Belçikada keçirilən “Günəşli Azərbaycandan salam” adlı sərgilərinin iştirakçısı və laureatı olub.

 

 

Tural Bayramovun ən son nailiyyətlərindən biri də onun Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssmlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən “Vətən buradan başlayır” sərgi müsabiqəsində I yerə layiq görülməsidir.

Təbiət və gözəllik vurğunu olan incə qəlbli gənc rəssamın yaradıcılığında mənzərə və portret janrı üstünlük təşkil edir. “Bakı gecəsi”, “Bakı bulvarında gəzinti”, “Neft daşları”, “Lənkəranda payız”, “Neftçi düşərgəsi” və s. kimi əsərlərin müəllifi olan gənc rəssamın yaradıcılığında Bakı, Lənkəran və Gədəbəy mənzərələri üstünlük təşkil edir. Həmçinin qeyd etmək istərdik ki, rəssamın portret janrında işlədiyi əsərlərində onun tələbə yoldaşları və yaşlı insanların obrazları təsvir olunub.

Tural Bayramovun yaradıcılığı Rəssamlıq Akademiyasının professor və müəllim heyyəti tərəfindən xüsusi qiymətləndirilir.

 



Xəbəri paylaş

1574 dəfə oxunub.

Digər xəbərlər