Tarix: 12-01-2021 | Saat: 20:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Nazirlər Kabineti ölkənin tikinti sektoru və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunması, korrupsiyaya imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək Qərar qəbul edib.
Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.
Qarabaginfo.az Nazirlər Kabinetinin Tikinti, Şəhərsalma və Kommunal Təsərrüfat məsələləri şöbəsinin müdiri Feyruz Mustafayevin "Qafqazinfo.az"a müsahibəsini təqdim edir.
- NK-nın bu qərarının mahiyyəti nədən ibarətdir və hansı zərurətdən doğur?
- Ölkəmizdə son dövrlərdə iri miqyaslı tikinti-quruculuq işləri aparılıb və bu işlərin nəticəsində şəhərlərimiz daha müasir infrastruktura malik olub. Cənab Prezident İlham Əliyev 2021-ci il 6 yanvar tarixində, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Qarabağımızda həyata keçiriləcək yenidənqurma işləri barədə çıxış etdi və eyni zamanda dövlət xərclərinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Nazirlər Kabinetinin 2021-ci il 9 yanvar tarixli Qərarının da əsas məqsədi məhz tikinti işlərində dövlət vəsaitinin daha effektiv və məqsədyönlü xərclənməsi ilə bağlıdır.
Yeni Qərarda dövlət vəsaiti hesabına tikilən obyektlərin dəyərinin müəyyənləşməsində yeniliklər nəzərdə tutulub. Yəni dövlət tərəfindən yol infrastrukturu, kommunikasiya xətləri, məktəblər, xəstəxanalar, inzibati binalar və digər tikililər inşa olunmadan öncə onların qiymətinin hesablanmasında yeni və daha dəqiq metodika tətbiq olunacaqdır.
- Niyə məhz Türkiyə modelinin tətbiqinə üstünlük verilir?
- Məsələ ilə əlaqədar yaradılmış İşçi qrupu tərəfindən dünya təcrübəsi araşdırıldı və bir çox ölkədə, o cümlədən Türkiyədə istifadə olunan resurs metodunun Azərbaycanda tətbiq olunması üçün Nazirlər Kabinetinin Qərar layihəsi hazırlandı. Yeni resurs metodunun 2021-ci il 1 oktyabr tarixindən tətbiq olunması nəzərdə tutulur və bu zamanadək hazırlıqların görülməsi üçün aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib. Yeni metodikanın tətbiqində Türkiyənin təcrübəsindən geniş istifadə olunacaq, çünki burada smeta-normativ və qiymətqoyma sistemi sadə, anlaşılan və praktikdir.
- Yeni mexanizm şəffaflığı təmin edirmi və ya bürokratik mərhələləri azaldırmı?
- Dövlət vəsaiti hesabına tikilən obyektlərin qiymətləndirilməsində iş və xidmətlərə görə dövlətin təyin etdiyi qiymətlər toplusu elektron informasiya sistemində toplanacaq və ictimaiyyət üçün açıq olacaq. Bu həm də, qeyd etdiyiniz kimi bürokratik mərhələlərin də sayını azaldacaq, eyni zamanda tikinti şirkətlərinin və inşaat materialları istehsalçılarının dövlət satınalmalarında iştirakını asanlaşdıracaq. Yeni metod müasir standartlara uyğun olacağı üçün yerli şirkətlərlə yanaşı xarici şirkətlər də tikinti layihələrində smetaların tərtibi zamanı çətinliklərlə üzləşməyəcəklər.
Bütün bu yenilikləri və avtomatlaşdırılmış məlumat mübadiləsini tətbiq etməkdə məqsədimiz şəhər planlaşdırması və infrastrukturun inkişafı sahəsində 4-cü sənaye inqilabının təqdim etdiyi imkanlardan yararlanmaqdır.
- Bu mexanizm yeniliklərə nə dərəcədə açıqdır?
- Cənab Prezident çıxışlarında qeyd edib ki, 4-cü sənaye inqilabı ilə bağlı ölkəmizdə daha fəal işlərin görülməsinin artıq vaxtı çatıb və bu istiqamətdə müvafiq tapşırıq verib. Bildiyiniz kimi, Dünya İqtisadi Forumunun regional mərkəzi Bakı şəhərinə yaradılacaq və dünyada baş verən yeniliklərin ölkəmizdə tətbiqində bu Mərkəz böyük rol oynayacaq.
Dünya İqtisadi Forumunun qurucusu professor Klaus Şvabın qeyd etdiyi kimi, “bir neçə il öncə xəyal edə bilmədiyimiz xüsusiyyətlərə malik materiallar artıq bazara daxil olmağa başlayıb. Bu materiallar daha yüngül, möhkəm, təkrar istifadə edilə bilən və uyğunlaşa bilən materiallardır. Hazırda, özü-özünü bərpa edə bilən və ya təmizləyən ağıllı materiallar, orijinal formalarına qayıda bilən yaddaşlı metallar, təzyiqi enerjiyə çevirə bilən keramika və kristallar kimi yeni tətbiqi məhsullar mövcuddur.”
Gələcəyin şəhərlərinin “Ağıllı şəhərlər” olacağını nəzərə alaraq, nou-hau (know-how) texnologiyalar əsasında yaradılan inşaat materialları və avadanlıqların dövlətin tikinti layihələrində istifadə oluna bilməsi üçün tikintiyə dair qaydalar mütəmadi təkmilləşməlidir. Nazirlər Kabineti tərəfindən qəbul olunan yeni Qərarla nizamlanacaq işlər bu təkmilləşmənin mühüm hissəsini təşkil edir və proses davam edəcəkdir.
Digər xəbərlər