Azərbaycan Mərkəzi bankı İranın pul vahidinin dəyişməsi ilə əlaqədar məzənnə müəyyənləşdirilməsini dayandırıb.
Qarabaginfo.az xəbər verir ki, avqust ayında parlament denominasiya barədə qərar qəbul edib.
Qərara əsasən, rialdan dörd sıfırın silinməsi və milli valyutanın “tümən” adlandırılması təsdiqlənib. Hər bir yeni tümən 10.000 cari riala bərabər olacaq. Bundan başqa "qeran" yeni kiçik vahid kimi təyin edilib (hər 100 qeran 1 yeni tümənə bərabər olacaq).
Bu plan əskinasların çapına çəkilən xərclərin azaldılması, maliyyə əməliyyatlarının asanlaşdırılması, milli valyutanın etibarlılığının bərpası məqsədi ilə həyata keçirilir.
Ekspertlərin fikrincə, valyutanın islahatı təkbaşına inflyasiyaya nəzarət edə bilməz, lakin bu, milli valyutanın etibarlılığını bərpa etməyə və inflyasiya gözləntilərinə nəzarət etməyə kömək edə bilər. Planın uğurunun əsas amili makroiqtisadi mühitin nisbi sabitliyi və iqtisadiyyatın struktur problemlərinin həllidir.
Xatırladaq ki, hazırda Təbriz şəhərinin valyutadəyişmə məntəqələrində 1 manatın məzənnəsi təxminən 53-56 tümən aralığında dəyişir.