Saytımızı qiymətləndirin


 
 

Moskvadan qatara minib birbaşa Antalyaya gedə biləcəyik - Sergey Markov
Tarix: 08-08-2025 | Saat: 17:48
Bölmə:Karusel / Region | çapa göndər

Moskvadan qatara minib birbaşa Antalyaya gedə biləcəyik - Sergey Markov

 

Bu gün ABŞ-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək görüş regional və beynəlxalq siyasətdə mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi qiymətləndirilir. 

Qarabağ müharibəsindən sonrakı mərhələdə sülh prosesinin taleyini müəyyənləşdirə biləcək bu görüş iki ölkə arasında uzun illər davam edən gərgin münasibətlərin normallaşması istiqamətində atıla biləcək ən mühüm addımlardan birinə çevrilə bilər.

Vaşinqtonun vasitəçiliyi ilə baş tutacaq müzakirələrdən gözləntilər böyükdür. 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Modern.az-a açıqlama verib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında yaxın vaxtlarda razılaşma imzalanması yalnız Ermənistanın Konstitusiyasında konkret dəyişikliyin olması ilə baş verə bilər. Hazırkı görüş isə bu yolda atılacaq mühüm addım ola bilər. 

“Əgər Ermənistan və Azərbaycan arasında belə bir razılaşma imzalansa, bu, əslində “Beynəlxalq Sülh və Rifah Yolu” adlanan yeni dəhlizin yaradılması demək olacaq. Bu yol tamamilə Amerika şirkətləri tərəfindən idarə olunacaq və təhlükəsizliyi ABŞ tərəfindən təmin ediləcək. 

Bu addım regionun geosiyasi vəziyyətini köklü şəkildə dəyişəcək və Rusiyanın maraqlarına ciddi zərbə vuracaq” – deyə Sergey Markov vurğulayıb.

Onun sözlərinə görə, bu, eyni zamanda Azərbaycanın böyük qələbəsi olacaq:

“Azərbaycanın əsas şərtlərindən biri yüklərin Azərbaycan ərazisindən sərbəst və heç bir dövlətin müdaxiləsi olmadan keçməsi də müqavilədən sonra təmin olunacaq. Burada söhbət təkcə yol və ya dəhlizdən deyil, tam təhlükəsizlik təminatlı nəqliyyat xəttindən gedir”.

Markov qeyd edib ki, bu proses Türkiyə üçün də strateji əhəmiyyət daşıyır:

“Yeni dəhliz Türkiyə ilə Azərbaycanı daha sıx birləşdirəcək, türk dünyasının digər üzvləri ilə əlaqəni gücləndirəcək və Azərbaycanı birbaşa olaraq digər türkdilli xalqlara və onların iqtisadiyyatına bağlayacaq”.

O, sonda əlavə edib ki, nəticədə hətta Moskvadan qatara minib birbaşa Antalyada istirahətə getmək kimi imkanlar belə yarana bilər.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər