Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında(AHİK) iki rəhbər şəxs istefa verib.
Qarabaginfo.az Tribunainfo.az-a istinadla xəbər verir ki, AHİK sədrinin müşaviri Orxan Ərəbov və İnsan resursları şöbəsinin müdiri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə təqdim ediblər.
İddialara görə, onların bu qərarı verməsinə səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub. Məlumata əsasən, hər iki şəxs sədrin kollektivlə münasibətlərində etik normaları pozduğunu, idarəçilik üslubunun isə uzun müddətdir narazılıq yaratdığını əsas gətirərək işdən ayrılıb. Onlar belə şəraitdə fəaliyyət göstərməyin mümkünsüz olduğunu bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri Elvin Dəmirli ilə əlaqə saxlanılıb. O, məsələnin araşdırıldığını bildirib:
“Bu elə bir məsələdir ki, anında cavab vermək olmur. Səbrli olun, geri dönüş edəcəyəm. Çünki hər hansı bir hadisə baş verir və biz onu rahatlıqla anında görüb cavab verə bilirik. Amma bu hadisə araşdırılmalı və cavabı müəyyənləşdirilməli mövzudur”.
Qeyd edək ki, bir qədər əvvəl Sahib Məmmədovun özü ilə İqtisadiyyat Nazirliyindən AHİK-ə gətirdiyi, Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş ehtiyatda olan sərhəd xidməti polkovniki Babək Orucov da istefa verib.