Saytımızı qiymətləndirin


 
 

Məşhur filmin unudulmaz qəhrəmanı: 500 qızın arasından seçilən NİNA - FOTOLAR
Tarix: 18-02-2025 | Saat: 17:16
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Məşhur filmin unudulmaz qəhrəmanı: 500 qızın arasından seçilən NİNA - FOTOLAR

Yaşlı və orta nəsildən çox az adam tapılar ki, bu filmə dəfələrlə baxmasın. Uğurlu ssenari və mükəmməl rejissor işi düz 58 ildir ki, “Qafqaz əsiri”ni tamaşaçılarına sevdirir.

Rejissor Leonid Qaydayın “Qafqaz əsiri” filmi bu günə kimi 10 ən yaxşı sovet filmindən biri hesab olunur. 1967-ci ilin aprelin 3-də Moskvanın 53 kinoteatrında eyni anda "Qafqaz əsiri"nin nümayişi keçirilib. Həmin ilin sonuna qədər bu filmi 76,5 milyon insan seyr edib. Film SSRİ tarixində kassa yığımına görə 4-cü yeri tutub.

Modern.az-ın “Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikasında maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.

Bu yazımızda “Qafqaz əsiri”nin Ninasından - aktrisa Natalya Varleydən bəhs edirik.


“Qafqaz əsiri”  filminin maraqlı tarixçəsi var. Deyilənə görə, L.Qaydayın bu komediyasının o zamanların senzurasından keçməyəcəyi gözlənilirmiş. Belə ki, Rusiya Dövlət Kinosunun o zamankı sədri Aleksey Romanov filmin ilk qapalı nümayişindən sonra belə deyib: "Bu antisovet ekran işi yalnız mənim meyitimin üzərindən keçib kinoteatrlara gedə bilər". O, hətta filmdə cərəyan edən hadisələri, sovet adamının ələ salınmasını “siyasi xuliqanlıq” adlandırıb.

Sovet ideologiyasının ən güclü vaxtlarında “qonşu rayonda bəy partiya üzvünü qaçırıb” kimi ifadəyə görə ən ağır cəzaya da məhkum olmaq mümkün idi.

Filmdəki “Təcrübəli” (Morqunov), “Kütbeyin” (Nikulin) və “Qorxaq” (Vitsin) obrazlarının gülməli davranışları, raykomxozun müdiri Saaxovun ələ salınması Rusiya Dövlət Kinosunun sədrini özündən çıxarıbmış.

Hikkəli Romanovun israrı ilə filmin taleyi bazar ertəsi Rusiya Dovlət Kinosunun iclasında rəsmən həll olunmalıymış. Yəni “Qafqaz əsiri” arxivə gömülməliymiş. Bunu bilən Leonid Qaydayın bəzi tanışları da ondan yan gəzməyə başlayıblarmış.

Lakin heç kəsin gözlədiyi bir hadisə baş verir və “Qafqaz əsiri”nin ekranlara çıxmasına yol açılır.

Belə ki, cümə günü axşam Dövlət Kinosunun binasında yalnız növbətçi qalan zaman SSRİ-nin o vaxtkı rəhbəri Leonid İliç Brejnevin köməkçisi ora zəng vurur.

Köməkçisi növbətçidən Brejnevin bazar günü bağda baxması üçün "nəsə təzə bir şey" göndərməsini istəyir. Gecə nöbəsindən əvvəl istirahət etmiş növbətçi baş verənlərdən xəbərsiz olduğuna görə, ictimaiyyətin hələ görmədiyi “Qafqaz əsiri” komediyasını götürüb Brejnevin bağına göndərir.
 
Filmə baxarkən gözləri yaşarancaya qədər gülən Leonid Brejnev “Qafqaz əsiri” bitəndən dərhal sonra Rusiya Dovlət Kinosunun sədri Romanova zəng edərək, onu gözəl iş münasibətilə təbrik edir.

Ertəsi gün Romanov gülərüzlə filmin yaradıcı heyətinə “çox sağ ol” deyir və “Qafqaz əsiri”nin ən yüksək icarə kateqoriyasına layiq görüldüyünü bildirir.
 
Filmə bağlı maraqlı hadisələrdən biri də Nina roluna çəkilmək üçün aktrisanın seçilməsi olub. Rejissor L.Qayday 500 namizədin arasından çox çətinliklə heç vaxt kinoya çəkilməyən Nataliya Varleyi “kəşf edib”. Sirkdə çalışan bu gənc qız rejissorun etimadını doğruldub.

Filmin uğurlu alınması üçün Qayday öz mükafatını da “təsis” edib. Çəkiliş zamanı aktyorlar ssenaridən kənar öz fantaziyalarından istifadə edib filmə uğur gətirə biləcək hər hərəkətə görə şampan şərabı ilə mükafatlandırılıb. Bu baxımdan daha çox Nikulinin bəxti gətirib. O, rejissorun “arsenal”ından 24 şüşə şampan şərabını əldə etməyə müyəssər olub.


Üç qəhrəmanın – Morqunov, Nikulin və Vitsinin pivə içmək epizodu da rejissora problemlər yaşadıb. Vitsin heç vaxt pivə içmədiyindən çəkilişdə də bu içkini içməkdən imtina edib. Pivənin əvəzinə itburnu bitkisindən dəmləmə düzəldiblər. Rəngini uyğunlaşdırsalar da, bu maye köpüklü olmadığından işə yaramayıb. Qərara gəliblər ki, həmin mayenin üzərinə pambıq qoysunlar. Bu dəfə də Vitsin belə qeyri-adi “pivə”ni içməkdən imtina edib. Uzun-uzadı mübahisələrdən sonra Vitsinin inadkarlığını ram edib, ona əsl köpüklü pivəni içirtməyə nail olublar.

Qəhrəmanlara peyvəndlərin vurulması səhnəsində rejissor Morqunovun kaprizləri ilə qarşılaşıb. Morqunovun ayaqlarının arasına yastıq qoyulub ki, iynə ora vurulsun. Tərəddüd keçirən Morqunov tam ciddi şəkildə “həkimlər”ə xəbərdarlıq edib: “Baxın ha, birdən səhvə yol verərsiniz...”.

Nina rolunu oynayan Natalya Varley “Qafqaz əsiri" kimi şedevrin hazırda sağ qalan yeganə əsas qəhrəmanıdır. Filmin digər əsas qəhrəmanları isə həyatdan köçüblər.

Natalya Varley “Qafqaz əsiri” filmində Nina roluna çəkilməyini belə xatırlayır:

“Nina roluna o zaman populyar olan xeyli aktrisa iddialı idi. Rejissor Leonid Qayday sınaq üçün 500-dək qız dəvət etmişdi. Mənimlə bağlı bir yoxlama səhnəsi çəkildi. Rejissor qəfildən məndən soruşdu: “Nadya,  əynindəki paltarları soyuna bilərsən, utanmırsan?”. Mən “yox, bu dəqiqə”, -deyib üst paltarımı çıxardım. Hamı heyrətlə və təəccüblə “a-a-a!!!!” deyib bir-birlərinə baxdılar. Sovet dövrü üçün belə addım atmaq ağılasığmaz idi. Mənim üçünsə çimərlik geyimi sirk nömrələrində adi hal idi. Odur ki, qeyri-adi heç nə hiss eləmədim. Qayday görünür bundan sonra Nina obrazını mənə verəcəyini qətiləşdirdi”.

Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti də rejissoru məhz onu seçməyə vadar etmişdi.

"Qafqaz əsiri" filmi onun bütün SSRİ-də tanınmasına səbəb oldu. Həmin filmdə Natalya əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolunu elə məharətlə oynadı ki, o, inanılmaz məşhurluq qazandı.

Natalya Varley 22 iyun 1947-ci ildə Rumıniyanın Konstansa şəhərində anadan olub. Uşaqlığını Murmanskda keçirib.

Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar musiqi məktəbinə daxil olub. Uşaq vaxtlarında onda revmokardit xəstəliyi aşkar olunub. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilib.


1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçüb.

Bir gün anası Natalyanı sirkə aparır. O, kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün valideynlərindən gizlin olaraq göstərilən ünvana gedir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər.
Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin truppasına qoşulur. Orada ekvilibrist (sirk-akrobatika sənətində müvazinət saxlamaq ustalığı) kimi çalışmağa başlayır.

Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışıb. Sonralar teatr məktəbini bitirən Natalya 1971-1978-ci illərdə Stanislavski adına Moskva dram teatrının aktrisası olub.

O, üç dəfə rəsmi nikahda olub.

İlk əri aktyor Nikolay Burlyaev ilə cəmi 1 il (1967-1968) yaşayıb.

1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurub. Bu izdivacdan onların Vasili adlı oğulları dünyaya gəlib.
1978-ci ildə onlar boşanıblar. Boşanmaya səbəb Vladimir Tixonovun narkotik maddələrdən istifadə etməsi olub.

Natalya 1984-cü ildə A. M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub.

1985-ci ildə Natalya Varleyin ikinci oğlu Aleksandr dünyaya gəlib. Maraqlıdır ki, aktrisa bu günə kimi ikinci oğlunun atasının adını açıqlamayıb.


Natalya Varley oğlu Alarksandrla birgə...

Aktrisanın üçüncü əri Vladimir adlı iş adamı olub.

Aktrisanın hər iki oğlu kino sahəsi üzrə ali təhsil alıblar, onun nəvələri də var.

Amma Natalya Varley hazırda Moskvadakı ikiotaqlı mənzilində tək yaşayır. Eyni zamanda, bir vaxtlar anası üçün aldığı paytaxtdan 40 kilometr aralıda yerləşən bağ evində də çox vaxt keçirir.

Natalya Varley vaxtilə müxtəlif telakanallarda aparıcılıq da edib. O, 1998-ci ildə RTR-də “Ev ocağı” verilişinin aparıcısı olub.

1999-cu ildə RTR-də "Məişət problemləri" verilişinə aparıcılıq edib. 2014-cü ildə Birinci Kanalda televiziya layihələrindən birinin aparıcısı olub.

O, 2010-cu ildən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının üzvüdür.

50-dan çox filmə, 10-larla tamaşaya çəkilən aktrisa Rusiyanın “Əməkdar artisti” fəxri adına layiq görülüb.

Aktrisa ara-sıra yaradıcılıq gecələrində, bəzi layihələrdə çıxış edir.

Son illər isə o, nadir hallarda televiziyada və ya ictimai tədbirlərdə görünür. Aktrisa filmlərdə və seriallarda rol seçiminə də ciddi yanaşır. O, sonuncu dəfə 2022-ci ildə bir seriala çəkilib.

“Elə sənətçilər var ki, harada çəkildiyinə əhəmiyyət vermir, əsas odur ki, ekrana çıxsın. Mənim isə fərqli mövqeyim var, seçim edirəm”, - Varley Rusiya mətbuatına deyib.

“Sarı mətbuata və vicdansız nəşrlərə qarşı mübarizə aparmağa gücüm yoxdur. Bu, çox emosiya tələb edir və çox ağrıya səbəb olur. Və qərara gəldim ki, bir dəfə oturub hər şeyi olduğu kimi yazmalıyam. Təbii ki, mənim həyatımın və ruhumun bütün bucaqları örtülmür", deyə o, özü haqqında yazdığı kitabdan bəhs edib.

Bu il iyunun 22-də sovet kino ulduzu Natalya Varleyin 78 yaşı tamam olacaq. Aktrisa hələ də gözlliyi və təravətini itirməyib...


Aktrisanın gənclik dövrü və bügünkü halı...

Ə.Qafarlı

modern.az



Xəbəri paylaş

71 dəfə oxunub.

Digər xəbərlər