Tarix: 26-12-2024 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan ərazisində Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qarabaginfo.az xəbər verir ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, qatarlar fit veriblər.
Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Xatırladaq ki, bu gün Azərbaycanda matəmdir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.
Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.(Apa)
Digər xəbərlər